HANSI ÜZLƏ PREZİDENTDƏN ƏFV DİLƏDİN?!

Seymur VERDİZADƏ

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ölkə Prezidentinə müraciət edərək əfv diləyib. Əslində, analoji addım məhkəmə qərarından sonra atılmalıydı. Yoldaş Hacıyev məhkəmənin onu məhkum edəcəyini hardan bilir? Əgər özünə arxayınsansa, niyə hakim qarşısına çıxıb, günahsız olduğunu sübut etmirsən?

İstər Vilyam Hacıyev, istərsə də hazırda DTX-nın təcridxanasında saxlanılan sabiq icra başçılarının dillərinin əzbəri olan bir söz var: “Biz dövlətə və Prezidentə sadiq olmuşuq”.

Bunu soruşmağı özümə borc bilirəm: dövlətə və Prezidentə sadiq olub nə etmisiniz? Sizin sadiqlik anlayışınız nədən ibarətdir?

Məhbəsə düşəndən sonra göz yaşı axıdan, hər fürsətdə sadiq olduğunu dilə gətirən bu adamların heç biri qanunsuz balıq ovuna görə saxlanılmayıb. Ortada ciddi ittiham var. Bu şəxslər külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilirlər.

İndi DTX-nın zindanında uşaq kimi zarıyan keçmiş məmurlar dövlət əmlakına öz dədələrinin əmlakı kimi qəsd ediblər. Onlar 40 dərəcə istidə parkda alaq yolan qocanın maaş kartını seyflərində gizlədiblər. Onlar kütbeyin, fərsiz qohumlarını icra hakimiyyətlərində, bələdiyyələrdə vəzifə sahibi ediblər. Onlar kəndlinin dədə-babasına məxsus olan torpağı qanı bahasına kasıb camaata satıblar. Bu adamların üzündən camaat ölüsünə vay, dirisinə toy edə bilməyib. Bu adamların tamahı üzündən insanlar qohum-qardaşdan borc pul götürüb, ölüsünə qəbir yeri alıblar. Ay əclaf, camaat ölüsünü ağacdan asmalıdı? Beş min manata qəbir yeri olar? Əlimdə imkan olsaydı, sizin özünüzü bir neçə saatlıq həmin qəbirlərə dürtərdim…

Karantindən əvvəl yolum tez-tez rayonlara düşürdü. Qarşılaşdığım kəndlilərin ən azı yarısının ayağında qaloş olurdu. Kənd mağazalarında nisyə dəftərlər üst-üstə qalaqlanırdı. Bu gün də heç nə dəyişməyib. İnsanlar hələ də qəndi, çayı, düyünü, yağı nisyə alırlar. Hər dəfə səbəbini soruşur, insanların niyə bu qədər kasıb yaşadığının sirrini çözməyə çalışırdım. Bir dəfə belə dedilər: “Bizim rayonda cəmi 4-5 min hektar suvarılan torpaq var. Onu da başçı qamarlayıb, yarısında taxıl, yarısında çuğundur əkib. Biz də dəmyə torpaqları əkməli oluruq. Buna görə də məhsuldarlıq aşağı olur, çox vaxt xərcimiz borcumuzu ödəmir”.

Budurmu dövlətə sədaqət? Prezident sizə deyir ki, rayonun torpaqlarını qamarlayıb çuğundur əkin? Bu rəzalətdən sonra prezidentdən əfv diləməyə necə üzünüz gəlir? Sizin üçün ən yaxşı yer elə qazamatdır. Orda qalın ki, camaat pis üzünüzü görməsin. Siz nə qədər gün üzünə həsrət qalsanız, bizim üzümüz o qədər güləcək…

635x100

Şərhlər

Allahqulu 2020-09-29 16:25:11

yığdıqların versə, məhkəmələr tez buraxar

nicat 2020-09-09 14:41:02

yaz bashina donum Seymur yaz hamisindan yaz,var dovletlerinden yaz, haqsizliqiarindan yaz insanlara zulm etmelerinden yaz qoy hami tanisin bu qudurqanlari

Rovwen 2020-09-09 10:34:46

anti korrupsiya ela, ancaq ayri seckilik insanlari iyrendirir, bariz misal, bu ilin mart ayinda butun Ismayilli sakinleri sabiq bawci mirdamet sadiqovun ve onun komandasinin hebsini gozlediyi halda....hormetli azpolitika werhi oldugu kimi verin, eks teqdirde vermeyin

miri 2020-09-09 08:16:50

Seymur bəy, sözsüz bu zalim komandanın bir birini məhv etməsi millət üçün yaxşı haldır. Çünki, haqq zamanın bu dünyada hesabatı gələndə bu "qırılmışlar" azalsa pis olmaz.Amma bu komandanın bir iki yazıq üzvündən əlavə həbsxanalar haqq deyən onlar ilə adam ilə doldurulub və bu gediş ilə davamı da olacaq yəqin. Çünki, hakim komandanın həyat və idarəetmə fəlsəfəsi "oğru ol-yaltaq və qorxaq ol" prinsipinə əsaslanır. Bu prinsipə "baş əyməyən" hər kesi məhv etmək üçün fürsət axtarılır. Öz komanda üzvləri isə gedənə yaxın "ya Sibir, ya Qəbir" seçimi ilə "təmizlik suyuna salınır". Ona görə millət olaraq haqq mücadiləsi verənlərin azadlığı üçün çalışmalı, vəhşi komanda üzvlərinin bir birini "təması", əhv dileyib-dilemesi, əmlakının birindən digərinə keçməsi maraqlı deyil.

Eldəniz 2020-09-09 07:14:57

Həbs edilən kimi o saat yalvarmağa başlayırlar amma başa düşmürlər ki vaxtilə vəzifə başında olanda onların qəbuluna gəlib dərdlərini deyən insanları başından eləyib sadə insanların əmək haqlarını qəsb edəndə heç vaxt dusunmediler ki bir gün elədiklərine gore cavab vermeli olacaqlar . Indi quyruqlari qapi arasında qalan kimi deyirlər ki biz dövlətə sadiq olmuşuq .Budur sizin sadiqliyiniz ,belə olur sadiqlik çoxlu rəngli kağız pullar yığmaqla olur dövlətə sadiqlik...Tam cəzasını çəkməlidir ..Heç bir cinayət cezasiz qalmamalıdır.....

Eli 2020-09-09 00:31:58

Çox obyektiv ve haqlı yazıdır.Kimse başqasının haqqını gerek yemesin.Bir iş gerende gerek kiminse haqqını yemeyesdn kasıbın dd Allahı var gec eler güc eler.Müellim çox haqlı fikirler ireli sürür.

.EJDER NAQILBAZ 2020-09-09 00:17:19

AYE,EHF OLUNAJAQ,COVDARAF KIMI

Son yazılar