MİRZƏLƏR VƏ MUZDURLAR

Xalid NİYAZOV

Bəxtəvər başımıza, görəcək günlərimiz varmış! Lap elə bir “suyu” “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəlinə çəkdi.

Bəlkə də toxunmazdım bu mətləbə ... misalların sayı münbit torpağa düşmüş qanqal toxumu kimi həyasız şövqlə törəyib artmasa idi. Deməli, “FB”də statuslardan birinə şərh yazmışdım. Qəbul edirəm; mənimçün obyektiv olan, kimlərəsə subyektiv görünə bilər. Yalnız bu qədəri… artıq yox!

Birisisə ağlınca mənə mız qoymuşdu; yazmışdı ki, bəy, siz iqtidardasız, yoxsa müxalifətdə?!

Bəli, rəsmən beləcə də yazmışdı. Mənə!

Görünəni bu idi ki, əvvəla, adamın “dövlət”, “hakimiyyət”, “iqtidar”, “müxalif” və “müxalifət” anlayışlarının politoloji interpretasiyasında savad problemi vardı.

Üstəlik, bəndəniz heç bir vaxt iqtidar adamı olmadı. Dövlətçi oldu, dövlətinin yanında oldu, dövlət başçısının ideoloji əsgərliyini yapdı. Bu qədəri!

Digər yandan, bu keçmişi jurnalist, indisi apologet olan adam siftədən hər hansı iqtidar mövqeli, hakimiyyət yanlı, dövlətçi zehniyyətli biri olsa idi, yenə dərd yarı idi... zamanında bu dövləti də, onun xilaskar lideri Heydər Əliyevi də, lap elə indiki prezidenti də ən yaramaz, yaraşmaz, ağır, latayır ifadələrlə, ləyaqətsizcəsinə təhqir edən, daha doğrusu, edənlərdən birisi idi. Bəli, sonralar səhvini “etiraf” etdi, imzasını dandı, yola gəldi, “haqqın” sözlə deyil də maddiyyatla bağlı bir nəsnə olduğunu anladı ... bir çoxları kimi!

Özü də maraqlısı bilirsinizmi nədir? Belələri vaxtilə eyni səfdə durduqlarına, təhqir və söyüş “yaradıcılığının pünhan sirlərinə” eyni “parta” arxasında vaqif olduqlarına qarşı deyil, zamanında bunlarla qarşı “ideoloji” səngərləri bölüşmüş adamlara münasibətdə bir xeyli hirsli, kinli, radikaldırlar. Lətifəsi bunlardan iraq, eynən, köpək tanımadığı birinə ağzındakı sümüyün potensial şəriki kimi baxıb hürdüyü kimi!

Elə bil yemişik, onlara qalmayıb. Bakılılar demiş, əttövbə! İçiniz rahat olsun! Ölkə başçısının səxavətinə də, mərhəmətinə də, vaxt-bivaxt löyün-löyün təltiflərinə də, sizlər layiq görülürsünüz.

Bu gün belələri çoxdur ətrafımızda. Mətbuatın total şirnikləndirilməsi siyasətinə start veriləndən bəri kütləvi “çönmə”, yaxud bir ayrı leksemlə transformasiya prosesi də vüsət aldı. İndi hamısı “Papadan artıq katolik”ə çevrilib. Bir tanıdığım vardı, gündə “acqarına” bəlkə yüz dəfə iqtidarın “mitilinə çəkirdi”. Sonra? Sonrası yaxşı oldu... deputat təyin elədilər, altına vəzifə kreslosu itələdilər və adam 180 dərəcə dəyişdi. Hətta o mərtəbədə ki, bunun “mühazirələrindən” sonra qaynanası belə avtobusda hakimiyyətin dalınca danışan bir arvadı boğazlayıbmış.

Dünənədək qucaqlarında bu dövlətin təməlinə barıt çəlləyi daşıyanlar, fitilinə kibrit uzadanlar, iqtidarın arxasınca hədyan yağdıranlar...!

Bu günsə əbədi məhəbbət və itaət nəğməsi oxuyanlar, mücahid əbasında zühur edənlər və heç şübhəsiz, kimlərinsə bəsləyib hakimiyyətin yaxasına saldığı potensial “brutlar”!

Yaxın keçmişdə ağız ləzzəti ilə söyüb təhqir etdikləri hakimiyyəti bu gün “mədə” gərəyi müdafiə etməkdədirlər.

Bu amplualarında qayət gülünc və iyrənc görünürlər. Və tək onlarmı?

Bəs onları bu yola təhrik edənlər?! Stimullaşdıranlar?!

* * *

Hərdən mətbuatda əxlaqdan danışırıq. Varmı, yoxmu? Azdır ya çoxdur?

Kim deyir ki, cəmiyyətin aynasının əxlaqı cəmiyyətin öz əxlaqından əlahiddə dəyərləndirilə bilər?!

Bir şey ki, cəmiyyətdən gəlir, orada təmiz, xalis, xas nəsə axtarmağına dəyməz.

Və bu cəmiyyət halalnan haramın, etibarnan xəyanətin, məhəbbətnən nifrətin ... yerini çox vaxt və çoxdandı səhv salır.

Əxlaq o vaxt yaralanır ki, nağıllardakı kimi ət atın, ot itin qabağına qoyulur.

Dəvənin ovsarı ulağın noxtasına hörüklənir.

Həmin o nağılları düzüb-qoşan da bizik, min bir nadürüstlüyün vəbalına girən də.

Vaxtilə adını müxalifət yazarı qoyanlar dövlətçilik mövqeyində duran jurnalistləri, iqtidar qəzetlərindəki opponentlərini kinayə ilə “mirzə” adlandırırdılar.

Bu gün bəy qapısında tər tökən muzdura çevrildiklərinin fərqindədirlərmi?!

Sizcə, bu ictimaiyyət, düşünən camiə, hətta hakimiyyətin özü belə bu mədhiyyələrin, gözəlləmələrin, şit sevgi və itaət etiraflarının səmimiyyətinə inanırmı? Bu qədərmi sadəlöhvdür?

Görəsən, ölkənin ideoloji təbliğat dizaynını cizənlərin bu cür ikrah doğuran, idbar və rəzil siyasət nəyinə gərəkdir?!

Əslində, bu, olmayan ideoloji siyasətin fəsadlarıdır.

Siftədən, kündəsindən himi düz qoyulmamış informasiya siyasətinin, media-cəmiyyət-vətəndaş münasibətlərinin nataraz təzahürüdür.

Bu barədə düşünməyəkmi?...

* * *

Məhz həmin muzdurlardır zamanında oliqarx-məmurların əlindən çörək yeyib vurulandan dərhal sonra dalınca şəbədə qoşanlar. Zatən, ilk imkandaca ağalarının kürəyinə xəncər saplamaq plebeylərin əflatuni arzusudur.

Vaxtilə küçələrdə şir kimi nərə çəkən “azadlıq aşiqləri”nin toqqalarının altı bərkiyəndən sonra bəzi məmurların mey-kabab süfrəsinin məstan pişiyinə, maraqlarının əli klaviaturalı “teloxranitel”inə çevrilməsi prosesi miskin, iyrənc olduğu qədər də ibrətamizdir.

Son 10-15 ilədək məmləkətdə kimlərin əsil jurnalist sayıldığı ilə bağlı bir fikriniz varmı? Kim ki, bu dövləti, dövlət başçısını eninə-uzununa təhqir edirdi, qarğış yağdırırdı, söyürdü – onlar!

İndi “tükü ipək”, tumarlı, xumarlı, yazdıqlarının hər “misrasına” görə ən yüksək “qonorar” alan “saray şairləri”nə çevriliblər. Üzdə görünəni budur, mahiyyətcəsə yenə də muzdurdular ki, muzdur!

Yaxın günlərədək Əli Həsənovun iştirak etdiyi məclislərdə ona yaxın olmaq üçün az qala “çəngəl-bıçağı”, ofisiantları belə qısqananlar adam ayağını Prezident Administrasiyasından dışarı qoyar-qoymaz arxasınca palaz-palaz yazılar verməyə başladılar.

Hansının cınqırı çıxdı ki, yox, o kişi bu mətbuat üçün az iş görməyib, indiyədək yüz minlərlə, milyonla pulunu həzm-rabedən keçirdiyimiz (elə bu gün də - !) “Fond” məsələsini ortaya atıb, jurnalistlərə ev tikmək ideyasını irəli sürüb?!

Heç birinin! Çünki ... çünkisini yazmayım, ağır olar.

* * *

Ən pisi nədir?

Bu gün yanlış media siyasəti (əslində olmayan - !), bu seqmentdəki təsərrüfatsızlıq, “çörəyin çörəkçiyə deyil” də media, informasiya siyasəti barədə elementar anlayışı belə olmayan qeyri-peşəkarlara etibar edilməsi və s. yaxın zamanlaradək ölkə rəhbərliyinin fəaliyyətini təqdir və təbliğ edən yazarları da incik salıb uzaqlaşdırmaqdadır. Məhz haqqına girdikləri adamların timsalında böyük bir narazılar, sosial indifferentlər, loyallar təbəqəsinin yaranmasına rəvac verdiklərinin isə hələlik heç fərqində də deyillər. Və əgər belə bir turşməzə durum onlar üçün əhəmiyyət kəsb etmirsə, xub, bizimçün heç problem deyil. Bizlər, zatən, dövlətin ağır günlərində – 1993-də, 1994-də, 1995-də, 2003 və 2005-də yanında olmuşuq və Heydər Əliyevin qurduğu dövlətin yanında olmağa həmişə davam edəcəyik.

Minnətsiz, təmənnasız, qarşılıqsız!

Bəs ağıllarınca “bostanımıza daş atanlar” o illərdə harada olduqlarını, nələr yazdıqlarını söyləyə bilərlərmi? Cəsarətləri çatarmı? Bircə cümlə!

Ona görə bu gün bəziləri Əli İnsanovu sinirə bilmirlər ki, yaşı 70-i keçmiş ixtiyarın həbsdə ikən sinə gərdiklərinə o vaxt 30-dan bir qədər artıq yaşı olanlar tab gətirmədilər. Məlum, bəzilərini müasir Belarus demokratiyasının fenomeni Svetlana Tixanovskaya kimi ailə-uşağı ilə sındırdılar, əydilər...

Bəzilərisə “haqqın yolu”na öz xoşları ilə ayaq qoydular, söz mütrüfünə, əqidə möhtəkirinə çevrildilər.

Demə, bunlarınkı ideya, məfkurə, prinsip, qədir deyil də, sadəcə, qarın davası imiş. Vəssalam!

Bu mənada hətta deyərdim ki, biz “mirzələr” hardasa bir az xoşbəxtik də. Opponentlərimizdən fərqli olaraq bu gün hakimiyyətin müəyyən yanlış addımlarını cəsarətlə tənqid etməkdə azadıq.

Çünki üzümüzə bağlana biləcək qapı, çömçəmizə qapana biləcək qazan, əlimizi havada asılı qoya biləcək bilək yoxdur. Zatən, olmayıb da!

Çünki bu dövlətə qarnımızla, mədəmizlə deyil, qanımızla, canımızla, əqidəmizlə bağlı olduq.

Çünki zavallı “qələm yoldaşlarımızdan” fərqli olaraq hər sabah hansısa yazıya görə “payok”umuzun kəsiləcəyi əndişəsi ilə oyanmadıq.

Yazdıqlarımızın hər sətrinə, cümləsinə nöqtə-vergülünədək məsuluq; bunun özü xoşbəxtlik deyilmi?

Bizim yazdıqlarımızın yüzdə birini yazmamısınız və yaza da bilməzsiniz! Çünki böyük Nizami demişkən, artıq “bir özgə əldədir məharın”ız. Bir balaca başınızı qaldırdınızmı, ianə kəsiləcək, “konvert”lər yığışdırılacaq.

Dünən tərif, bu günsə “nəsə birtəhər” yazdığımıza eyham vuranlar kimi səksəkəli yaşamamağın özü bir insanlıq, vətəndaşlıq, jurnalistlik, nəhayət, kişilik məmnuniyyəti deyilmi?!

Hər bir insanın gicgahının iç hissəsində bir “memory card”ı var. O heç nəyi unutmur!

Hər bir insanın öz “Google”u var. Yazdıqlarının hamısının “link”i orada həkk olunub... qaça bilməzsən!

Biz “qədir ağacı”nın kölgəsinə sığınmadıq. İnandığımızı yazdıq, doğru bildiyimizi söylədik və utanmadıq!

Zira, yaltaqlıq, riyakarlıq simaca ən göyçək adamı belə çirkin və idbar yapar.

Lakin etiraf da edirəm ki, sərt həyat gerçəkliyi deyilən bir həqiqət də var; göstərir ki, cəmiyyətdə bir yerlər tutmaq üçün dövlətə yaramaq deyil, kimlərəsə yarınmaq lazımmış. Trend budur! Tələb budur!

Biz ola bilmədik! Meydanı sizlərə buraxdıq!

* * *

Sonda ...

O gün istedadlı qələm yoldaşım Aydın Canın Kəramət Böyükçölə həsr elədiyi yazını oxudum. Heyrətlənirdi:

- Heydər Əliyevə peyğəmbər deyən adam Elçibəyi necə eyni şövqlə tərifləyə bilər ki?

Aydının heyrətinə mən də bir ayrı cür heyrətlənirəm:

- Canım Aydın, məgər Kəramət də bu cəmiyyətdən biri deyilmi, yaşamır, görmür?!

Məgər dünən Ramiz Mehdiyevin ayaqqabısının tozunu qalstuku ilə təmizləməyə tanrı lütfü kimi baxanların bu gün kaftar sürüsü tək üstünə ayaq aldığını görmür?

Ən azından “Ulduz” filmini izləyibdir, yəqin!

Dodağınız qaçsın və söhbətimizə nöqtəmi, yaxud “nidamı” qoymağın məqamını siz müəyyənləşdirin deyə, həmin filmdən kolxoz sədri Qədirlə Bayram kişinin arasındakı məşhur dialoqu təqdim edirəm:

Qədir:

- Aktivi yığ, onu da çağır. Nədir o, eee... qoca atası da var, eee!

Bayram:

- Əliş kişini deyirsən?

Qədir:

- Əliş?! Əliş kimdir?

Bayram:

- Bəs qızına elçi göndərəndə Əlişə atam deyirdin?

Tak çto, Aydın Can, biz çirkin presedentlər məmləkətində yaşayırıq.

* * *

... Və bir də ... bizlərə “mirzə” deyən “muzdur”lara!

Azərbaycan dilinin izahlı lüğətində “mirzə” kəlməsinin üç mənası göstərilib: 1) Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; 2) Savadlı adam; 3) Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam!

...Vaxt tapanda dəftər-kitab oxuyun, bari!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar