HUMANİTAR ATƏŞKƏS, YOXSA HUMANİTAR İNTERVENSİYA? – Bunları dəf etməyi bacaracağıq!

Etibar Əliyev, millət vəkili

İntervensiya (latınca interventio - “müdaxilə etmək)” bir və bir neçə dövlətin başqa bir dövlətin daxili işinə qarışmasıdır. Məqsəd ərazilərin işğalı, öz siyasi hökmranlıqlarını bərqərar etməkdir.

İntervensiyanın bir neçə növünü ayırırlar: hərbi (silahlı), siyasi, ideoloji və humanitar intervensiya.

Hərbi intervensiya açıq və maskalanmış formada ola bilər. Açıq intervensiya bir ölkənin silahlı qüvvələrinin zorla digər ölkənin torpaqlarına soxulmasıdır. Hərbi intervensiya müharibə qanunları və ənənələrinin kobud surətdə pozulmasıdır, mülki əhaliyə qarşı vəhşiliklərin törədilməsi, böyük dağıntılara yol verilməsi və milli sərvətlərin çapıb-talanmasıdır.

İntervensiyaya məruz qalmış ərazilər çox vaxt yeni silahların sınaqdan keçirilməsinin poliqonuna çevrilirlər. Bütün növ intervensiyalar Beynəlxalq hüquqa ziddir. Başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində (bənd 4, səh2) əksini tapıb. Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq hüququ kobud surətdə pozan ölkəyə Beynəlxalq sülhün bərpası naminə məcburiyyət qarşısında qalıb hərbi güc tətbiq edə bilər (maddələr 39, 41, 42). İntevensiyanın yolverilməzliyi Birləşmiş Millətlər Təşkilatı Assambleyasının deklarasiyasında (1981-ci ildə) öz əksini tapıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələri var. Bunlara indiyə qədər əməl olunmur. BMT Ermənistanın hərbi intervensiyasına qarşı heç bir tədbir görməyib.

Oktyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada imzaladıqları bəyanatın birinci bəndində deyilir:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Bu razılşamadan 14 saat keçəndən sonra ermənilər Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş raket zərbəsi endirdilər. Raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak oldu, 34 nəfər yaralandı, çoxsaylı mülki obyektlərə ciddi ziyan vuruldu. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 600-dən çox mərmi atılıb. Rusiyanın münaqişəyə qoşulmasını humanitar atəşkəs deyil, humanitar intervensiya adlandırmaq olar.

Məhz bu humanitar intervensiyaya görə Dağlıq Qarabağın qondarma prezidenti, daşnak Arayik Rusiyanın Dövlət başçısına və Lavrova təşəkkür etdi.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə seyrçi mövqedədir. Anri Dünandan üzü bəri hələ indiyə qədər bu təşkilata belə hörmətsizlik olmamışdı. Yəqin ki, tolerantlığı BMT-dən öyrənib...

Humanitar intervensiyanı genişləndirmək məqsədilə Ermənistana silah yardımı davam edir. Ancaq bütün bunları dəf etməyi bacaracağıq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar