O, PROKURORLUĞA MƏDƏNİ RƏFTAR GƏTİRMİŞDİ...

Ələmdar MƏMMƏDOV, 

Təqaüddə olan baş ədliyyə müşaviri

1976-cı ildə institutu qurtaranda, 9 nəfər prokurorluğa təyinat aldıq. İyul ayında təzəcə respublika prokuroru təyin edilmiş Abbas Zamanov bizi qəbul etdi. Hər birimizlə fərdi qaydada söhbət edib, tövsiyələrini verdi. İlk təəssüratımız belə idi ki, sanki müəllimlərimizdən biri bizimlə danışırdı. 

Stajyorluq müddəti qurtardıqdan sonra,1977-ci ilin iyun ayında məni Masallı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin etdilər. Həmin ilin dekabr ayında Respublika Prokurorluğu tərəfindən gənc mütəxəssislərin seminar müşavirəsi təşkil edilmişdi. Mən də həmin müşavirəyə dəvət olunmuşdum. Müşavirənin sonunda “kimin sözü var” sualına mən əlimi qaldırdım və söz istədim. Prokuror köməkçisinin hüquq və vəzifələri barədə çıxış etdim. Belə ki, prokuror köməkçisi vəzifəli şəxs hesab olunsa da, konkret prosessual hüquqları yox idi. Hətta hər hansı bir qərar qəbul edərkən prokurorun razılığı tələb olunurdu. Yalnız MPM-nin 40-cı maddəsində prokuror köməkçisi ifadəsi var idi. Bir də SSRİ Baş Prokurorunun I müavininin tövsiyə məktubunda göstərilirdi ki, prokuror köməkçisi, prokurorun konstitusion hüquqlarından başqa (ittihamnaməni təsdiq etmə, həbs və axtarışı sanksiyalaşdırma və.s.) bütün hüquqlarına malikdir. RSFSR CPM-nin 34-cü maddəsində bu məsələ öz təsbitini tapmışdı. RSFSR CPM-nin 34-cü maddəsi belə adlanırdı: “Bu məcəllədəki bəzi adların izahı.

Prokuror – SSRİ Baş Prokuroru, müttəfiq respublika, muxtar respublika, vilayət prokurorları, rayon-şəhər prokurorları, onların müavinləri və köməkçiləri".

Azərbaycan Respublikası CPM-də isə bu maddə yox idi. Çıxışımın sonunda təklif etdim ki, bu normanın qəbul edilməsi üçün Respublika Prokurorluğu qanunvericilik təşəbbüsü ilə Ali Sovet qarşısında məsələ qaldırsın.

Çıxışım Abbas Zamanovun diqqətini cəlb etdi. “Yoldaş Məmmədov, xahiş edirəm fikirlərinizi yazılı şəkildə müvafiq şöbəyə təqdim edin” – dedi.

Bu məsələ həllini tapmasa da (çox təəssüf ki, həmin norma yalnız 1983-cü ildə CPM-yə 23.4 maddə əlavə edilməklə qəbul edildi. “Bu məcəllədə olan bəzi adların izahı”), seminar müşavirədən sonra Lənkəran-Masallı bölgəsində davam edən, həlli müşgülə düşmüş bir çox şikayətlərin yoxlanması Respublika Prokurorluğu tərəfindən şəxsən mənə tapşırılırdı. Astara rayonunda bir qrup vətəndaşın il yarım sürünən şikayətləri, Yardımlı rayon meşə təsərrüfatı idarəsinin fəaliyyətinin yoxlanması və. s.

1978-ci ildə Yardımlı rayon meşə təsərrüfatının direktoru və rayonun digər vəzifəli şəxsləri barədə olan şikayətin yoxlanması, Respublika Prokurorunun I müavini Barıginin göstərişi ilə fərdi qaydada mənə tapşırılmışdı. 4 aylıq yoxlamadan sonra məni Respublika Prokurorluğuna dəvət etdilər. Gözləmədiyim halda materialı Abbas Zamanova məruzə etməli oldum. Kabinetə girərkən həyəcanlı idim. Abbas Zamanov ayağa qalxıb, əl görüşdü. Diqqətlə məruzəni dinləyib, göstərişlərini verdi. “Xahiş edirəm diqqətli olun və şikayət üzrə bütün vəsadətləri yoxlayın”, - dedi.

Onun “xahiş edirəm” sözü məni mütəəssir etdi. 60-70-ci illərin prokurorluq işçiləri ilk dəfə idi ki, amiranə danışıq tərzi deyil, olduqca nəzakətlə deyilmiş “xahiş edirəm” sözünü eşidirdi. Düzü, respublika prokurorunun belə rəftarından sonra, adam öz gözündə böyüyürdü (Bu təkcə mənim fikrim deyildi).

1981-ci ilin avqust ayında A.Zamanov Cəlilabad rayonunda 12 rayon prokurorunun iştirakı ilə 6 aylığın yekunu ilə əlaqədar müşavirə keçirirdi. Müşavirə RPK-nin binasında, I katibin kabinetində aparılırdı. Masallı rayon prokuroru məzuniyyətdə olduğu üçün, iclasda prokuror əvəzi kimi iştirak edirdim.

Prokurorlar bir-bir qalxıb hesabat verir, gördükləri müsbət işlərdən danışır, nöqsanlardan isə hələ də “xəbərdarlıq” sahəsində işlərinin zəif olduğunu, tezliklə dönüş yaradacaqlarını bildirirdilər.

Xəbərdarlıq institutu 30 noyabr 1979-cu ildə qəbul edilmiş “Prokurorluq haqqında qanun”da öz təsbitini tapmışdı. Xəbərdarlıq barədə nə rəsmi göstərişlərdə, nə də hüquqi ədəbiyyatda samballı fikir yox idi. Məlum olduğu kimi hər bir hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutulur. Xəbərdarlıq elan edilmiş şəxsin təkrar hüquq pozuntusu törətməsinə (və ya törətməyə cəhd etməsinə) görə heç bir hüquqi məsuliyyət nəzərdə tutulmurdu. Bu gün də mən bunu absurd hesab edirəm...

Məruzə etmək növbəsi mənə çatanda fikirlərimi dedim və bildirdim ki, nə qədər ki, hesabatda “xəbərdarlıq” qrafası yoxdur, bu sahədə işlərimiz həmişə zəif olacaq. Bu sözlərim A.Zamanovun xoşuna gəlmədi. Adətən səbrli, təmkinili, yüksək mədəniyyət sahibi olan A.Zamanov hirsləndi:

– Bu nə deməkdir?! Siz məgər hesabat xatirinə işləyirsiniz?! Cavan oğlansan, bu düşüncə tərzi ilə uzağa getmək olmaz! Hesabat naminə deyil, əqidə, vicdan naminə işləmək lazımdır! Başa düşdünüz?

Mən çox pərt olmuşdum – “Bəli, başa düşdüm” – dedim (Həmin ilin sonunda “xəbərdarlıq” hesabatda öz əksini tapdı).

Müşavirədən sonra təcrübəli prokurorlar məni danlayırdılar. “Cavan oğlansan, niyə “donkixotluq” edirsən? Biz necə məruzə edirdiksə, sən də elə edəydin. Bizdən çox bilmirsən ki” – deyirdilər. Yalnız Salyan rayon prokuroru Əkbər Zeynalov və Lənkəran rayon prokuroru Tələt Qənbərov mənə ürək-dirək verdilər. “Abbas Zamanov kinli adam deyil, narahat olma”.

Bir həftə keçməmiş kadrlar idarəsindən Antonina Santalova mənə zəng etdi:

- Yoldaş Məmmədov, təbrik edirəm, Respublika Prokurorunun əmri ilə səni ehtiyat prokurorlar siyahısına daxil etdilər.

Bir müddətdən sonra A.Zamanovun əmri ilə Lənkəran rayon prokurorunun müavini vəzifəsinə təyin olundum.

1983-cü ilin noyabr ayında Yardımlı rayon prokurorunun 5 illik konstitusiya müddətinin başa çatması ilə əlaqədar Respublika prokurorunun böyük köməkçisi Yılmaz Axundzadənin rəhbərlik etdiyi yoxlama komissiyasının tərkibinə üzv kimi məni də daxil etmişdilər. Bundan əvvəl rayon prokurorunun müavini yoxlama komissiyasının üzvü olmamışdı. Bu, A.Zamanovun mənə göstərdiyi böyük etimad idi...

Sonralar mən Cəlilabad rayon prokuroru vəzifəsində işləyərkən, I katib İbrahim Qurbanov həmin müşavirəni xatırlayaraq söyləyirdi ki, müşavirədən sonra Abbas Zamanov dedi ki, doğrudur, mən o oğlanı danladım, lakin onun yaxşı gələcəyi var.

Abbas Zamanovla axırıncı görüşüm 1984-cü ildə oldu. Məni rayonlardan birinə prokuror vəzifəsinə təyin etmək istəyirdilər. İşləmək üçün rus dilini mükəmməl bilmək lazım idi. Düzü, həm məsuliyyətdən qorxur, həm də rus dilini tələb olunan səviyyədə bilmirdim. Ona görə də təklif ürəyimcə deyildi.

Abbas Zamanov məni dəvət etdi. Bir qədər söhbət etdikdən sonra (söhbət rus dilində gedirdi) az qala üzrxahlıq edən adam kimi dedi:

– Bilirsən, həmin rayonda işləmək üçün rus dilini mükəmməl bilmək lazımdır. Gəl səni Xarkov şəhərinə “Prokurorların təkmilləşdirilməsi” kursuna göndərim. Kursu bitirəndən sonra bu məsələyə qayıdarıq.

Mən həvəslə razılaşdım və həmin kursu əla qiymətlərlə başa vurdum. Kursu qurtaranda A.Zamanov artıq Respublika Prokuroru deyildi...

Abbas Zamanov prokurorluğa mədəni rəftar, müraciət forması və davranış qaydaları gətirən insandır...

635x100

Şərhlər

Hacıbala 2020-09-25 17:45:14

Ələmdar müəllim, Abbas Zamanov haqqında qeydlərinizə görə çox sağ olun. . Həqiqətən də dövrünün çox dürüst və insani xüsusiyyətlərə malik bir Prokurorluq rəhbəri olub. Onu DTX-dan Prokurorluğa təyin edən ümummilli liderimizə də, Abbas Zamanova da Allah qəni qəni rəhmət etsin Zamanında edilən çox düz seçim olub. çox düz təyinat olub. də çox dəyərli və

Akif 2020-09-23 15:38:02

Mərhum Abbas Zamanovun böyük kürəkəni Rasim Musabəyovguya əqidəli adamdır? O qayıtasının hesabına SSRİ dövründə Bakı şəhər Partiya Komitəsində işə götürülmüşdü. Onun ölkəmizin müstəqilliyi dövründəki taleyi artıq hamıya bəllidir. O da digərləri kimi "daimi deputatdır"

Sabina 2020-09-22 22:00:46

Tamerlan Qarayev muasir tariximizin qara səhifəsi(Zamanovun kürəkəni)

Allahqulu 2020-09-22 21:25:10

Sonrakılar söyüş gətirdi və beləcə korladılar

elxan 2020-09-22 20:05:28

Allah rəhmət etsin yadıma Gədəbəydə həmin illərdə rayon pprokuroru işləmiş Aslanovun rayonda sərxoş vəziyyətdə rayon sakinləri haqqında nəlayiq söyüş etməsi düşdü. O vaxt rayon İKS işləyən İbrahim Allahverdiyev prokurorun bu hərəkətinə qarşı cixmış hətta əlbəyaxa olmuşlar. Sonda rayon PK birinci katibi İmanov rayon XDSİK sədrinin ləyaqətli insan olduğunu müdafiə edərək Zamanova təqdimat yazmışdi. Hər iki şəxsi qəbul edən Respublika Prokuroru Abbas Zamanov İbrahim llahverdiyevə söz verir ki barışa bilərsiz Barışaram amma prokurora yaraşmayan hərəkətdən sonra Aslanov Gədəbəydə necə prokuror işləyər cavabından sonra Aslanov Zamanovun əmrilə Ağcabədi rayonuna müstəntiq vəzifəsinə göndərilir. Zamanov həqiqətən beə bir ləyaqətli insan olub.lə bir xuliqanli adında

Turqay 2020-09-22 19:59:16

Ama ki kurekeni Tamerlan Qarayev düz adam deyil...

Akif 2020-09-22 19:22:19

Mən rəhmətlik Abbas Zamanovu uşaqlıq illəimdən tanıyırdım. O bizim qonşumuz idi. Rəhmətlik çox sadə və nəzakətli insa idi. Onun iki qızı var. Kürəkənləri deputat Rasim Musabəyov və Tamerlan Qarayevdir

Son yazılar