Çikaqo Universitetinin nüfuzlu jurnalı (Journal of Near Eastern Studies) 2014-cü il oktyabr sayında Bakı Dövlət Universitetinin professoru Aida Qasımovanın məqaləsini (səh. 319-340) dərc edib.

Thompson Reuters agentliyi tərəfindən indeksləşən Journal of Near Eastern Studies Şərqşünaslıq sahəsində lider jurnallardan biridir. “Qədim ərəb ədəbiyyatında talenin model, portret və əlamətləri” adlanan bu məqalədə islamaqədərki ərəb şeirində tale ilə bağlı təsəvvürlər, talenın dörd əsas modeli: tale-zaman, tale-çərx (cəhrə), tale-yazı və tale-hakim (Femida) araşdırılır, onun ərəb düşüncə tərzinə xas model və portretləri qonşu xalqların oxşar fikir istiqamətləri, xüsusilə Zərdüştliyə xas Zurvan tanrısı və qədim yunan mifologiyasındakı Moyra ilahiləri ilə müqayisə edilir və bu zaman dini-mifik düşüncənin səhra ərəblərinin mentalitetinə uyğun olaraq dəyişikliklərə məruz qalmasına xüsusi diqqət yetirilir.

Məqalədə ilk öncə talenin ərəb dilində ifadə tərzi, tale ilə bağlı “dəhr”, “mənayə” və s. kimi sözlərin Orta əsrlər ərəb dilçilik lüğətlərindəki mənaları, fikir və düşüncə tərzinin dil amili ilə bağlılığı öyrənilir.

Müəllif qədim ərəb cəmiyyətində tale öncəgörmələrinə, kahin və ərrafların bu istiqamətdə təcrüblərinə, ilkin İslam dövrü ədəbiyyatında kahin təcrübələri ilə bağlı olan xəbərlərin təhlilinə, qiyafət (fizioqnomika), İyafət (avqur sənəti), rəmmallıq, bəzi sınamalar və mövhumi təsəvvürlərə xüsusi bölümlər ayırır və ərəb çəngavərlərinə xas bir cəhətə -- taleyə meydan oxumağa da xüsusi diqqət yetirir.

Məqalə boyu bir sıra mifik obraz və arxetiplərin (ip, yay, quş və s.) İslam dinində fərqli məna kəsb etməsi, İslama xas qəzavü-qədər və zaman anlamlarının jahiliyyət dövründəkindən fərqli çəhətləri də öyrənilir. Məqalədə səksəndən artıq ədəbiyyata, xüsusilə ərəb şeir divanlarına, sirə və tarix əsərlərinə, rus və Avropa şərqşünaslarının mövzu ilə bağlı araşdırmalarına istinad edilib.(Baymedia)

Qeyd edək ki, Aida Qasımova bu günlərdə AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanı plagiatlıqda ittiham edən qalmaqallı məqalə dərc etdirib.