TÜRK QARDAŞLIĞININ GÜCÜ VƏ... - Azərbaycanın haqlı savaşındakı zəfərlərində Türkiyə faktoru!

Bu günlərdə Bakı Türkiyədən gələn xeyli sayda yüksək rütbəli qonağa ev sahibliyi edir. Qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Böyük Millət Məclisinin sədri Mustafa Şentop, keçmiş baş nazir Binəli Yıldırım, , millət vəkilləri və digər bir sıra vəzifəli şəxslər artıq Bakıdadırlar. Yaxın saatlarda Müdafiə naziri Hulsi Akarı gətirən təyyarənin də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.

"Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır" – deyə, dünən Çavuşoğlu prezident İlham Əliyevlə görüşəndə bu səfərlərin birbaşa Türkiyə Prezidenti Ərdoğanın tapşırığı ilə həyata keçirildiyini açıqlamışdı.

Bu açıqlama Türkiyənin Azərbaycana möhtəşəm dəstəyini ifadə etməklə bərabər iki ölkə arasında müttəfiqlik münasibətlərinin zirvədə olduğunu göstərir.

Azərbaycan Ordusunun Xankəndi, Şuşa ətrafında döyüşlər apardığı bir vaxtda Türkiyə siyasi elitası nümayəndələrinin eyni vaxtda Bakıda toplaşması önəmli hadisədir.

Müşahidəçilərin qənaətinə görə, müttəfiqlər proseslərin bundan sonrakı inkişafını müzakirə etməklə yanaşı, hansısa mühüm olayın birlikdə qeyd edilməsinə hazırlıq məqsədi daşıya bilər.

Cəbhədən gələn xəbərlər göstərir ki, sarsıdıcı məğlubiyyətlə üzləşən düşmən pərən-pərən düşüb. Müxtəlif istiqamətlərdə ordumuza müqavimət göstərməyə cəhd edən kiçik qruplar da aviasiya, artilleriya zərbələri ilə məhv edilir.

Məğlubiyyəti artıq Ermənistan rəhbərliyi, onun havadarları etiraf etməyə məcbur olubsa, demək hərbi əməliyyatlar yekun mərhələyə qədəm qoyur. Bu günlərdə Azərbaycan və Türkiyənin birgə böyük zəfəri qeyd etmələri üçün tam əsasları artıq var. Cəmiyyət də intizarla bu xəbərləri gözləyir.

Cəmi 5 həftə ərzində baş verənlər inanılmazdır, çoxları üçün, bəlkə də, yuxu kimi gəlir. Amma bu baş verdi - Azərbaycan ildırım sürətli hərbi əməliyyatlar keçirərək qısa müddətdə işğalda olan torpaqların böyük bir qismini azad etdi.

Yaxın zamanlarda Dağlıq Qarabağın tamamilə düşməndən təmizlənəcəyinə heç kimin şübhəsi qalmayıb. İndi cəmiyyətdə Xankəndində Azərbaycan bayrağının nə zaman asılacağı müzakirə olunur.

Bu zəfər ona görə inanılmazıdır ki, mürəkkəb geosiyasi şəraitdə dünyanın böyük dövlətləri tərəfindən aşkar və ya gizli şəkildə dəstəklənən, silahlandırılan, 27 il ərzində təmas xəttində nəhəng hərbi istehkamlar qurmuş Ermənistan qısa müddətdə çökdürüldü!

Elə bir gözlənilməz situasiya yarandı ki, düşmən havadarlarının bir qismi oyundankənar vəziyyətə düşdü, güclü lobbinin səyləri nəticəsiz qaldı, Rusiyanın tam dəstəyi isə səmərə vermədi.

Bütün hesablar yanlış çıxdı, qurulan kombinasiyalar Azərbaycan əsgərinin bir zərbəsi ilə dağıldı. Şuşada, Xankəndində at oynadan, Azərbaycana acıq verən Ermənistan rəhbərliyi qorxu, dəhşət içində vurnuxub, böyük dövlətlərin ətəyinə qapanıb yalvarmağa başladı.

Azərbaycan bu misilsiz tarixi uğura necə nail ola bilir? Bir ay əvvəl hərbi, siyasi, diplomatik mövqeləri üstün görünən Ermənistan necə iflas oldu? Bu barədə, yəqin ki, çoxsaylı konspiroloji nəzəriyyələr, politoloq şərhləri, siyasi interpitasiyalar mövcuddur.

Amma möhtəşəm qələbənin açarı olan bir həqiqəti hər kəs etiraf etməyə məcburdur: bunda qardaş Türkiyənin Azərbaycana verdiyi birmənalı mənəvi, siyasi və diplomatik dəstək həlledici xarakter daşıyır!

Biz inanılmazı ona görə həyata keçirə bildik ki, Türkiyə bütün gücü ilə arxamızda oldu, əlimizdən tutdu, düşmənin havadarlarına göz açmağa, əlini tərpətməyə imkan vermədi. Mövlud Çavuşoğlunun Bakıda dediyi kimi, Azərbaycan dünyaya TÜRKÜN GÜCÜNÜ GÖSTƏRDİ.

Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin bütün dövlət və hökumət qurumları bir aydan atıqdır ki, saatlarını Bakı vaxtı ilə qurular. Bütün Türkiyə Azərbaycanla nəfəs alır bu günlər!

Türkiyə ilk növbədə güclü siyasi, diplomatik imkanlarını işə salaraq Ermənistanın işğalçılıq siyasətini, bunu təsdiq edən mötəbər BMT qətnamələrini dünyaya nümayiş etdirdi. Qardaş ölkənin diplomatları, Azərbaycanlı həmkarları ilə bərabər beynəlxalq təşkilatlarda, yüzdən çox ölkədə fəal iş apararaq dünya ictimaiyyətini münaqişənin tarixi, Ermənistanın tutduğu işğalçı, destruktiv mövqe, Azərbaycanın haqq işi barədə ətraflı məlumatlandırdı. Bununla erməni lobbisi və ermənipərəsət ölkələrin yaratmağa çalışdığı informasiya blokadasını dağıtmağa nail oldu.

Aparılan gərgin işin səmərəsi özünü çox gözlətmədi: BMT-də Azərbaycan əleyhinə sənədin qəbuluna imkan verilmədi!

Eyni zamanda ABŞ Konqresində, Avropa Parlamentində, Avropa Şurasında sanksiyalar tələbi gündəmdən çıxarıldı.

Türkiyə mediası da Azərbaycanın haqq işini dünyaya çatdırmaqda, obyektiv beynəlxalq ictimai rəyin formalaşmasında misilsiz rol oynadı. Xüsusən, düşmənin Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə şəhərlərinə raket hücumlarının opreativ işıqlandırılması Ermənistanın gizlətməyə çalışdığı çirkin mahiyyətini ifşa etdi. Dünya gördü ki, yazıq, köməksiz qılıfına girmiş ermənilər əslində dinc insanları qadağan olunmuş silahlarla vuran acımasız qatillərdir!

Hərbi əməliyyatların gedişi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında da Türkiyə mediası öz sözünü deyir. Prezident İlham Əliyevlə, ölkə rəhbərliyinə daxil olan rəsmilərlə geniş müsahibələr, cəbhə xəttindən hazırlanan reportajlar böyük tamaşaçı auditoriyasını əhatə edir.

Türkiyə hərbi sənaye kompleksinə məxsus pilotsuz döyüş aparatlarının, yüksək dəqiqliyə malik silahların hərbi əməliyyatlarda oynadığı rol isə dünyanı heyran qoydu. Bu silahlar vasitəsi ilə qısa müddətdə Ermənistan ordusuna məxsus 3 milyard dollar dəyərində hərbi texnika sıradan çıxarılıb.

Tankların, topların, artilleriya qurğularının, zenit-raket komplekslərinin, içi hərbçilərlə, silah-sursatla dolu avtomobil karvanlarının, terrorçu liderlərin bir zərbə ilə yox edilməsi dünya hərb tarixində yeni eranın başlandığını göstərdi.

Türkiyənin müdafiə naziri Hulusi Akar çıxşılarında "bütün gücümüzlə Azərbaycanın arxasındayıq" deyərkən, həm də bu gücü nəzərdə tuturdu.

Hərbi əməliyyatların ilk fazası Azərbaycana qarşı çox ciddi xarici basqılarla, hədə-qorxularla müşayət olundu. Konkret Rusiya, Fransa Ermənistanı hər cür dəstəklə təmin edib Bakını dayandırmağa çalışdı.

Moskvada, Vaşinqtonda, Cenevrədə keçirilən danışıqlar, əslində, bu məqsədə xidmət edirdi. Bu təzyiqlərin qarşısında Türkiyənin dəstəyi olmadan təkbaşına dayanmaq mümkün deyildi. Qardaş ölkə öz müttəfiqini müdafiə edərək düşmən havadarlarına yerini göstərdi.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Rusiya rəhbəri Putinə açıq şəkildə bildirdi ki, regiona hərbi müdaxilə ediləcəyi təqdirdə qarşılarında güclü Türkiyəni görəcəklər.

"Bu bizim qırmızı xəttimizdir, atamızın oğlu olsa da, onun aşılmasına əsla imkan verməyəcəyik", - deyə, Ərdoğan bəyan etdi.


Türkiyənin Azərbaycana dəstəyinin nə qədər əhəmiyyətli və regionda marağı olan ermənipərəst qüvvələr üçün çəkindirici xarakter daşıdığını Prezidenti İlham Əliyev çox mükəmməl şəkildə ifadə etmişdi.

“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri, bəlkə, bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də, burada vəziyyət qarışardı. Bəlkə də, başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”, - deyə, qeyd edən ölkə başçısı Ankaranın Azərbaycanın haqq savaşını qələbə ilə başa çatdıra bilməsindəki rolunu dəqiq ifadə etmişdi.

Prezident İlham Əliyev məhz Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstəyinin sayəsində Ermənistanın münaqişənin sərhədləini genişləndirmək niyyətinin də baş tutmadığını açıqlayıb.

“Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var...”, - deyə, Prezident Əliyev kifayət qədər açıq şəkildə Türkiyə rəhbərliyinin, xüsusən də, Ərdoğanın açıq və qəti mövqe ortaya qoymasının əhəmiyyətini vurğulayb.

Prezident İlham Əliyevin xarici mediaya müsahibəsində Türkiyənin Azərbaycandakı “F-16” döyüş təyyarələri ilə bağlı açıqlaması isə lazım olarsa, Ankaranın Azəbaycan üçün irimiqyaslı döyüşə girməkdən belə çəkinməyəcəyini ortaya qoydu.

“O “F-16”-lar müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o “F-16”-ları görəcəklər onlar!”deyən Prezident Əliyev qardaş ölkənin Azərbaycana necə güvən verdiyini nümayiş etdirdi.

Qeyd edək ki, bu güvən Azərbaycan Ordusunun zəfərlərində də ciddi əhəmiyyət daşıyır. Arxasında Azərbaycan-Türkiyə birliyini, bu birlikdən doğan GÜCÜ görən əsgər və zabitlərimiz savaş meydanına daha inamla, daha qətiyyətlə girir, düşməni sözün həqiqi mənasında ƏZİR!

Ordumuz əmindir ki, onun savaş meydanında qazandığı qələbələri qoruyacaq siyasi birlik, diplomatik güc var! Ona görə də, arxasına baxmadan, ancaq İRƏLİ – ZƏFƏRƏ DOĞRU yürüyür!

Bir sözlə, qardaş ölkənin Azərbaycanın haqq işinə möhtəşəm mənəvi, siyasi və diplomatik dəstəyi ilə regionda terrorçu dövlətin diz çökdürülməsi böyük bir dövrün qapanmasına gətirib çıxarır.

İki yüz ildən artıqdır, Anadolu və Azərbaycan türklərinə qənim kəsilən düşmən, hər fürsətdə qəsbkarlıq, fitnəkarlıq törətməklə on minlərlə insanın həyatına bais olub, kəndlər, şəhərlər xarabazara çevrilib, tarixi, mədəni abidələr dağıdılıb, yaxud erməniləşdirilib. Havadarların dəstəyi ilə, qondarma erməni soyqırımı iddialarını ortaya atmaqla onillər boyu Türkiyə, Azərbaycan təzyiq altında saxlanılıb. Yüzlərlə diplomatlar, siyasətçilər, dövlət xadimləri, igid oğullarımız, qızlarımız erməni terrorunun qurbanlarına çevrilib.

İndi Türkiyə-Azərbaycan müttəfiqliyi bu tarixi burada qapatmaq üzrədir. Dünya Qarabağın işğaldan azad olunmasından qısa müddət sonra erməni iddialarının öz dövlətləri ilə birgə necə süquta uğrayacağına şahidlik edəcək!

Bu, Türkiyə və Azərbaycanı iki dövlət tək millət olaraq qazanacağı gercək zəfərlərin başlanğıcıdır!

İsmayıl İsmayılbəyli

“AzPolitika.info”nun baş redaktor müavini,

iqtisad elmləri üzrə fəlsəfə doktoru,

UNEC-in Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri

635x100

Şərhlər

Mirzə Qafarlı 2020-11-03 14:29:45

Allah bu birliyi və qardaşlığı qorusun! Qələbə yaxındadır və bu qələbədə qardaş Türkiyənin yanımızda olması bizim gücümüzü, cəsarətimizi bir on qat artırdı. Daima dəstəyini hiss etdiyimiz bütün Türk qardaş və bacılarımıza təşəkkür edirəm. İnşalankəndində, Şuşada bu lah, Xqələbəni birlikdə qeyd edərik. yaşasın Azərbaycan Türkiyə qardaşlığı! yaşasın Azərbaycan Ordusu! yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

OQTAY 2020-11-03 13:09:16

Rusiya,basda olmaqla onunla birlikde hereket edenler,hamisi SOUMENDIR,yalan=palanla guya Dunyani qorxudur,amma ozleri ermeni diqasi kimi qorxudan 1000-defe olurler her gun serefsizler!!!Allah TURK dunyasini qorusun!!!AMIN !!!

Cavan 2020-11-03 11:27:35

ƏLA!

Son yazılar