TARİX QALİBLƏRİ MÜHAKİMƏ ETMİR!

Üzeyir Şəfiyev, konfliktoloq 

Böyük tələfatlara yol açan Ermənistan-Azərbaycan müharibəsinin məsuliyyəti həm də vasitəçilik missiyasını yerinə yetirməli olan dövlətlərin üzərinə düşür. Əgər onlar tərəfsiz olsaydılar, vasitəçiliyin öhdəlik və məsuliyyətini dərk etmiş kimi fəaliyyət göstərsəydilər, problem öz ədalətli həllini çoxdan tapmışdı. Görünən odur ki, vasitəçi dövlətlər xristian həmrəyliyi mərəzinə tutularaq, ilk gündən münaqişədə tərəf oldular, bu müddət ərzində Ermənistanın xeyrinə status-kvonu qoruyub saxlamaqda maraqlı oldular, problemi ermənilərin xeyrinə dondurmağa və konservləşdirməyə üstünlük verdilər.

Ancaq Azərbaycan silahlı qüvvələrinin uğurlu əks hücumu ilə Ermənistan-Azərbaycan münaqişəsində status-kvo əsaslı şəkildə dəyişdi. İndi artıq bu günə qədər münaqişə ilə bağlı təklif olunan həll modelləri ilə yanaşı, münaqişəni tənzimləyən moderator, fasilitator ansanblının heyətində də ciddi dəyişikliklər aparılmalı, problemə mandatlı qurumların tərkibinə Azərbaycan öz təkliflərini diktə etməlidir. Çünki bu qurumların neytrallığı qoruyub saxlaya bilməməsi, açıq və ya gizli tərəf nümayiş etdirməsi üzündən vasitəçilik missiyasına qarşı ölkəmizdə haqlı olaraq nəinki validlik böhranı vardır, həm də bu kəskin hiddətə səbəb omuşdur. Bu baxımdan Fransanın açıq görünən mövqeyindən heç də az narazılığa səbəb olmayan Rusiyanın diplomatik maskaya bürünmüş daha təhlükəli mövqeyidir. Əlbəttə, qarşıdurmanın ilk günlərində Ermənistanda onun üçün arzuolunmaz hakimiyyətin Azərbaycan tərəfindən cəzalandırılmasına xüsusi həzlə seyriçi mövqedə duran Rusiya özünün vasitəçi dövlət olduğunu xatırladıb neytral qalmasını bəyan etdi. Hətta daha yüksək kürsüdən “Azərbaycan öz ərazisində döyüşür” deməklə, ona KTMT üzvü kimi görəvini xatırladan Ermənistana yerini göstərməyə də özündə güc tapdı. Amma bu nə qədər davam edə bildi?!

Bu sualın cavabını keçmiş SSRİ məsələləri üzrə tanınmış ekspert Pol Qobl “Amerikanın Səsi” radiosuna müsahibəsində daha korrekt cavablandırdı: “Maraqlı sual budur ki, Azərbaycan qüvvələri tərəfindən Rusiyanın öz mövqeyini dəyişib, Ermənistan tərəfə keçəcəyinə səbəb olacaq qədər irəliləyiş əldə olunacaqmı? Çünki mənim tamamilə əmin olduğum və 1991-ci ildən bəri dəyişməyən bir həqiqət var, bu da rusların heç bir tərəfin qalib gəlməsini istəməməsidir. Onlar manipulyasiya edə bilmələri üçün münaqişənin davam etdiyinə əmin olmaq istəyirlər. Azərbaycan qələbəyə bənzər bir şeyə çox yaxınlaşsa, ruslar müdaxilə edə bilər...”

Bəli, cənab Pol Qoblun dediyi kimi də oldu. Rusiya humanitar sülh çağrışı ilə atəşkəs masasını ortaya gətirməklə Azərbaycana qarşısında Rusiyanın durduğunu xatırlatmalı oldu. Və əslində atəşkəs dönəmində yapdıqları ilə bir daha beynəlxalq imicini Paşinyan deyil, məhz Köçəryan Ermənistanı naminə ləkələmiş oldu. Paşinyanın dəfələrlə etdiyi yalvarışlara baxmayaraq, Rusiyanın Ermənistandakı səfirliyindən məhz Köçəryanın (Axillesin dostu Patrokl) müraciətindən sonra Nobelə iddialı Putinin Homerin mifoloji əsəri olan “İliada” qəhrəmanı Axiles qiyafəsində əvvəlki “neytral” mövqeyindən müdaxilə mövqeyinə keçidinin şahidi olduq. Rusiya bu “humanitar atəşkəs” dövründə humanitar yük adı altında xeyli hərbi silah-sursatı Ermənistana daşısa da, ancaq Putin Rusiyasının Axil dabanı Azərbaycanın (mifik qəhrəman Parisin) əlindədir . Belə ki, beynəlxalq hüquq Azərbaycanın yanındadır, Rusiyanın da səs verdiyi, qoşulduğu beynəlxalq sənədlər Azərbaycanı dəstəkləyir, beynəlxalq ictimai rəy ölkəmizin haqq işinə inanır və bu üzdən Azərbaycan, necə deyərlər “öz göbəyini özü kəsmək zorundadır”.

Görsənən odur ki, Azərbaycan əsgəri bu missiyanı şərəflə yerinə yetirməkdədir. Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağın taleyi ilə bağlı məsələ müzakirə mövzusu ola bilməz. Dünya birliyi Dağlıq Qarabağı bütün rəsmi sənədlərdə Azərbaycanın ərazisi kimi tanıyır. Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Odur ki , Azərbaycan öz ərazisində suveren hüquqa malik olub irqindən, dininindən, milliyətindən asılı olmayaraq bütün vətəndaşların təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır və bu hüquqa hər bir dövlət hörmətlə yanaşmağa borcludur.

Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı bu barədə bir daha vurğuladı: “Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”.

Azərbaycanda digər toplumlar kimi ermənilər də dövlətimizin konstitusiyasına hörmətlə yanaşıb birgə yaşaya bilər və bunun üçün onlara hansısa fərqli status verməyə heç bir əsas yoxdur. Polietnik zənginliyi olan ölkəmizdə multikultral həyat tərzi hər bir toplumun bərabər imkanlar və bərabər şanslara sahib olmasını dəstəkləyir. Azərbaycan dövlətində dövlət-vətəndaş münasibətlərinin bugünkü gerçəkliyi həm də ondan ibarətdir ki, irqindən, dininindən milliyətindən asılı olmayaraq istənilən vətəndaş meritokratik dəyərlərlə, etibarı, qabiliyyəti, ləyaqətinə görə dövlətin bütün strukturlarında, o cümlədən qərarqəbuletmə orqanlarında təmsil oluna bilirlər. Yetər ki, onlar Azərbaycanı ana vətən saysın, ona sadiq qalsın, onun yuristiksiyasına hörmətlə yanaşsın.

Azərbaycanfob, irqçi, millətçi, zaman-zaman etnik təmizlənmə siyasəti nəticəsində terrorçu, monomilli dövlət imici qazanan, xalqımıza qarşı dəfələrlə soyqrımı siyasətini həyata keçirən Ermənistan polietnik mənzərəyə malik, beynəlmiləl Azərbaycanla müqayisə oluna bilməyən dövlət kimi Dağlıq Qarabağın statusundan danışmağa mənəvi haqqını ilk gündən itirmiş bir dövlətdir. Azərbaycan müstəqil dövlət olaraq suveren ərazisində beynəlxalq hüququ əldə rəhbər tutaraq, öz konstitusiyasında təsbit edilmiş hüquq və vəzifələri tam icra etmək iqtidarında olub, hər hansı üçüncü dövlətin onun daxili işlərinə qarışmasına imkan verə bilməz. Atəşkəslə bağlı Moskva danışıqları zamanı əldə edilmiş “humanist atəşkəs” razılaşması daha çox müzəffər Azərbaycan Ordusunun əks hücum zərbələrindən sarsılmış erməni tərəfinin yenidən toparlanmasına, resurs böhranını aradan qaldırmağa yönəlmiş hiyləgər, fürsətçil taktikadan başqa bir şey deyildir.

Ümumiyyətlə, erməni tərəfi ilə bütün atəşkəs razılaşmaları zamanı analoji mürtəce taktiki gedişlərdən istifadə etməyin şahidi olmuşuq. Bu, istər Birinci Qarabağ savaşı zamanı, istər Aprel döyüşləri zamanı, istərsə də son atəşkəs dönəmində belə olmuşdur. Odur ki, biz sayıqlığımızı itirməməli, düşmənimizin əxlaqlı savaş aparmadığı kimi, atəşkəs və sülh mədəniyyəti kəsirinin fərqində olmalıyıq. Artıq xəbər verildiyi kimi, atəşkəs təşəbbüskarları və təşkilatçıları bu gün riyakarcasına Ermənistanı silahlandırmaqdadır. Ancaq onlar unutmasın ki, atəşkəs təşəbbüsü və təklifinin Azərbaycan tərəfindən qəbul olunması təkcə Ermənistana deyil, onlara da verilən sonuncu şans ola bilər. Ermənistan və havadarları bu şansı adekvat dəyərləndirməsələr, Qarabağ düyününün Azərbaycan əsgərinin əli ilə açılması heç kəsdə şübhə doğurmasın. Bəli, bu gün Ermənistan və onun havadarları beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın daxili işinə qarışır, bilərəkdən Dağlıq Qarabağ ətrafında mövcud olan problemi qloballaşdırır. Ermənistann havadarları de-yure Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiklərini dəfələrlə bəyan etsələr də, de-fakto dövlətimizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirirlər. Ermənistan dünyanın gözü qarşısında Azərbaycanın beynəlxalq tanınmış sərhədlərində terrorçuları yerləşdirir və Azərbaycanın mülki əhalisinin qətliamını həyata keçirir. Təəssüflər olsun ki, vastəçilik misiyasında görəvli olan dövlətlər beynəlxalq diplomatik korpusun şahidi olduğu bu qətliama hüquqi–siyasi qiymət verməyə nəinki tələsmir, hücum edənlə hücuma məruz qalanı bərabər tutmağa üstünlük verərək cinayətkar üçün cəzasızlıq mühiti yaradırlar.

Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa!

Sevindirici haldır ki, müzəffər Azərbaycan Ordusu azğın düşmənin legitim hədəflərini uğurla susdurmaqda davam edir və inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan əsgəri tezliklə bayrağımızı bütün işğaldan azad edəcəyi ərazilərimizdə sancacaq , bununla da Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaqdır.

635x100

Şərhlər

Samir 2020-10-15 21:27:02

Qarabağ Azərbaycandir!

Mustafa 2020-10-15 21:19:52

Qarabağ bizimdir,bizim olacaq

Xalq 2020-10-15 16:12:14

Bütün bunlara xristian həmrəyliyindən başqa heç bir şey demək olmur. bunu biz demirik əlahəzrət faktlar bunu sübut edir.

Firuz 2020-10-15 14:15:41

Elədir. İndi biz qalibik güclüyük, həm də düzük. Torpağını vətənini qorumayan millət məhvə məhkumdur.

Son yazılar