“DİL ƏLACIMIZ” ÇOXDUR...

Xeybər GÖYYALLI 

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin rus dili və rusdilli məktəblərə dərin sevgisini nümayişkaranə izhar etməsi dərs ili ərəfəsində gündəm oldu. Soydaşlarımızın bir çoxu yazıçının bu münasibətini təəccüblə qarşıladılar. Əslində, təəccüblənməli bir şey yoxdur. Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev bu günə qədər Azərbaycan dilində yox, rus dilində yazıb-yaratmışdır.

Azərbaycanın Xalq yazıçısı titulunu daşıyan Çingiz Abdullayevə doğma dilində yazmamasını bu günə qədər nöqsan saymamışıq. Yəqin ki, bu da xalqımızın mental dəyərlərindən, bəlkə də, tolerantlıq dərəcəsinin normadan daha çox olmasından irəli gəlir. Əslində, onun ana dilində yox, rusca yazması sovet rejiminin ayağına yazılmalıdır. Çingiz müəllimin bu gün təbliğ etdiyi rus dili onun körpəlik və gənclik illərində süni dominantlıq qazanmasaydı, əminliklə deyə bilərik ki, o, bu gün Azərbaycan dilində yazardı.

Bugünkü qüsurlarımızın bir çoxu keçmişdəki mənəvi boşluqlarla birbaşa bağlıdır. Çingiz müəllim körpəlikdən rusca danışıb, orta və ali məktəbi rus dilində başa vurub...

Rusca yazmaq demişkən, söhbətgedən məsələdə Çingiz Abdullayevə opponentlik edən şəxslərdən biri onu dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovla müqayisə etmişdir. Həmin müqayisədə Çingiz Aytmatovun da rusca yazdığı qeyd olunsa da, ancaq hər iki yazıçının əsərləri barədə çox lakonik fikir söylənilmişdir. Çox doğru olaraq, bu analogiyada hər iki yazıçının yaratdığı ədəbi nümunələr estetik ideallar baxımından dəyərləndirilmişdir. Ədalət naminə bu məqamda bir məsələni də diqqətə çatdırmağımız vacibdir. Belə ki, Çingiz Aytmatov yaradıcılığa qırğızca başlamış, öz doğma dilində xeyli əsərlər yazmış, lakin sonradan sovet rejiminin sünicəsinə yaratdığı əngəlləri aşmaq üçün bəzi iri və sanballı əsərlərini rusca yazmağa məcbur olmuşdur. Çingiz Aytmatov sözün bütün mənalarında milli yazıçıdır. Bunun əyani təsdiqi onun manqurt obrazını dünya ədəbiyyatına gətirməsidir. Bilmirəm, bəlkə, manqurt obrazını Çingiz Aytmatovdan əvvəl kimsə ədəbiyyatda yaradıb, amma çoxları kimi mən də bu obrazla “Gün var əsrə bərabər” romanında tanış olmuşam. Onu da qeyd edək ki, bu əsərin Azərbaycan türkcəsində ilkin adı vaxtilə belə olub: ”Əsrə bərabər gün”.

Manqurt məsələsi söhbətgedən mövzu ilə birbaşa bağlı olduğundan “manqurt nədir və o, necə yaranır” sualına bir-iki cümlə ilə münasibət bildirək. Manqurt bir söz kimi türk-monqol dilləri ilə bağlı olub, mənası yaddaşın itirilməsi deməkdir. Bəllidir ki, yaddaşı itirəndən sonra insan özündən asılı olmayaraq qul və köləyə çevrilir. Çingiz Aytmatov yuxarıda adıçəkilən romanında manqurtlaşmış insanın obrazını çox böyük ustalıqla yaratmışdır. Ana ah-nalə çəkir, haray salır, amma oğul doğma anasını tanımır, anasından qaçır, onu haraylanın anası olduğunu bilmir. Oğul, anasını necə tanısın, o manqurtlaşdırılıb, o, məqsədli şəkildə yaddaşsızlaşdırılıb. Manqurtlaşdırılmanın iki forması, bir məqsədi var. Formaca fiziki və mənəvi manqurtlaşdırma aparılır. Fiziki (buna lap bioloji də demək olar) manqurtlaşdırmada körpəlikdən insan övladının başı qırxılır, dəvənin boynunun dərisi başına salınır, bərkdən sıxılır. Sonra dəri getdikcə quruyur və başı tədricən sıxır, baş bioloji inkişafdan qalır, böyümür, bu səbəbdən beyin də inkişaf etmir.

Mənəvi manqurtlaşdırma isə yumşaq formada aparılır. Müstəmləkə təfəkkürü ilə yaşayan, tarixən zor və hərbə güvənən xalqlar qonşularını təsir altında saxlamaq üçün onların dillərini əllərindən almış, milli tarixlərini “oğurlamışlar”. İnsan doğma dilində danışmırsa, milli tarix və vətən coğrafiyasından xəbərsiz böyüyürsə, bu sonda onun manqurtlaşmasına gətirib çıxarır.

Dilin təfəkkür məhsulu olduğu birmənalı olaraq çoxdan öz təsdiqini tapıb. Necə fikirləşirsənsə, o cür də danışırsan, yazırsan. Fikrində nə tutubsansa, xəyalından həmin əşya keçir, göz önündə həmin məfhum canlanır. Çox sadə bir nümunə. Azərbaycan türkcəsində danışan şəxs kitab haqqında bir fikir söyləmək istərkən göz önünə kitab gəlir və qeyri-iradi olaraq kitab sözünü işlədir. Bu psixoloji akt bu və ya digər formada bütün dillərə aiddir. Rus dilində danışanların da beynində “kniqa” sözü canlanır. Bu da təbii bir prosesdir.

Danışmaq və yazmaq da bir çox nəsnələr kimi özəl (fərdi) bir aktdır. Ancaq Çingiz müəllimin dərs ilinin açılışı ərəfəsində rusdilli məktəblərin qayğısına qalması fərdi olduğu qədər də ümummilli məsələ kimi qəbul olunmalıdır. Rusdilli məktəblərin sayının bir az da (onsuz da onların sayı həddindən artıq çoxdur) çoxalmasının sonda nəyə gətirib çıxaracağını Çingiz müəllim də gözəl bilir. Bəlli bir məsələdir ki, çoxluq (dominantlıq) azlığı öz içərisində əridir. Dünyada dillərin “ölməsi”nin birinci səbəbi əcnəbi dildə danışanların sayının tədricən və “tarixi şərait” yetişəndə sürətlə artmasıdır. Qloballaşma erasında isə milli dillərin sıradan çıxması daha da sürətlənib və “ölü dil”lərin sayı hər gün artır.

Hamı kimi mən də əcnəbi dil öyrənməyin əleyhdarı deyiləm. Məlum həqiqətləri mən də təkrarlayım: “Nə qədər çox dil bilsən, bir o qədər adamsan”, ”Düşmənin də dilini öyrənmək lazımdır”.

Azərbaycanın tanınmış şəxsləri və geniş ictimaiyyət Çingiz müəllimin fikirlərinə yetərincə münasibət bildirdi, bu məsələdə onu qınadılar da. Onu qınayanlar mənəvi və hüquq nöqteyi-nəzərindən tam haqlı idilər. Mənəvi baxımdan dil kimlik məsələsidir. Dil xalqın və dövlətin atributudur. Digər dövlət rəmzlərindən - bayraq, gerb və himndən fərqli olaraq dil canlı və bir qədər də üstün atributdur. Dil xalqın əbədiyaşarlığıdır. İctimai-siyasi formasiyalar dəyişəndə dövlətlərin rəmzləri (bayraq, gerb və himn) asanlıqla başqası ilə əvəz edilsə də, dil dəyişmir. Bu baxımdan dil kimlik məsələsidir. Xalq öz kimliyini - mənliyini, varlığını dil vasitəsilə qoruyub saxlayır və davam etdirir. Dil xalqın dərin qatlarında yatmış ruhunun ifadəsidir.

Artıq dünya dəyişib, zaman o zaman deyil ki, rus dilinə ”bilməsək, dil əlacımız yoxdur” prinsipindən yanaşaq. Çingiz müəllim də çox gözəl bilir ki, dünya sürətlə qloballaşır və bundan da kənarda qalmaq mümkün deyildir. Sürətlə qloballaşan dünyaya isə daha böyük pəncərədən baxmaq və daha geniş qapıdan daxil olmaq gərəkdir. Bu gün dünyada ingilis, fransız, ispan dilləri daha geniş coğrafiyada yayılıb. Rus dilinin özü də Avropad kifayət qədər işlənilir. Amma heç bir Avropa ölkəsi öz dilini nəinki rus dilinə, heç ingilis və fransız dilinə dəyişmək barədə düşünmür. Çünki xalqın ölümü doğma dilin ölümündən başlayır.

Hamının bildiyi bir nümunə. Uzun müddət dövlətçiliyini itirmiş və bütün dünyaya səpələnmiş yəhudi xalqı, birinci növbədə, doğma dilinin sayəsində özünü qorudu və dövlətçiliyini bərpa etdi.

Yuxarıda qeyd etdim ki, Çingiz Abdullayevin təklifinə (?!) ümummilli dəyərlərdən yanaşılmalıdır. Azərbaycan Respublikasının dövlət kitabına - konstitusiyasına görə Azərbaycan dili ölkəmizin ərazisində dövlət dili elan olunub. Dövlət dili statusu daşıyan dil dominantlıq qazanmalıdır. Bu üstünlüyü dilə onun hər bir vətəndaşı qazandırmalıdır, o ki qaldı yazıçısı (Bu məqamda beynimdən belə bir ritorik sual keçdi: görəsən, qonşularımızın rusca yazan yazıçıları bizimkilər kimi əcnəbi dili bu cür təbliğ edərlərmi? İnandırıcı görünmür). Mənə elə gəlir ki, xalq yazıçısı bu yanaşması ilə Azərbaycan Respublikasının Konstitusiyasına da hörmətsizlik edib.

Artıq rus dili müstəqil Azərbaycanda əcnəbi dil statusunu daşıyır. Bu səbəbdən rus dili digər əcnəbi dillərdən dominant statusa malik ola bilməz. Digər xarici dillər (ingilis, fransız, alman və s.) qədərincə təbliğ və tədris olunmalıdır.

Sevgi isə şəxsi məsələdir, hər kəs fərdi şəkildə rus və digər əcnəbi dilləri istədiyi formada öyrənə bilər.

635x100

Şərhlər

Eli 2020-09-22 23:57:18

Mence Amin müellimin cerime teklifi çox gözel teklifdir çünki işler bele getse beziyyet çox pisleşe biler.Bu teklif müzakire ve qebul olunmağa deyer.

Eli 2020-09-22 23:51:24

Xeybet müellime çöx böyük teşekkürler bele mükemmel yazıya görr.İkincisi sehv etmiremse menim çox hörmet beslediyim be yaradıcışığına çoc hermet etdiyim Anar orta mektebi de institutları da dus dilinde qurtarıb .Ancaq eserlerini milli dilde yazıb li bına fs zaman ve xalq qiymet verib ve vetecek. Bu niye beledir Nurda öemce Resul Rza be Nigar Refibeyli faktoru var.Her şey uşaq vaxtı berilen terbiyyeden asılıdır .Çünki pis üşaq yoxdur pis valideyin var.

t.ədalət 2020-09-19 15:40:23

Çingiz Abdullayevin anası ermənidir.Elə rus dilinə marağı da ordan başlayır.Beşiyi başında laylası ermənicə oxunanların milli təəssübkeşliyi olmur.Belələri üçün bir parç şərab hər şeydən öndə olur..

turan 2020-09-19 14:33:56

Cingiz abdullayevin rus svgisi bele gucludurse onda oz avropa istehsali olan masinlarini satib Jiquli sursun.

AMIN 2020-09-19 13:20:51

Xeybər müəllim,bu gün küçələrdə,metroda,məhəllələrdə xüsu n yetişir.Bunu biz 10-15 ildən sonra hiss edəcəyik.Tolstoyun "Hərrb və sülh"romanında belə bir epizod var.Vətən müharibəsinə qədər yalnız fransız dilində danışan zabitlər rus dilində danışırlar və fransız dilində söz işlədənlər cərimə ödəyirlər.60-cı illərin gəncliyi bu təcrübədən istifadə edirdi.Danışığında rus sözü işlədənlər 5 qəpik cərimə verirdilər.Görünür həmin zaman yetişib!

TARIX 2020-09-19 12:23:24

CINGIZ MÜƏLLIM ƏN AZINDAN CÖRƏYİNİ YEYİB SUYUNU İCDİYİ HAVASINI UDDUĞU AZƏRBAYCANA ONUN KONUSTUTSİYASINA MİLLİ VARLIĞIMIZIN KİMLİYİNİ GÖSTƏRƏN DİLİMİZƏ HÖRMƏTLƏ YANAŞMAĞA BORCLUYDU.O BELƏ DƏ YAZMALIDIR.CÜNKİ O RUSCA TƏHSİL ALIB,RUSCA DÜŞÜNÜR,RUSCA DANIŞIR.AYIBDIR CİNGİZ MÜƏLLİM.

RT 2020-09-19 10:38:44

Sheref ve leyaqet (((((

Nazim 2020-09-19 09:52:50

Cox samballi analizdir, heqiqeten de beledir

Son yazılar