Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, Avropada Ebola virusuna yeni yoluxmaların olması qaçılmazdır.
Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Jujanna Yakab (Zsuzsanna Jakab) rəsmi bəyanatında bildirib. Buna baxmayaraq, Jujanna Yakab Qərbi Avropa ölkələrinin Ebola virusuna qarşı ən hazır ölkələrdən olduğunu da deyib.
Bu arada, "Independent" qəzeti yazır ki, amerikalı alimləri Ebola virusunun Fransa və Böyük Britaniyada yaxın bir neçə həftə ərzində yayılacağını proqnozlaşdırırlar. Onlar xəstəliyin yayılma marşrutlarını və hava yollarından sərnişin hərəkətlərini təhlil edərək belə nəticəyə gəliblər ki, oktyabrın 24-də virusun Fransaya yayılması ehtimalı 75%, Böyük Britaniyada isə 50% təşkil edir. Həmçinin, alimlər deyiblər ki, Ebolanın yayılması ən çox İspaniya, Belçika və İsveçrədə ehtimal olunur.
Xatırladaq ki, daha öncə İspaniyada bir tibb bacısı Ebola virusuna yoluxmuşdu. Bu, Avropada və ümumiyyətlə Afrika xaricində ilk yoluxma halıdır. Həmçinin, "Reuters" agentliyi bildirib ki, tibb bacısından sonra daha 4 nəfər xəstəlikdən şübhələnərək xəstəxanaya yerləşdiriliblər.
Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 7178 nəfər virusa yoluxub. Virusdan ölənlərin sayı isə 3338-dir.
Yüksək ölüm həddinin səbəbi odur ki, virus ilk növbədə ilkin immunitetə görə cavabdeh hüceyrələrə hücum edir. İlkin immunitet hüceyrələri orqanizmə xaric cismlərin daxil olmasını taparaq müdafiə reaksiyasına təkan verirlər. Onları sıradan çıxardıqdan sonra Ebola bütün orqanizmdə əngəlsiz yayılmağa başlayır.


Şərhlər