“AĞDAM MƏNİM ÜÇÜN BÜTÖV AİLƏ TABLOSUDUR” - Ədalət Muradovun "Qarabağ şikəstəsi” nisgili, Güllücə həsrəti və ən böyük arzusu...

Kəndə yaxınlaşdıqca həyəcanı, ürək döyüntüləri də artırdı. Yolboyu bir dəqiqə belə gözünün çimirini almamış, səhəri dirigözlü açmışdı. Görəsən ailəsi salamatdımı, başlarına bir iş gəlməyibmi, bəlkə..?

Bəlkələr, şübhələr, narahatlıq və qorxular az qalırdı beynini dəlib keçə...

Qarışıq hisslər burulğanında var-gəl edə-edə kəndin mərkəzinə çatanda diksindi. Bura həmin o yer idimi? Hanı bəs əvvəlki izdiham?! Axı bura hər zaman kənd əhli ilə dolu olardı - söhbət edən kim, çay içən, domino oynayan kim, alış-veriş edən kim...

İndi isə o səs-küydən əsər-əlamət qalmamışdı. Hər yan bomboş idi. Bu dəhşətli sükut insanın içini paramparça edir, həm də ürpədir, vahiməyə salırdı. Səssizliyi yarıb evlərinə doğru addımlayanda qorxduğu mənzərə ilə rastlaşdı. Həyətdə, evdə heç kim yox idi. Ailə üzvlərindən yalnız qardaşı kənddə qalmışdı. Qızğın döyüşlər getdiyi üçün anası, xanımlar və uşaqlar Göyçayda məktəbdə məskunlaşmalı olmuşdular.

Vaxt itirmədən Göyçaya gəlir, məktəblərin birindən ailə üzvlərini tapır. Anasına illərin həsrətlisi kimi sarılıb, bağrına basır, solğun üzündən, yorğun, qəmli, yaş dolu gözlərindən, bəyaz saçlarından öpür...

Elə bu anda uzaqdan "Qarabağ şikəstəsi”nin sədaları ucalır...

27 il boyunca vətən həsrətinin, yanğısının tərənnümü olan "Qarabağ şikəstəsi”nə hər gün qulaq asır. Hər dəfə dinləyəndə də o anı xatırlayır, o səhnəni gözünün önündə canlandırır, bu hadisədə bir rəmzi məna axtarır.

Nəhayət, 27 il sonra doğma ata-baba yurdu erməni işğalından qurtulanda o gün səslənən musiqinin mənasını anlayır...

Ana ilə balanın görüş məqamında eşidilən "Qarabağ şikəstəsi” əslində hər şeyin bitmədiyini, balanın ana vətənə yenidən qovuşacağının əks-sədası, ümid səsi imiş...

"Qarabağ söhbətləri”ndə bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovla birlikdə Ağdamın Güllücə kəndində keçən uşaqlıq illərinə qayıtdıq, kövrək xatirələrə sığal çəkdik, qələbə sevincini bölüşdük....

Mənim üçün Ağdam atalı-analı günlərimdir

- "Ağdam sizin üçün nədir?” sualına cavab verməkdə çətinlik çəkərəm. O hissləri sözlə ifadə etmək çox çətindir, mümkünsüzdür. Bu elə bir duyğudur ki, ruhum danışa bilsəydi, izah edə bilərdi bəlkə...

Ağdamdan 15 yaşımda çıxmağıma baxmayaraq, ruhum hələ də Ağdamdadır. Mənim üçün Ağdam atalı-analı günlərimdir. Mənim üçün Ağdam anamın şirin, həzin laylasıdır. Bacılı-qardaşlı, valideynli böyük, bütöv bir ailə tablosudur mənim üçün Ağdam...

Ağdam deyəndə gözümün önündə kənddəki həyatım, uşaqlığım, ailəmlə bağlı xatirələrim, məktəb illərim canlanır. Biz məktəbə gedən yolun sağında qəbiristanlıq vardı. Orda uyuyan atamın, babamın, nənəmin məzarları gözlərimin qarşısında durur...

Məncə, bütün insanlarda belədir - doğulduğu torpaq onun güc, enerji mənbəyidir. Ağdam mənə daha güclü olduğum vaxtları xatırladır...

1962-ci ildə Ağdam rayonunun Güllücə kəndində dünyaya gəlmişəm. 8-ci sinfə qədər Güllücə kənd orta məktəbində oxumuşam. Ailədə 12 uşaq idik - 8 qardaş, 4 bacı. Mən onuncu uşağam. Məndən sonra bir qardaşım və bir bacım olub. Atamı çox az görmüşəm, o qədər də xatırlamıram. Böyük Vətən müharibəsində yaralanmış, bədənində qəlpə qalmışdı. O qəlpə qanına zəhərlənmə vermişdi.

4 yaşım olanda atam dünyasını dəyişdi. Onda qardaşımın 2 yaşı vardı. Anam isə sonbeşik bacıma hamilə idi. 1966-cı ilin noyabrında atam rəhmətə getdi, martda bacım dünyaya gəldi. Adını Hicran qoydular. Bizə anamız və ikinci qardaşımız Zakir atalıq etdi. Anamın əməyi və Zakirin zəhməti hesabına biz atasızlığı hiss etməmişik. Zakirin onda 16 yaşı vardı, hələ məktəbi bitirməmişdi. Böyük qardaşım Bakıda institutda oxuyurdu. Çox çətin zamanlar idi. Amma könlümüz zəngin, özümüz mehriban olmuşuq, hamımız bir-birimizi çox istəmişik, anamızı isə özümüzdən də çox sevmişik.

Anam mağazada işləyirdi, atamın işini davam etdirirdi. Çox yorulurdu. Biz də çalışırdıq ev işlərində ona əl tutaq. Ailədə oğlan və ya qız olaraq iş bölgüsü olmazdı. Lazım gələndə oğlanlar da evi təmizləyirdi, süpürürdü. Suyu kəndimizin içindən axan çaydan, ya da arteziandan gətirirdik. Yeganə ailə idik ki, bizdə bu işi oğlanlar edirdi.

Bugünkü kimi yadımdadır, böyük bacım Bakıda universitetdə oxuyurdu deyə hərdən qardaşlarım da yemək bişirərdi. Anam işdən gələndə ona çay verərdilər. Həqiqi mənada sırf Azərbaycan ailəsinə məxsus dəyərləri özündə ehtiva edən ailə olmuşuq. Bütün bu münasibətlərə görə anamın ruhu qarşısında baş əyirəm...

Atasız olduğumu qəbul edirdim, ancaq yetim olduğumu yox...

- Təbii ki, hamımız anamın bişirdiyi yeməkləri ləzzətlə, iştahla yeyirdik. Onun əlindən çıxan bütün yeməklər dadlı olurdu. Mənim üçün dünyanın ən dadlı təamı anamın bişirdiyi xörəklər idi. Bizim ailəmiz xəngəl xoşlayırdı. Anamın bişirdiyi xəngəlin dadını heç nə verməz...

Üzüm yarpağından yalançı dolma bişirirdi. İçində ət olmazdı, daha çox düyü və göyərti qatırdı. O dad hələ də damağımdadı... Kartof supu bişirərdi. O şorbanı başqa heç yerdə yeməmişəm. Yalnız kartof və su ilə bişirirdi, amma çığırtma dadı verirdi... Yəqin bütün kişilər ailə qurduqları ilk dönəmlərdə xanımlarının bişirdiyi yeməkləri ana yeməyi ilə müqayisə edib qiymət verirlər. "Yaxşıdır”, "pis deyil” o deməkdir ki, yeməyin dadı ana yeməyinə bənzəyir, ya yox.

Biz o biri kənd uşaqları kimi deyildik. Yəqin bu, atasızlıqdan irəli gəlirdi. Məsələn, kəndin ortasına, küçəyə çıxmaq demək olar qadağan idi. Anamın işlədiyi mağazaya getmək üçün kəndin mərkəzindən keçməliydin. Kəndin kişiləri axşamlar orda yığışıb söhbət edərdilər. Həmişə ordan keçib anamın mağazasına gedəndə fikirləşirdim ki, kaş mən də bir gün gəlib kişilərlə burda durardım.

Sonra böyüdüm, Bakıdan, ya Kiyevdən kəndə gələndə o hiss hələ də içimdə qalmışdı. Amma o zaman da bu istəyimi həyata keçirə bilmədim, kompleks yarandı. Bir də çox istəyərdim çayxanada oturum. Amma mənə o icazə verilməmişdi. İndi də etiraf edim ki, illər boyu çayxanada oturmamışam...

Anamın ali təhsili yox idi, amma çox mütaliə edirdi. Yadımdadı, biz uşaq olanda yeməkdən sonra anam hökmən kitab oxuyardı, bizə də məsləhət görərdi. Kənddə böyük kitabxanamız vardı. Biz də o kitabları oxuyaraq dünyagörüşümüzü, biliyimizi artırırdıq.

Məktəbimizlə bağlı xoş xatirələrim çoxdur. Amma elə xatirələr var ki, məni indi də ağrıdır. İnanın, indi də xatırlayanda çox pis oluram. Sinfimizdə bir qız mənə yetim demişdi. Bu söz mənə mənəvi zərbə vurmuşdu sanki... Atasız olduğumu qəbul edirdim, ancaq yetim olduğumu yox...

Dəcəl uşaq deyildim. Dərslərimi yaxşı oxuyurdum. Şərəf lövhəsində asılan şəklim indi də qalır. Bütün müəllimlərimi bu yaşıma qədər xatırlayıram. Bir riyaziyyat müəllimim vardı. Onu dəhşət çox istəyirdim. Başqa kəndə ərə gedirdi. Məktəbdən ayrılmaq ərəfəsi idi. Anamdan xahiş etdim ki, ona bir hədiyyə alsın. İndiyə kimi yadımdadı, qutuda 6 ədəd armudu stəkan almışdı. Getdim evlərinə, hədiyyəmi verdim, vidalaşdım, ikimiz də ağladıq...

Həmişə məktəbə gedəndə anam məni yola salırdı. Bu gün də o səhnə gözümün önündədi. Bir gün çörək bişirmək üçün təndirə od qoymuşdu. Məni məktəbə yola salanda dedi ki, müəllimin ağzına bax. Mən də bütün baxışlarımı müəllimin ağzına yönəldirdim. Anamın sözünü yerə salmamaq üçün bütün dərs boyu gözümü müəllimin ağzından çəkmirdim. Sonradan anladım ki, bu, "müəllimə diqqətlə qulaq as” mənasını verirmiş.

Məktəbdə oxuyanda güləşlə məşğul olurdum. 7-8-ci siniflərdə oxuyanda Ağdam şəhər mərkəzində keçirilən yarışlarda iştirak edirdim. Məktəbdə məşqlər zamanı yaşca xeyli böyük olan bir şəxs mənimlə güləşirdi. Elə taktika seçirdi ki, məni tamamilə gücdən salır, sonra məğlub edirdi. Bir dəfə böyük qardaşım gəlib bizim döyüşü izlədi. Dedi, döşəyin üstündə çox ora-bura qaçma, səni bilərəkdən yorur. Ondan sonra taktikanı dəyişdim...

Anam o gerçəyi heç vaxt bilmədi

- 8-ci sinfi əla qiymətlərlə bitirəndən sonra imtahan verib Bakıda kimya-biologiya təmayüllü liseyə daxil oldum. Halbuki hüquqşünas olmaq istəyirdim. O vaxtlar noyabr ayına qədər kənddə dərslər demək olar ki, keçirilmirdi. Əvvəlcə üzüm, sonra pambıq yığmağa aparırdılar. Bakı məktəblərində isə bu problem yox idi. Ona görə Bakıda oxumaq qərarına gəldim. Mən oxuduğum məktəbdən o liseyə qəbul olunanlar vardı, çox tərifləyirdilər. Bu səbəbdən mən də oranı seçdim.

Məktəbin yataqxanasında qalırdım. Kəndə yalnız tətildən-tətilə gedirdim. Çox darıxırdım evimiz üçün. Rayon uşaqlarının çoxu darıxdığı üçün dözə bilməyib qayıdırdı. O vaxt bir qardaşım Sumqayıtda, biri də Bakıda yaşayıb işləyirdi. Hər şənbə gəlirdilər yanıma. Hər dəfə onlar yanıma gələndə də, gedəndə də ağlayırdım. Amma bilirdim ki, geriyə qayıtmaq olmaz, təhsilimi başa vurmalıyam.

Ailəmizin ən çox sevdiyi tort "Nağıl” tortu idi. Vağzalda satılırdı. Həmişə kəndə gedəndə 5-6 "Nağıl” tortu alıb aparırdım. Planlaşdırırdım ki, hərəsini bir qardaş-bacımgilə aparacam... Bugünə qədər ən sevdiyim tortdu. Hələ də o torta qarşı nostalji hisslər keçirirəm...

Orta məktəbi bitirəndən sonra instituta daxil ola bilmədim. 3 il Hüquq fakültəsinə imtahan verdim, hər dəfə də bir balım çatmadığı üçün müsabiqədən keçə bilmirdim. 2 il Sibirdə hərbi xidmət keçdim. Bakıda Toxuculuq kombinatında çilingər işləyə-işləyə imtahana hazırlaşdım. 1985-ci ildə Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum. Oranı da fərqlənmə diplomu ilə başa vurdum. Həmin universitetdə namizədlik, doktorluq işi müdafiə etdim.

Kiyevdə oxuyanda yol pulum olmadığı üçün 2 il kəndə gələ bilməmişdim. Amma bunu evdə heç kimə deməmişdim. Məktubda yalandan yazırdım ki, istirahətə getmişəm. Axıra qədər də anam bunun gerçək səbəbini bilmədi. Dəmiryol stansiyası kənddən 7-8 kilometr aralı yerləşirdi. Məni vağzala qardaşım öz maşını ilə aparırdı. Qatarla Bakıya, ordan da Kiyevə gedirdim.

Hər dəfə evdən çıxanda anam mənə pul verirdi. Mən də o pulun yarıdan çoxunu aparıb yastığın altına qoyurdum. Və darvazadan çıxanda anamla görüşəndə deyirdim yastığın altına baxarsan. Qıymırdım anama...

Sonra mənə məktub göndərirdi, ürəkdağlayan sözlər yazırdı... Amma eyni səhnə həmişə təkrarlanırdı...

Görüş anımızda "Qarabağ şikəstəsi”nin səslənməsi rəmzi məna daşıyırdı

- Sonuncu dəfə Ağdamda kəndimiz işğal olunmazdan 15 gün öncə olmuşam. O vaxt Kiyevdə yaşayırdım. Kənddə qızğın döyüşlərin getdiyini eşidəndə dərhal Bakıya döndüm. Ordan da tələsik kəndə yola düşdüm. Çox narahat idim... Kəndin mərkəzindən keçəndə gördüm hər tərəf bomboşdu, küçədə bir adam da yoxdu. Bu mənzərədən çox sarsıldım... Çünki ora həmişə insanla dolu olardı.

Həyətimizə girdim, evə qalxdım. Gördüm evdə məndən 2 yaş böyük qardaşımdan başqa heç kim yoxdu. Qardaşım dedi ki, vəziyyət pisləşdiyindən anamı, arvad-uşaqları kənddən çıxarıb Göyçayda məktəbdə yerləşdiriblər.

Vaxt itirmədən Göyçaya yola düşdüm, ailə üzvlərimizi tapdım. Anamla görüşüb qucaqlaşanda, bir-birimizi öpən zaman uzaqdan "Qarabağ şikəstəsi”nin sədaları gəldi... Qəribə təsadüf oldu. Eşidəndə ikimiz də kövrəldik. Görünür, bizim görüş anımızda "Qarabağ şikəstəsi”nin səslənməsinin nəsə rəmzi mənası varmış...

Ermənilər kəndi tam işğal edəndə qardaşım da çıxıb gəldi. Anam kənddəki evdən heç nə çıxarmamışdı. Çünki vəziyyətin o dərəcədə faciəli olacağını düşünmürdük. Hamı fikirləşirdi ki, müvəqqətidi, tezliklə yenidən öz evimizə qayıdacağıq. Lakin sən saydığını say, gör fələk nə sayır...

27 il vətən həsrəti çəkdik. Çox çətin günlərimiz oldu. Ailəmiz pərən-pərən düşdü. Bir hissəsi Bərdədə, Mingəçevirdə, bir hissəsi qaçqın şəhərciklərində məskunlaşdı.

Sonradan anamı qardaşımın ailəsi ilə birlikdə Bakıya köçürdük. Çalışdıq daim qulluğunda duraq. Amma anam son gününə qədər Bakıya uyğunlaşa bilmədi. Heç cür...

Bütün fikri, xəyalı, düşüncəsi, söz-söhbəti doğma el-obayla, torpaqla bağlıydı. Gözü, könlü kənddə qalmışdı. Bir də anam ən çox atam haqqında danışırdı. Dünyasını dəyişənə qədər atam barədə ideal kişi, həyat yoldaşı kimi söz açdı. Atamın adını deyə-deyə də bu dünyayla vidalaşdı...

Köçkünlük mənəvi zərbədir

- Dövlətimizin dəstəyi ilə zamanla bütün məcburi köçkünlər kimi, bizim ailə üzvlərimizin də sosial problemləri həllini tapdı. Lakin mən maddi, məişət çətinliyini qoyuram bir kənara... Məcburi köçkünlərin ən böyük dərdi, əzabı torpaqlarının olmaması idi.

Bütün Qarabağ əhli mənəvi iztirab çəkirdi. Doğulduğun yerdən, evdən qaçqın düşmək sözlə ifadə olunmayan çox böyük əzabdır. Köçkün, qaçqın ifadəsinin özü də ağır ifadədi. Adamı çox üzür. Allah heç birimizə bir daha göstərməsin. Onu yaşamayan insan heç zaman başa düşməz. Köçkünlük mənəvi zərbədir, əzginlikdir. O əzaba qaçqınlar illərlə qatlaşdılar. Amma ölkəyə, dövlət başçılarına sadiqliyi itirmədilər. Doğma el-obalarına, dədə-baba yurdlarına qayıdacaqlarına hər zaman inandılar.

Və nəhayət, 30 ildən sonra bu inam doğruldu. Əzəli, əbədi torpağımız olan Qarabağ işğaldan azad edildi. Qarabağ sakinlərinin hamısı sevincini bölüşərkən belə bir cümlə işlədirlər - biz daha məcburi köçkün deyilik...

Bu, elə-belə, söz xatirinə deyilmiş söz deyil. Qaçqın, köçkün ifadəsinin ağırlığını göstərən yanaşmadır. Hər kəs də istisnasız deyir ki, gedən kimi torpağı öpəcəm. Hamı o torpağa ilk dəfə ayaq basanda diz çökəcək, öpəcək. Bu həm də torpağa bir təşəkkürdür. Ona görə ki, düşmənləri axıra qədər qəbul etmədi. Qarabağ bizə göstərdiyi sevgini, gözəlliyi, bərəkəti ermənilərə göstərmədi.

Biz orda yaşadığımız zaman torpağı sulamasaydıq belə bugünkü günə düşməzdi, inanın. Çünki o torpaq bizimdir, bizik onun əsl sahibi. Torpaq da hiss edirdi ki, üzərində gəzən yaddır. Torpaq özü də bizsiz əziyyət çəkirdi. Ali Baş Komandanın sərkərdəliyi ilə müzəffər Ordumuz işğal altnda qalan ərazilərimizi azad etməklə yanaşı, torpaqlarımızı da yadların tapdağından xilas etdi. Elə bilirəm, müqəddəs torpaq erməni murdarlarından xilas olduğu üçün çox sevinir. Sanki torpağın sevinc səsini, gülüşünü eşidirəm. İnşallah, qısa bir vaxtda bütün Qarabağda Azərbaycan bayrağı dalğalanacaq.

Tezliklə bütün məcburi köçkünlər öz doğma elinə qayıdacaq. Oralar yenidən cənnətə çevriləcək. Biz də Qarabağın inkişafı üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bu, bizim tək qarabağlı kimi yox, vətəndaş kimi də borcumuzdur.

Çox istəyərdim Qarabağda dünya səviyyəli, yeni model universitet qurulsun

- Universitet rektoru olaraq vətən qarşısında borcum nədir? Gənclərə ilk olaraq vətən sevgisini, vətəndaş dəyərlərini aşılamaqdır. Bunu kitabdan öyrənmək mümkün deyil. Sən gərək birinci növbədə özün vətəndaş nümunəsi olasan və göstərəsən. Şübhəsiz ki, tələbələrimizə bunu aşılamağa çalışırıq. Eyni zamanda müasir bilikləri və bacarıqları öyrətmək lazımdır.

Rektor təyin olunandan ordu ilə sıx əlaqələr qurmuşuq. Müəllim və tələbələrlə birlikdə dəfələrlə cəbhə bölgəsində olmuşuq. 3 il əvvəl Aprel döyüşləri ilə bağlı möhtəşəm tədbir keçirdik. Lələtəpə yüksəkliyi azad olunandan, Cocuq Mərcanlı kəndi yenidən qurulandan sonra həmin yüksəkliyə general Mais Bərxudarovun müşayiəti ilə getmişəm. Həmin qrupun tərkibində Lələtəpə döyüşlərində iştirak edən bir tələbəmiz də vardı.

Vətən müharibəmiz başlayandan sonra da ordumuzun yanında olmağa, dəstək verməyə çalışmışıq. Universitetdə beynəlxalq tədbirlər keçirmişik. Azərbaycan və Ermənistan iqtisadiyyatının müqayisəsinə həsr olunan 5 seminarımız olub. Orda bir daha sübut etmişik ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisə edilə bilməyəcək dərəcədə güclüdür. Sübut etmişik ki, iqtisadi baxımdan da Ermənistan bizimlə müharibə apara bilməz, sərvətləri qısa vaxt ərzində tükənəcək. Faktlar da onu göstərir ki, həqiqətən Ermənistanın iqtisadi resursları artıq tükənib. Birmənalı olaraq bu savaşdan məğlub çıxıb.

Növbəti beynəlxalq silsilə müzakirələrimiz "Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri” mövzusunda keçirildi. Orda da hər kəsin gəldiyi ortaq qənaət bu oldu ki, Vətən müharibəsi birmənalı olaraq əhalinin məmnunluğunu artırdı, milli mənlik şüurunu ən yüksək səviyyəyə yüksəltdi. Bu cür tədbirlər davam edəcək.

Elm adamları olaraq bizdən asılı olan nə varsa, etməyə çalışırıq. Keçən il işğal nəticəsində Qarabağa dəymiş zərərin qiymətləndirilməsinə dair metodologiya çap etdirmişdik. Orda ekoloji, sosial, iqtisadi və digər sahələrdə Ermənistanın törətdiyi bütün zərərlərin qiymətləndirilməsi üçün yanaşmalar elmi əsaslarla öz əksini tapıb. Şübhəsiz, işğaldan azad olunan ərazilərimizin bərpası ilə bağlı da böyük işlərimiz olacaq. Yaxşı planlarımız var. Ancaq mən çox istərdim Qarabağda müasir tələblərə cavab verən, XXI əsr təhsilində özünü təsdiq etmiş yeni trendlərin tətbiqi ilə dünya səviyyəli, yeni model universitet qurulsun...

Ən böyük arzum anamı atamın yanında dəfn etməkdir

- O ki qaldı mənim öz şəxsi arzularıma... Deyim ki, Qarabağın azad olunacağına inanmırdım, xeyr, hər zaman sidqi-ürəkdən inanmışam. Bu inamla, ümidlə yaşamışam. Ali Baş Komandan xalqımızın, ölkəmizin həyatında yeni bir tarix yazdı. Torpaqlarımız azad olunduqca, qələbə xəbərləri gəldikcə hər bir azərbaycanlı eyni hissləri keçirdi, əlləri əsdi, dodaqarı titrədi, gözləri yaşardı, ürəyi döyündü...

Biz 30 ildi bu Qələbə gününü gözləyirdik. Bu günün həsrətilə nə qədər yaxınlarımız, doğmalarımız dünyadan köçdü. Təəssüf ki, onlar bu xoş günləri görə bilmədi. Amma hər birinin ruhu şaddır artıq...

Anam 3 il bundan öncə dünyasını dəyişdi. Bərdədə dəfn etdik. Özü istəmişdi orda torpağa tapşıraq ki, atamıza yaxın olsun...

Çox maraqlıdır ki, indiyə qədər kəndimizi bir dəfə də olsun yuxuda görməmişəm. 3 ildi anam yoxdu bu dünyada. O da heç yuxuma girməyib. Halbuki o qədər istəyirəm yuxuma gəlsin, mənə nəsə desin. Anam özü yuxuda kəndimizi tez-tez görürdü, durub ağlayırdı. Çox darıxırdı... Ürəyi, ruhu, atamın məzarı... orda qalmışdı. Kənddən heç bir əşya çıxarmamışdılar ki, heç olmasa onu yadigar kimi saxlasınlar.

Son dövrlər anam şeirlər yazırdı.

Həmin şeirləri hər oğlu və qızı üçün ayrı-ayrı qalın dəftərə öz əli ilə yazıb verib. Etiraf edim ki, o şeirləri hələ də oxumamışam. Üç ildir cəsarətimi toplayıb bunu edə bilməmişəm. Bilirəm ki, orda kövrək şeirlər çoxdur...

Bir də anam palaz, xalça toxuyardı. Bütün uşaqlarına palaz toxuyub vermişdi. Mənə hədiyyə etdiyi xurcun və palaz bu gün də evimdədi, mənim üçün ən dəyərli əşyadı. Mən o palazın üzərinə ayağımı qoyanda tamam başqa hisslər keçirirəm. Elə bilirəm anam oturub yanımda, nəsə danışır.

Əslində isə anam çox danışan olmayıb. Bircə atam haqqında söz açılanda susmurdu... Elə onu deyirdi ki, torpağımız işğaldan azad olunanda məni atanızın yanında dəfn edərsiniz. Bu, onun son arzusu, vəsiyyəti idi. Mənim də oğul kimi ən böyük arzum 27 il sonra atamın məzarını ziyarət etmək və anamı atamın yanında dəfn etməkdir. Çox şükür, tezliklə anamın arzusunu, vəsiyyətini gerçəkləşdirəcəm...

Ancaq kəndimizə ilk dəfə ayaq basanda nə edəcəm, necə davranacam təsəvvür edə bilmirəm. Hər zaman xəyal qururdum ki, doğma elimizə-obamıza qayıdanda anama necə bir səhnə qurum? Çünki deyirdi mən kəndə ayaqyalın, sürünə-sürünə gedəcəm. Heyf, o günləri görmək qisməti olmadı.

Amma yenə də onun ruhu qarşısında övlad borcumu yerinə yetirmək üçün o səhnə üzərində düşünürəm. Bilmirəm ilk dəfə həyətimizə necə gedim, evimizə necə daxil olum...

Çətindir...

Amma bildiyi bir şey var Ədalət Muradovun...

Uşaqlığının, həyatının ən unudulmaz illərinin keçdiyi, xatirələrlə dolu ata ocağını yenidən quracaq... Həyətlərini yenidən abad edəcək, gül-çiçək, ağac əkəcək... O ev əvvəllər olduğu kimi, yenə də uşaqlarla qaynayıb-qarışacaq... Şən, mehriban danışıqlar, gülüş səsləri evdən həyətə yayılacaq... Ata-anası, ailə üzvlərinin bir neçəsi orda olmasa da, ruhları o evdə, o həyətdə, o kənddə şad dolaşacaq....

Özü isə anasının hədiyyə etdiyi palazı həyətdə otun üstünə sərib oturacaq...

Qədimi xurcunun içindən anasının öz əli ilə yazdığı şeirlər dəftərini çıxarıb, nəhayət, oxumağa başlayacaq...

Uzaqdan isə "Qarabağ şikəstəsi”nin sədaları ucalacaq...

İllər öncə ana ilə balanın görüş anında ucaldığı kimi...

Xəyalə MURADLI,
"Azərbaycan” qəzeti


Вставляется в месте расположения рекламного блока:

Şərhlər

İlqar Babayev 2020-11-21 20:16:32

Çox kövrəldim yazını oxuyarkən.

İlqar Babayev 2020-11-21 18:44:47

Çox təsirli yazıdır.Təşəkkürlər.

İlqar Babayev 2020-11-21 16:22:38

Çox mütəəssir oldum.

Xalq 2020-11-21 15:52:13

Gözəl yazıdır, bu oçerkə görə təşəkkürlər!

Son yazılar