Heydər Əliyevin Ermənistana Vaşinqton zərbəsi və bu gün...

Rahid Ulusel

Azərbaycan Milli Elmlər Akademiyası, fəlsəfə elmləri doktoru, professor

Bu gün Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü beynəlxalq siyasət və diplomatiya tarixində bizim üçün misilsiz bir anı – 1997-ci ilin 30 iyulunda Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Ermənistana açdığı atəşi yada salır.

Gerçək həqiqəti ən çətin məqamda belə demək və müdafiə etmək. Siyasət və diplomatiya sahəsində bu, əlbəttə, çətin məsələdir. Burada həmişə real siyasi situasiyanın nəzərə alınması zəruri olur. Amma güclü iradəyə və məntiqə sahib olan Heydər Əliyev ən mürəkkəb situasiyada da doğrunu söyləməkdən çəkinməmək qəhrəmanlığını nümayiş etdirir. Biz belə vəziyyətlərin həm ölkə daxilində, həm də xaricdə – xüsusilə Azərbaycanın bir dövlət olaraq taleyi ilə bağlı olan məqamlarda şahidi olmuşuq. Heydər Əliyev dünyanın ən qüdrətli dövlətlərinin nüfuz sahibləri ilə təmasda olarkən rəhbərlik etdiyi ölkəyə qarşı ədalətsiz mövqeyi açıq şəkildə, özü də təkzibedilməz inandırıcılıqla bəyan etmək cəsarətini göstərir.

Belə faktlardan mən yalnız iki örnək olan məqamı xatırlatmaq istəyirəm: Heydər Əliyev ABŞ-ın dünya siyasətinə təsir edən görkəmli siyasi xadimləri, politoloqları və mətbuat nümayəndələri ilə görüşdə (burada Z.Bjezinski, E.Leyk, R.Armitac, C.Şlesincer, K.Pouell, R.Çeyni, B.Skoukroft, A.Heyq, C.Metyus və s. iştirak etmişlər) çıxış edərkən, Azərbaycan Respublikası ilə bağlı o zaman aktual olan bir çox məsələlərə aydınlıq gətirdikdən sonra ikili siyasətin acısını dadan bir dövlətin başçısı kimi, “bir paradoksu” da açır: necə olur ki, ABŞ şirkətləri Azərbaycanda iş görür, amma ABŞ dövləti Azərbaycan torpaqlarını işğal edən Ermənistana hər il yardım edir, Azərbaycana qarşı ABŞ Konqresi ədalətsiz qərar – 907-ci maddə qəbul edir?!

Heydər Əliyev açıq bəyanatla çıxış edərək söyləyir: “Amerika dövlətinin, cəmiyyətinin dünyada ən böyük xüsusiyyəti onun ədalətli olmasıdır. Amma ABŞ Konqresinin belə ədalətsiz hərəkəti Amerikanın ümumi imicinə heç uyğun gəlmir. Biz bu məsələləri qaldırarkən bəzən deyirlər ki, bunlar erməni diasporunun, lobbisinin təsiri altında olubdur. Mən bəzən düşünürəm – erməni lobbisi Amerikanın hakimiyyət dairələrindən güclüdürmü? Mən belə düşünmək istəmirəm. Mənə deyirlər ki, Amerikada bir milyon erməni yaşayır. Amerikanın 300 milyon əhalisi var. Əgər bir milyon erməni sizin başınıza bu işi gətirəcəksə, onda bir azdan sonra Amerikada da bir erməni dövləti yaranacaqdır, bu təhlükənin qarşısını alın.”

Heydər Əliyev burada təkcə həqiqəti demir, bu çoxqatlı fikirdə Amerika Birləşmiş Ştatlarının Azərbaycana və Ermənistana münasibətində həm də siyasi tutuşdurma üçün “əlyeri” qoyur.

Həmin müqayisə məqamında amerikalı düşüncəsini diksinməyə, narahat olmağa vadar edən gerçəyi də söyləyir: “...Onda bir azdan sonra Amerikada da bir erməni dövləti yaranacaqdır, bu təhlükənin qarşısını alın.”

Bu fikrin alt qatında isə həmin yanlış münasibətin absurd tərəfi açılır:

Birincisi, ABŞ necə olur ki, faydalandığı ölkəyə yox, faydalanmadığı, ona yük olan və daim Rusiyanın yedəyində gedərək Cənubi Qafqaz regionu üçün “başağrısı” olan, problemlər yaradan amorf ölkəyə (Ermənistana) yardım edir?!

İkincisi, doğrudanmı, ermənilər yaşadıqları hər ölkədə bir dövlət yaratmalıdırlar?! Heydər Əliyevin belə diplomatik gedişləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bəlli edilməsində və ölkəmizə qarşı münasibətin dəyişilməsində həlledici olmuşdur.

Elə həmin görüşdə Heydər Əliyev Azərbaycan Respublikasının suverenliyinə qarşı daha bir təhlükə faktını – özü də başqa bir dövlətin – Rusiya Federasiyasının törətdiyi təhlükə faktını açıq şəkildə bəyan etməkdən çəkinmir.

Jurnalistlərin suallarını cavablandırarkən, Heydər Əliyev Rusiyanın Qafqaz siyasətini kəskin tənqid edir: “Rusiya Ermənistanı Qafqazda özünün ən böyük dayağı hesab edir. Kiçik bir yerdə, 29 min kvadrat kilometr ərazidə Rusiyanın nə qədər əsgərləri yerləşdirilib! Son vaxtlar məlum oldu ki, axırıncı üç il müddətində Rusiyanın Müdafiə Nazirliyi Ermənistana gizli olaraq, qeyri-qanuni surətdə bir milyard dollar dəyərində ən güclü silahlar veribdir. Biz bu məsələni prezident Boris Yeltsinin qarşısında qaldırmışıq. Bizdə siyahılar var ki, oraya hansı raketlər, tanklar verilibdir. Hətta nüvə başlığı olan raketlər. Bunlar nəinki Azərbaycanı, onun bütün ətrafını dağıda bilər. Sizə bir xəritə verilibdir. Bu xəritədə Rusiyanın Ermənistana verdiyi raketlərin hansı dairəni dağıda bilmək imkanları göstərilibdir.”

Gənc bir dövlətin müdrik başçısının, dünyanın görüb-götürmüş qocaman siyasətçisinin Qafqazda baş verən hadisələri bu cür cəsarətlə və qətiyyətlə qlobal siyasət arenasına çıxarması ümumən regionda cərəyan edən proseslərə təsir balansını əhəmiyyətli dərəcədə dəyişdirdi.

Maraqlıdır ki, həmin görüşdəki çıxışında Heydər Əliyev Z.Bjezinski, E.Leyk, R.Armitac, C.Şlesincer, K.Pouell, R.Çeyni, B.Skoukroft, A.Heyq, C.Metyusa “Siz Sovetlər İttifaqının dağılmasında iştirak edən adamlarsınız” – deyə müraciət edir (Bütün istinadlar bu kitabdandır: Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar. 11-ci kitab, Bakı: Azərnəşr, 2003, s.116-131)

Bu görüşdə Yeni Dünya Düzənində ABŞ və Azərbaycan əməkdaşlığının əhəmiyyəti qeyd olunur, enerji təhlükəsizliyi problemləri müzakirə edilir. Heydər Əliyev məhz bu ardıcıl səyləri ilə Azərbaycanı Qlobal Siyasət meydanına çıxarır və ölkəsinin öz milli suverenlik hüquqlarını qorumaq, dövlətinin ərazi bütövlüyü uğrunda mübarizədə siyasi-diplomatik təşəbbüslərə yiyələnmək imkanlarını səfərbər edir.

Heydər Əliyevin Qlobal Siyasətdə Azərbaycana müdafiə olunan yox, mübariz mövqe, döyüşkən ruh qazandırması indi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində daha qətiyyətli, güvəncli mərhələyə keçmişdir. Artıq beynəlxalq səviyyədə dayaqlarını möhkəmləndirmiş bu “zərbə” strategiyası Qarabağ uğrunda apardığımız müharibəni də Qələbə ilə sona çatdıracaqdır! 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar