"Etibar Pirverdiyev dedi ki, ona Sumqayıtdakı texnoparka işçi lazımdır, yanıma gələrsən, oturub söhbət edərik"
(YENİ HİSSƏ YAZININ ARDINA ƏLAVƏ OLUNUB)
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqallı cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Daha dəqiqi Həsən Əliyevə vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini bildirən iş adamı Ramazan Səlimovun istintaqa ifadəsi yayılıb.
Xatırladaq ki, hazırda Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarına görə Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub. Ondan əlavə Həsən Əliyevlə əlaqdə olan daha bir nəfər – Taleh Süleymanov barəsində isə həbs-qətimkan tədbiri seçilib
Bu işlə bağlı həmçinin Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric olunub. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında prokurorluq işcilərinin də cinayət məsuliyyətinə cəlb olunacağını istisna etməyib. İndisə keçək yeni təfərrüatlara. “Azadlıq” qəzetnin əldə etdiyi istintaq materiallarından bəlli olur ki, Həsən Əliyevə Ramazan Səlimovu işə düzəltmək üçün xeyli məmurla görüşdürüb.

Ramazan Səlimov daha sonra bildirir ki, Həsən Əliyev ona növbəti dəfə zəng vuraraq “Fəvvarələr meydanı”na gəlməsini və saat 14.00-da Nizami adına Ədəbiyyat Institutunun qarşısında bir həkimlə görüşməyi tapşırıb: “O mənə həmin həkimin indi unutduğum mobil telefon nömrəsini də verərək qeyd olunan şəxsin yüksək vəzifələrdə işləyən şəxslərlə geniş əlaqələrinin olduğunu və mənim icra başçısı təyin olunma məsələmi həll edəcəyini söylədi. Mən həmin həkimə zəng vurdum və onunla ”Fəvvarələr meydanı"nda görüşdüm. Onun adını unutmuşam. O, Bakı şəhərində hansısa özəl tibb mərkəzində işlədiyini, əslinin Şabran rayonundan olduğunu, Şabran rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş qadının qardaşı olduğunu bildirdi. Dedi ki, Həsən müəllimin xahişi ilə başçı təyinatımın həlli məqsədilə məni lazımi adamlarla görüşdürəcək və bu işdə hər hansı marağı yoxdur. Əlavə etdi ki, işin həll olunanda nə verərsən-verərsən. O, məni bir nəfərlə görüşdürəcəyini vəd edib iki saat ərzində həmin şəxsə zəng vursa da, görüş baş tutmadı. Onunla sağollaşıb ayrıldım və piyada Həsən Əliyevin iş yerinə gəldim. Məhkəmənin qarşısında Həsən Əliyevin qara rəngli 003 qeydiyyat nişanlı “Range Rover” markalı avtomaşınına mindik və Tbilisi prospektində yerləşən adını bilmədiyim restorana girdik. Bu görüşdə Həsənə işimin həlli ilə əlaqədar nəticə olmadığını dedim və bildirdim ki, əgər belə olacaqsa ümumiyyətlə mənə iş lazım deyil".
Oxucuların diqqətinə çatdıraq ki, Şabranın qadın icra başçısı Sündüz Babayeva olub. O, 1995-ci ildən 2007-ci ilə qədər bu vəzifədə işləyib. Sündüz Babayevanın Altay Babayev adlı qardaşı keçmiş polis rəisi olub. Ramazan Səlimovla görüşən həkimin həqiqətən də Sündüz Babayevanın qardaşı olduğunu söyləyə bilmərik.
Həsən Əliyev iş adamına hansısa fonda yarım milyon köçürməyin vacib olduğunu deyib

İdarə rəisinə 1100 manatlıq nərdtaxta

"İdarə rəisi təyin olunmağımın 100-200.000 manat xərci olacağını dedi"

Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs kimdir?
Mən ona Həsənin məni onun yanına göndərən şəxs olduğunu dedim. O yenə də təəccüblə mənə dedi ki, səni mənim yanıma Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs göndərib və mənim yanımda Mübarizə zəng etdi. Ona dedi ki, həmin yoldaş yanıma gəlib, hansısa Həsənin adını çəkir. Bu nə məsələdir? Mübarizin ona nə deməsini eşitmədim, ancaq bu danışıqdan sonra Etibar narazı tərzdə mənə dedi ki, o Həsən adlı hakim tanımır, məni Mübariz müəllimin xahişi ilə qəbul edibdir və özünün Vəli Həsənov soyadlı müavinini otağına çağırtdıraraq ona mənim sənədlərini qaydaya salmağı tapşırdı. Həmin müavin “Qaçqınkom”un sədri Əli Həsənovun qardaşı idi və mənə anket verib doldurmağı tapşırdı. Mən anketi doldurduqdan sonra mənimlə əlaqə saxlayacaqlarını dedi. Onların yanından çıxan kimi görüş barədə Həsənə zəng vurub məlumat verdim, Həsən mənim üstümə düşdü ki, sən niyə mənim adımı çəkmisən. Mən dedim ki, axı sən mənə adını çəkməməyi tapşırmamışdın, mən hardan bilim ki, sənin adını çəkmək lazım deyil. Qeyd edim ki, aldığım hədiyyələr barədə Həsənə məlumat vermişdim və onun bunlardan xəbəri var idi. Təxminən 3 gündən sonra, mənə Rayonlararası Su-Kanal Idarəsindən zəng gəldi və bildirildi ki, sənin təqdimatını yazıb göndərmişik, get “Azərsu” cəmiyyətinə, səni sədrin müavini Teyyub müəllim qəbul edəcək.
"“Azərsu” sədrinin müavininə hədiyyəmi təqdim etdim"

Bir müddət sonra mən yenə “Azərsu” ASC-yə gəldim, ancaq bəlli oldu ki, Teyyub müəllim Cənubi Koreyaya ezamiyyətə gedib və iki həftədən sonra olacaq. Mən Etibarın müavini Vəli Həsənova zəng vurdum, ona dedim ki, bəlkə Etibar müəllim özü Qorxmaz Hüseynova zəng vursun və sonuncu məni qəbul etsin. Ancaq Həsənov mənə dedi ki, səni ancaq Teyyub müəllim Qorxmaz Hüseynova təqdim edə bilər. Bütün baş verənlər barədə Həsən Əliyevə zəng vurub dərhal məlumat verirdim. Həsən hər dəfə danışanda mənə deyirdi ki, o məsələ həll olunub, narahat olma. 2012-ci ilin yanvar ayında Teyyub müəllimlə telefonla danışdım və sonuncu mənə 20 yanvardan sonra gəlməyi tapşırdı. 24.01.2012-ci ildə bazar ertəsi gün onun qəbuluna getdim, mənə dedi ki, Qorxmaz Hüseynov sənin təyinatına razıdır, ancaq Abşeron rayon və Sumqayıt şəhər Sukanal idarələrinin rəislərinin işdən çıxarılması 1-2 ay çəkəcək ona görə də məsləhətdir ki, bir az gözləyəsən. Mənə Quba, Qusar rayonlarını təklif etdi, ancaq mən imtina etdim".
----------
“Azəriqaz”ın sədr müavini dedi ki, onlarda paket sistemi tətbiq olunur"

"Bacısı oğlunu qurtarmağa Həsən Əliyev 150.000 manat pul istəyir"

2012-ci ilin mart ayının əvvəllərində Novruz bayramı ərəfəsində Respublika Kliniki Xəstəxanasında öz işimlə bağlı olarkən təsadüfən Elmanın sürücüsü Valehi gördüm. Valeh dedi ki, Elman əsəb xəstəliyindən 3-cü mərtəbədə yatır. Mən onun yanına qalxdım və Elmanla görüşdüm. Elmanın qapısının ağzında bir nəfər mülki şəxs dayanıb keşik çəkirdi. Mən onun dərmanlarının alınması üçün həkiminə 40 manat da pul verdim. Elmanın yanından çıxandan sonra, Həsənə zəng vurub onun yanına gəldim. Görüşərkən Elmanın xəstəxanada yatmasını Həsənə dedim. Sonuncu mənə dedi ki, Elman kiriminal adamdır, onunla əlaqə saxlama. Həsən mənə dedi ki, sənin işinlə bağlı proses gedir, çox böyük ehtimalla Mingəçevir şəhərinə əvvəl müavin, sonra isə başçı vəzifəsinə təyin olunacaqsan.
"Nizami Süleymanov məni Etibar Pirverdiyevlə görüşə göndərdi"

31 mart 2012-ci ildə soyqırımı günü Həsən mənə zəng vurdu və onunla “Neftçilər” xəstəxanasının qarşısında saat 11:30-da görüşdük. Piyada gəzişə-gəzişə Dəniz limanının yanına gəldik. Yolda mənə danışdı ki, oktyabr ayında onun hakimlik müddəti başa çatır, bu yaxınlarda rayonların birinə məhkəmə sədri təyin olunacaq. Mənim icra başçı təyin olunmağımı da danışıbdır, tezliklə həll olunacaq. Gəzə-gəzə onun iş yerinə gəldik, ondan Zahid haqqında soruşanda, Zahidin yaxşı adam olmadığını dedi".
Ramazan Səlimov ifadəsində yazır ki, 2012-di il aprelin 2-də Həsən Əliyev onu iş yerinə dəvət edib: “Otağında məni Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri Institutunun direktor müavini kimi təqdim etdiyi Qüdrət adlı şəxslə tanış etdi. Həsən dedi ki, Qüdrət səni işə düzəlmə məsələnin həlli üçün nüfuzlu bir adamın yanına aparacaq. Həsənin yanından çıxandan sonra sonuncu ilə səhəri gün saat 11:00-da ”Elmlər Akademiyası" metrostansiyasının qarşısında görüşməyi razılaşdıq və bu zaman Qüdrət mənə dedi ki, Həsən müəllim səndən soruşsa deyərsən ki, Qüdrətlə həmin adamın yanına getsək də, yerində tapa bilmədik. Qüdrət mənə yanına getməli olduğumuz şəxsin adını demədi.
03 aprel 2012-ci il tarixdə “Elmlər Akademiyası” metrostansiyasının qarşısında Qüdrətlə görüşdük, bir taksi tutdum və onunla birlikdə Badamdar qəsəbəsinə gedərək akademik Nizami Süleymanovla görüşdük. Qüdrət mənə dedi ki, Nizami Süleymanov Etibar Pirverdiyevlə yaxın münasibətlərdədir, yüksək əlaqələri var və onun vasitəsilə məni strukturların birinə rəhbər təyin etdirəcəklər.

"Bəylər müəllimin toyunu o edib, onunla çox yaxın münasibətləri vardır"
05 aprel 2012-ci ildə Həsən mənə zəng vurub yanına çağırdı, getdim gördüm ki, Elman onun otağında oturub. Saat 10:55 olardı. Həsən mənə dedi ki, Elmana hər şeyi izah etmişəm, mən prosesə düşürəm, Elmanla birlikdə 5 nömrəli xəstəxananın qarşısındakı dayanacaqda sizi bir nəfər gözləyir, o adamla Dövlət Neft Şirkətinə gedəcəksiniz və orada çox nüfuzlu bir adamla görüş olacaq. Görüşün nəticəsini mənə bildirərsiniz. Elmanla qeyd olunan yerə gəldik və orada bir nəfər ağsaqqal adamla görüşdük. Həmin şəxs özünü bizə Tariyel kimi təqdim etdi. Biz birlikdə Kondisioner zavodunun yaxınlığında yerləşən Dövlət Neft Şirkətinin hansısa idarəsinin 20 mərtəbəli göy rəngli şüşələri olan inzibati binasına gəldik. Elmanla sürücüsü aşağıda maşında qaldı, Tariyellə mən binaya girdik. Mühafizəçi Tariyeli tanıdı və 6 mərtəbə piyada yuxarı qalxdıq. Sağ tərəfdəki şüşə arakəsmələrlə bir-birindən ayrılan otaqların birinə keçdik, otaq boş idi, Tariyel özü haqqında danışdı ki, Naxçıvanda polis rəisi olub, əməkdar hüquqşünasdır, Bəylər müəllimin toyunu o edib, onunla çox yaxın münasibətləri vardır. Bir müddət sonra hündürboylu, arıq, qara saçlı, özünü Ramiz kimi təqdim edən bir nəfər şəxs otağa girdi, Tariyel məni özünün və Həsənin yaxın dostu kimi təqdim etdi və məni SOCAR sistemində işlə təmin etməyi xahiş etdi. Ramiz cavab verdi ki, o bu işi bacarmaz, bu işi Rövnəq Abdullayevin Mehman adlı bacanağı həll edə bilər. Beləliklə oradan çıxıb Tariyeli 5 nömrəlili xəstəxananın yanına gətirdik, “Gənclik” metrostansiyasının yanında Elmandan ayrıldım. Həsənə zəng vurub axşama yaxın onunla danışa bildim və bu görüşün səmərəsiz olduğunu dedim. Həsən dedi ki, Tariyel onun atası əvəzidir, onu guya “rezerv” saxlayıbmış və bir az gözləməyi təklif etdi.
"Qərib Məmmədov dedi ki, elə günü bu gün məni Quba şöbəsinə müdir göndərə bilər"

(ardı var)

Şərhlər