BİZ, DÖVLƏT ÜÇÜN NƏ ETMİŞİK?...

“Vətəni sevmək imandandır” 

Məhəmməd peyğəmbər (s.ə.s)

Dövlətin və hüququn yaranması quldarlıq dövrünə təsadüf edir. O quruluşdan öncə nə dövlət, nə də hüquq olmamışdır. K.Marksın sözü ilə ifadə etsək; «dövlət bir sinfin digər sinif üzərində hökmranlıq alətidir. Onun təşəkkül tapmasına xüsusi mülkiyyətin yaranması və siniflər arasında ziddiyyətlərin antoqonist həddə çatması təsir retdi…»

Tarixdə yadda qalan və xatırlanan, səlnamədə vikipedik tərcümeyi hala sahib dövlət başçıları çox olmuşdur. Sırada qürur duyulası silahlı qüvvələrin komandan-imperatorları, ən ali rütbəli şəxslər, generalissimus (lat.sözü generalissimus-“ən böyük” mənasını verir. Rus çarlığında qəbul olunan ali hərbi rütbə) və generallar var…

Azərbaycan 70 il ərzində dominantlıq edən SSRİ kimi böyük və güclü imperiyanın tərkibində olub. SSRİ-nin süqutundan sonra ittifaqa daxil olan müttəfiq respublikaların hər biri müstəqilliyə qovuşdu. Azərbaycan 1991-ci ildə ikinci dəfə-təkrar müstəqilliyini bərpa etdi. Bundan sonra ermənilər dağılan imperiyanın sərsəm təxəyyülə malik, keçmişi bulanıq “başbilənlərinin” - Aqanbekyanların və Şaxnazaryanların köməyi ilə Azərbaycana və Ermənistanda yaşayan azərbaycanlılara qarşı qeyri-insani hərəkətlərə, insanlığa sığmayan, xüsusilə təhlükəli və amansızlıqla müşayət olunan əməllərə dəhliz açdılar. Azərbaycan millətinə, dinc əhaliyə, xəstələrə, hətta uşaqlara,ana qucağına sığınmış çağalara qarşı fironsayaq davrandılar. Bu, Hitlerin: “Almaniya,ya dünyaya sahib çıxacaq, ya da dünyanın siyasi xəritəsindən birdəfəlik silinəcək” şüarına-başından böyük arzusuna oxşayırdı… Zaman Ermənistanı intihara sürükləyir. Günahkarlar isə Ermənistanın siyasi“elita”sıdır.

Ermənilər, məhz sovet şinelindən çıxmış, avropalı demokratların və avropa xislətli liderlərin dəstəyi ilə Qarabağı və ona yaxın rayonları işğal edib əhaliyə sitəm etdilər. Əzəli torpaqlarımızın 20%-i işğal olundu, milyon insanlar doğulub boya-başa çatdığı yurdlarından, min bir əziyyətlə qurduğu ocaqlarından didərgin salındılar, soyqırıma, əsir və girov həyatına məruz qaldılar. O gündən başlayaraq 30 il ərzində ermənilər 1994-cü il Bişkek protokolunun tələblərini-atəşkəs rejimini hər gün həyasızlıqla pozmaqda davam edirlər. Bu müddət ərzində şəhidlər verdik…

İndi Azərbaycan ordusunun əzəməti və şücaəti qarşısında tab gətirməyən erməni mifi əriyən şama bənzəyir.Yəqin erməni ömrü də elə o yanan şam qədər olacaq. Erməni əsgər və komandirləri döyüş meydanında hərbi hissənin və dövlətin bayraqlarını, ağır artilleriyalarını qoyub qaçırlar. Döyüş meydanından qaçan döyüşçülər vətənindən, millətindən, namusunu da qoyub qaçanlardır. Belələrində patriotizm ruhu olsaydı müqəddəs dəyərlərə arxa çevirməzdilər. Vətənə sədaqət və məhəbbət əvvəl qanda, sonra ailədə və daha sonra cəmiyyətdəki milli ideologiya ilə formalaşır. Ermənilərin milli ideologiyasının mayası başqa dövlətlərə köləlik etməkdə təzahür edir. Tarixi sənədlər bunu sübüt edir.

Atəşkəsin hər gün pozulduğunu görən BMT TŞ-nin daimi üzvləri susmağa üstünlük verirlər, işğalçı tərəfə “dur” deyən olmur. Avropada təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyan Minsk qrupu üzərinə düşən vəzifənin məsuliyyətini dərk etmir. BMT-nin və orqanlarının susması işğalçı tərəfi bir az da harınlaşdırır, danışıqlar masasındakı qıcqırmış fikirlər vəziyyəti bir az da gərginləşdirir… Beynəlxalq aləmdə baş verən özbaşınalıqlar ya dövlətləri BMT-nin üzvlüyündən imtinaya aparacaq, ya da bu təşkilat buraxılacaq.

Azərbaycan xalqının iradəsi müharibənin qaçılmaz olduğunu diktə edir. Faşist xislətli və “barbaross” niyyətli siyasi hakimiyyətin yalan məlumatlarına dözüm nümayiş etdirmək isə bizim üçün baş ucalığı gətirmir. Silahlı Qüvvələrin Ali Baş Komandanının və komandanlığın əmr və tapşırıqlarını xalq sevinclə qarşıladı. İndi hər kəs və hər şey cəbhə üçündür!

Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında və ondan sonrakı beynəlxalq tədbirlərdəki videoformat çıxışlarında həyəcan təbili ilə ifadə olunan məlumatlar verdi. Xəbərdarlıq etdi. Yenə heç bir beynəlxalq qurum Ermənistanı saxlamadı. Xalqın səbri tükənmişdi. Nəhayət,uzun illər ərzində formalaşan və tarıma çəkilən gərginlik 27 sentyabrda başlanan Vətən Müharibəsini alovlandırdı.

Məni, Azərbaycan dövlətinə mənsub olan vətəndaşı kimi heyrətə gətirən, son 20 gün ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi dünya liderlərinə görk olacaq erudisiyası,vətən müharibəsinin səbəblərini incəliklə, təmkin və məntiqlə hamıya və hamının düşüncəsinə uyğun çatdırması, habelə siyasi və diplomatik mahiyyət daşıyan fikir və mülahizələri Azərbaycan xalqını və dünya ədalətsevərlərini heyran etdi. Əlahəzrət zaman və qoca tarix sübut etdi ki, bu həssas, xalqın tale yüklü məsələsinin həll olunduğu bir zamanda İlham Əliyevin alternativi yoxdur!

10 milyon əhalinin yaşadığı ölkədə çoxlu sayda qeydiyyatdan keçmiş siyasi partiyalar var. Nizamnamə üzrə hər bir partiya liderinin hakimiyyətə gəlmək arzusu başa düşüləndir. Amma inciməyin, indiki halda dünyanın aparıcı dillərində geniş,təkmil beynəlxalq hüquqi və siyasi məntiqli bilik və bacarığı ilə dünya media mənsublarını heyran qoyan ikinci bir lider görmürəm. Əslində Silahlı Qüvvələrin Ali Baş Komandanı, həm də və paralel olaraq diplomatiyaya da komandanlıq etmək bacarığını, bəzən də provakasion suallara verdiyi cavabları ilə dünyaya nümayiş etdirə bildi. İlham Əliyev ölkə daxilində görünməz düşmənin, Covid-19-un manevr etdiyi, vəzifələrindən sui-istifadə edən,korrupsiyalaşmış məmurlara qarşı prinsipal mübarizənin aparıldığı bir dövrdə, vətənimizi təhdid edən ermənilərə qarşı döyüşə başçılıq etməyi uğurla həyata keçirir.

Hər bir Azərbaycan vətəndaşının, vətəndaş cəmiyyətinin, KİV-lərin, ölkədə fəaliyyət göstərən Mərkəzi İcra Hakimiyyəti Orqanlarının, Diasporla İş üzrə Komitənin, Xarici Siyasət İdarəsinin və xarici ölkələrdəki diplomatik korpusların-səfirlərin, konsulların, ziyalıların və s. hər birimizin 30 il ərzində görməli olduğu işləri Prezident son 20 gün ərzində tək gördü. Bu həqiqətdir! Allah qorusun! Döyüşçülərimiz Baş komandanın hər bir fikrini”URA”ilə qarşılayaraq döyüşə davam edir,düşmənə ağır zərbələr endirirlər…

Qənaətimə ğörə Azərbaycan inşəallah qələbə ilə bağlı “ən böyük”-generalissimus ali hərbi rütbəsinin təsis olunmasına dair qanun qəbul edəcək.Bu,ən ali rütbə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyevə veriləcək.O gün gələcək!

Tarixdə kiçik dövlətlərin də generalissimus rütbəli sərkərdələri olub…

Dövlətdən hər şeyi tələb etmək istəyənlərdən mən də soruşmaq istəyirəm: “Siz dövlət üçün nə etmisiniz?” – Amerikan deyimini xatırltamaq yerinə düşərdi.

Bəs biz, bu dövlət üçün nə etmişik?

Qarabağın qeyd-şərtsiz azad olunması barədə BMT-nin TŞ-nin 4 qətnaməsini qəbul edən 5 daimi üzv dövlətlərdən hər birinin Azərbaycanda diplomatik korpusları var. Ölkəmizdə yaşayan əcnəbi millətlərdən ibarət Azərbaycan vətəndaşlarını qətnamələrə səs verən dövlətlərin bizdə olan səfirlikləri qarşısında niyə dinc aksiya keçirməyə yönləndirə bilmirik? Məs: Rus millətindən olan Azərbaycan vətəndaşlarının 30-40 nəfərdən ibarət qrupunu müvafiq bəyanatla dinc aksiyaya sövq etmək mümkündür. (Biz, rus milləti olaraq Azərbaycan vətəndaşlarıyıq. Ölkədə ərazi bütövlüyünün bərpası məqsədilə aparılan müharibə bizdən də yan keçmir. TŞ-nin daimi üzvlərindən biri kimi məsələnin həllinə çalışmağınızı tələb edirik və s…) Eyni dinc aksiyanı Fransa və ABŞ səfirliklərinin də qarşısında təşkil etmək mümkündür. Az qala bunu da Prezident etməlidir.(?)

Qənaətimə görə bunun bizə faydası olar. Ermənilər bu müharibədə daha çox RF-ya və Fransaya bel bağlayırlar. Bizdə yaşayan rus millətindən ibarət vətəndaşlarımız Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə etirazlarını çatdıra bilərlər. Erməni millətinə mənsub vətəndaşlarımız da Ermənistanın təcavüzünə qarşı dünyaya, beynəlxalq aləmə və beynəlxalq təşkilatlara səslənə bilər. Eyni addımı digərləri də ata bilərlər.

Yuxarıda qeyd etdiyimi təkrar səsləndirməyə ehtiyac var. Bu işdə hamı bacarığı daxilində çalışmalıdır. Hərbi vəziyyətdə yaşamağımızın mahiyyətini və məsuliyyətini anlasaq çox şey aydın görünəcək.

Sonda, İsrail dövlətinin 5-ci Baş naziri Meir Qoldanın bir müdrik kəlamını səsləndirmək istəyirəm: ”Əgər, ölkəni oğul və qızlarınız və əgər ölkəni yalnız məzuniyyət dövründə tərk etmək istəyənlər,o ölkədə təhlükəsiz yaşayanlar üçün qurmaq istəyirsinizsə iki mühüm addım atın:

-Korrupsiyanı vətənə xəyanətə,korrupsionerləri isə vətənini satanlara bərabər tutun.

-Hərbiçilərə,müəllimlərə və həkimlərə tutduqları vəzifələrinə görə yüksək əmək haqqı ödəyin,onları hörmət və izzətə layiq görün.

Ən başlıcası isə işləyin,işləyin və işləyin!Sizdən başqa heç kim sizi müdafiə etməyəcək,dolandırmayacaq.Unutmayın ki,ölkəniz başqasına yox, yalnız sizə lazımdır.Bunlar sizin həyat tərzinizə çevriləndən sonra deməli,siz istəyinizə nail olmusunuz!”

Silahlı Qüvvələrin Ali Baş Komandanına,Komandanlığa,ön cəbhədə döyüşənlərə və arxada çalışanlara, böyük türk xalqına Allah dayaq olsun!- arzusu və duaları ilə,

ŞƏMSƏDDİN ƏLİYEV,

Hüquqşünas – publisist

635x100

Şərhlər

ŞƏMSƏDDİN ƏLİYEV - ə 2020-10-15 18:22:46

Bu meqalenin muellifi, hormetli cenab ŞƏMSƏDDİN ƏLİYEV, SIZ SUAL VERIRSINIZ : " Qarabağın qeyd-şərtsiz azad olunması barədə BMT-nin TŞ-nin 4 qətnaməsini qəbul edən 5 daimi üzv dövlətlərdən hər birinin Azərbaycanda diplomatik korpusları var. Ölkəmizdə yaşayan əcnəbi millətlərdən ibarət Azərbaycan vətəndaşlarını qətnamələrə səs verən dövlətlərin bizdə olan səfirlikləri qarşısında niyə dinc aksiya keçirməyə yönləndirə bilmirik? " CAVAB : BU SUALI RƏSMİLƏRƏ VERİN,I AYDIN OLAR, chunki, ........

Son yazılar