Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov ölkə prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

Partiyanın mətbuat xidmətindən Media Forum-a verilən məlumata görə, Hacıbaba Əzimov məktubunda 18 Oktyabr Dövlət Müstəqilliyi Günü bayramının qeyri-iş günü statusunun bərpa olunmasını istəyib.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini, həmin vaxtdan 18 oktyabrın müstəqillik günü kimi dövlət bayramı statusu aldığını, qeyri-iş günü olduğunu xatırladan Hacıbaba Əzimov daha sonra qeyd edib ki, 2006-cı ildə Milli Məclis Dövlət Müstəqilliyi Gününün və bu günlə bağlı olan Milli Dirçəliş Gününün, Konstitusiya Gününün iş günü olmasına, bununla əlaqədar Əmək Məcəlləsinə dəyişiklik edilməsinə qərar verib. Hacıbaba Əzimov öz məktubunda bunu dövlətçilik prinsipinə zidd, anti-konstitusion qərar kimi qiymətləndirib və qeyd edib ki, həmin qərarla faktiki olaraq bu bayramların dövlət səviyyəsində keçirilməsinin qarşısı alınıb: “Həmin vaxta qədər xarici ölkələrin dövlət başçıları hər il ölkə rəhbərliyinə məktublar göndərib müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edirdilər. Lakin göstərilən antimilli qərardan sonra bunun da qarşısı alındı. Halbuki müstəqillik günü dünyanın bütün ölkələrində, o cümlədən post-sovet ölkələrində əsas dövlət bayramıdır. Bəzi ölkələrdə isə (məsələn, Ukraynada, Türkmənistanda) müstəqillik günü münasibətilə bir neçə gün, hətta bir həftə qeyri-iş günü olaraq dövlət səviyyəsində geniş və təntənəli bayram tədbirləri keçirilir”.

Partiya sədri məktubunda daha sonra bildirib ki, Azərbaycanda hətta bəzi peşə bayramları da təntənəli şəkildə qeyd olunur, ancaq Dövlət Müstəqilliyi Günü dövlət səviyyəsində layiqincə keçirilmir.

Açıq məktubunun sonunda Hacıbaba Əzimov prezident İlham Əliyevi 18 Oktyabr Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü statusunun bərpa edilməsi ilə bağlı Milli Məclisə təklif verməyə və bu bayramın dövlət səviyyəsində geniş, təntənəli şəkildə keçirilməsi üçün zəruri tədbirlər görməyə çağırıb.