KİTABI SEVƏK Kİ, ONU SEVDİRƏK!

Etibar ƏLİYEV

fəlsəfə doktoru, millət vəkili

Dünya kitabsevərləri gününə ithaf olunur

Kitab yaddaşdır...Yeniyetmə və gənc yaşlarımızda oxuduqlarımız kitabları indi də xatırlayırıq. Oxumaq növbəsi yaradırdıq. Tələsdirirdik bir-birimizi. Tələbə vaxtı mən kitab növbələrinə rast gəlirdim. Elə həmin illərdə bir neçə seriyadan çıxan kitabları toplayırdım. Onlardan biri də “Kimya və həyat” seriyası idi.

Həmin seriyadan olan kitablardan qeydlər aparırdıq. Qeydlərimdən birindən özümün də xoşum gəldi. Yazdığım məqalə üçün göydəndüşmə oldu.

Böyük Amerika yazıçısı Ayzek Azimovun 1989-cu ildə IBM üzrə mütəxəssislərin Konfransında günümüzlə səsləşən məşhur çıxışından: “Mən çalışacağam ki, ideal informasiya - axtarış sistemini təsvir edim. Bundan hamı, hətta bunun haqqında informasiyası olmayan şəxslər də istifadə edə biləcəklər. Bu portativdir və onu özümüzlə gəzdirmək mümkün olacaq. Onun üçün kənardan heç bir qidalandırıcı vasitə tələb olunmayacaq. Onun daşıdığı informasiya hətta onu şəbəkədən ayırsan belə əbədi olaraq qalacaq.”

Aauditoriya təəcüb içində idi. Böyük yazıçı dərindən nəfəsini dərib davam etdi: “Yəqin ki, siz anladınız : söhbət əlbəttə ki, sadəcə kitabdan gedir. ”

Qədim müdriklərdən tutmuş müasir yazıçıların əsərləri bizə kitab vasitəsilə gəlib çatıb. Kitab bütün dövrlərin bilik mənbəyi olub və İnformasiya Kommunikasiya texnologiyalarının bizə təklif etdiyi elektron vəsaitlər də kitabı sıradan çıxara bilmədi.

Böyük filosof və yazıçı Umberto Ekonun “Ədəbiyyat haqqında” əsərində kitab və kitabxana haqqında fikirləri geniş yer alıb: “Rable və Servantesin kitaxanasında saxlanılan kitabların adlarını sadalaya bilərik. Ona görə ki, bu kitabxanalar tamamlanmış kitabxanalardır. Ancaq biz böyük Borxesin kitabxanasından heç bir sərlövhənin adını çəkə bilmərik, ona görə ki, onun kitablarının sayı sonsuzdur. Buna görə də onların məzmunundan çox, kitabxananın quruluşu daha maraqlıdır”.

Azərbaycanda da tamamlanmamış, sonsuz kitabxana sahibləri olan yazıçı və alimlərimiz olub. Ancaq biz onlardan məlumatsız qaldıq. Kitab özü ilə iki məşhur obraz yaradıb: Bibliofil və bibliomaniya.

Biblifil- kitabın məzmununa baxmadan kitabı sevir. Əlbəttə ki, elə bibliofillər var ki, kitabları tematika üzrə toplayır, hətta onları oxuyurlar. Kitab oxumağı sevənlər və alimlər çox vaxt oxuduqları kitablarda onların marağını cəlb edən fikirlərin altından xətt çəkir, yaxud onları işarələyirlər. Belə kitablar başqalarının əlinə düşəndə özündən əvvəlki oxucunun zövqünə bələd olur. Mən kitabxanasını satan bir alimin kitablarının bir neçəsində bu işarələmələri və qeydləri görmüşəm.

Bibliofillə biblioamaniyanın fərqi nədədir? Onların fərqini anlamaq üçün dünyanın ən nadir kitabı ilə bağlı əhvalata nəzər yetirək. Fərz edək ki, bu Qutenberqin Bibliyasıdır. Bunun axırıncı nüsxəsini 1987-ci ildə bir yapon 7 milyard lirə almışdır. Biblioman bu kitabı sirrli şəkildə saxlayacaq onu heç kimə göstərməyəcək, təklikdə götürüb vərəqləyəcək və özünü xoşbəxt hiss edəcək. Bibliofil isə istəyəyir ki, onun kitabxanasını çox adam görsün.

Kitabxana anlayışı olmayan, lakin kitabxanlara böyük töhfələr verən kitab cildləyənin dünya mədəniyyətinə verdiyi töhfə: Tanınmış fransız romançısı, tarixçi və ssenaristi Jan-Klod Karyerlə böyük italyan filosofu və yazıçısı Umberto Ekonun “Kitabdan yayınmağa cəhd etməyin” adlanan çox maraqlı dialoqu baş tutub.

Klod Karyer deyir: “Mənim atamın həyat yoldaşı Naxal İran alimi olub. Onun əsərlərinin biri X əsrdə Bağdadda yaşayan Əl-Nadim haqqındadır. Bilirsiniz ki, kitabcildləmə İranda icad olunub. Bu cür cildlər səhifələri tam örtür və onları qoruyurdu. Zəmanəsinin oxumuş adamlarından biri, həm də kalliqrafiyanı gözəl bilən Əl-Nadim ona cildləmə üçün verilən kitabları həm də oxuyur və konspektləşdirirmiş. İndiki zamanda ona verilən kitabların böyük əksəriyyəti it-bata düşüb. Bizə qalan isə onun konspektləri və kataloqlarıdır. Bunlar isə cildlənın kitablar haqqında müfəssəl məlumat verir”.

Bizim dövrümüzdə kitab haqqında danışanda ona mükəmməl sevgi və diqqəti ifadə edən bu tarixi hekayəni xatırlatmaq yerinə düşür. Latında Homo Legens-“Oxuyan İnsan” mənasını verən bu anlayışın yaranma tarixi bilinmir. Amma Əl-Nadim əsl “Homo Legens” imiş.

İndi şəxsi kitabxanalarının kəmiyyəti və keyfiyyəti ilə müqayisə aparanların sayı çox azdır. Hətta əlində kitab olan adama elə də yaxşı baxmırlar. Böyük şəhərlərdə “Bukinist” mağazaları demək olar ki, yoxdur. Kitab Passajı, Kitab evi, Siyasi ədəbiyyat, Bədii ədəbiyyat, Texniki və təbiət elmləri kitab mağazalarının mövcudluğunu bir necə nəfər xatırlaya bilər.

Bizim nəsil kitabı unutmaq yolunu tutub, lakin buna baxmayaraq uşaqlara və gənclərə kitabı təlqin etmək lazımdır. Ancaq necə? Gərək kitabdan baş çıxaraq ki, təlqin edək! Kitabı sevək ki, onu sevdirək!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar