“Dağlıq Qarabağ məsələsində millətimizə yaraşan xarakter ortaya qoyduq. Ermənilər Azərbaycan torpaqlarına hücum etdikləri zaman bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın köməyinə qaçdıq”. “Haber Global”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ortaq tarix, mədəniyyət, inanc və dil birliyimiz nəyi tələb edirdisə, onu da edərək, Dağlıq Qarabağ və işğal altındakı digər Azərbaycan torpaqlarının azadlığa qovuşmasına töhfə verdik.

Dağlıq Qarabağdakı mövqeyi ilə Türkiyə, eyni zamanda, CHP-nin Boraltan faciəsində millətimizə yaşatdığı xəcalətdən qurtuldu. Azərbaycanlı qardaşlarımızın mübarizələri nəticəsində, həmd olsun, bu gün artıq Qarabağ səmasını artıq əski parçaları deyil, hilal və ulduz bəzəyir.

Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlığının timsalı kimi qürurla Dağlıq Qarabağda dalğalanır. İnşallah, Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin edəcək dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru əlaqəsinə də sahib olacağıq.

30 illik işğaldan sonra Azərbaycan öz torpaqlarına qovuşmağın haqlı sevincini yaşayır. Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.


Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan heç kimin torpağına əl uzatmayıb, heç kimə hücum etməyib, BMT və ATƏT qərarlarına baxmayaraq, 30 il işğalda saxlanılan torpaqlarını azad edib.

Bunu da ermənilər kimi dinc əhali və məskunlaşma ərazilərini hədəf alaraq deyil, hüquq çərçivəsində qalaraq yerinə yetirib. Belə olan halda Minsk qrupunun həmsədri Fransanın parlamentində qəbul edilən qalmaqaldan əlavə tam bir fəlakətdir.

Qardaşım İlham Əliyevin dediyi kimi, Fransa əgər erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Ancaq heç bir dövlətin digərinin suveren hüquqlarına bu şəkildə alçaqcasına hücum etmək haqqı yoxdur.

Suriyadan Liviyaya qədər hər yerdə bənzər yanaşma göstərən Fransa bu qərarı ilə artıq həllin deyil, problemin bir parçası olduğunu, heç bir yerdə obyektiv yanaşma ilə fəaliyyət göstərə bilməyəcəyini sübuta yetirib”, - deyə R.Ərdoğan bildirib.

Ərdoğan çıxışında deyib ki, bu ermənilərin xislətini tarixdən ən yaxşı qarslılar bilir..

Ərdoğan bildirib ki, Qarabağdakı zəfərdən ən çox qazanan bölgələrdən biri də Türkiyənin Qars vilayəti olacaq: “Azərbaycanlı qardaşlarımızın qətiyyətli mübarizəsi nəticəsində Dağlıq Qarabağda Azərbaycan bayrağı qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasında quru yol və dəmiryolu bərpa olunduqdan sonra Azərbaycanla birbaşa əlaqəyə sahib olacağıq. Bu əlaqələrdən ən çox faydanı görən yerlərin başında Qars gəlir. 30 illik işğalın ardından Azərbaycan öz torpaqlarına qovuşmanın haqlı sevincini yaşayır”.