“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın həmrəyliyini gücləndirməyə davam edəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərabycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, - Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu, kimi bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.

Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər .