"BEŞİNCİ KOLON" MOSKVADAN YENİ TƏLİMATLAR ALIB? - Və ya anti-milli ünsürlərin fəallaşmasının arxasında nə dayanır?

Artıq bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti böyük qalibiyyətlə yekunlaşmış Vətən Müharibəsinin nəticələrini müzakirə edir. Canlarını Vətən üçün fəda etmiş Şəhidlərimizin, bu yolda qazi olmuş igidlərimizin şücaətləri haqda hər gün öyrəndiyimiz yeni məlumatlar milli qürurumuzu yüksəldir, millətimizin birliyini, dövlətinə bağlılığını daha da artırır.

Hər kəs əlindən gəldiyi qədər Şəhidlərimizin, qazilərimizin ailələrinə yardım olmağa, onların problemlərinin həllinə kömək etməyə çalışır. Təsadüfi deyil ki, müharibə bitsə də, orduya dəstək kampaniyaları dayanmayıb, vətəndaşlarımız hərbçilərimizin təminatında iştirak etməyə çalışırlar.

Həyəcanlı gözləntilər də var. Hamı dekabrın 10-da Azərbaycanın strateji müttəfiqi, qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı Qələbə Paradını səbirsizliklə gözləyir. Paradda yeni, müasir silahlarla yanaşı düşməndən qənimət kimi götürülmüş hərbi texnikanın bir hissəsi də nümayiş etdiriləcək.

Ancaq nə yazıq ki, milli birliyin, həmrəyliyin davam etdiyi bu günlərdə ictimai rəyi dəyişməyə çalışan, köhnə mənfi tendensiyaların qabarmasında maraqlı olan bəzi qüvvələrin fəallaşması da müşahidə edilir. Moskvaya xidmət edən "beşinci kolon"un təmsilçiləri olan bu qüvvələr, əsasən, Azərbaycanda milli birliyi parçalamağa, millətin özünə və dövlətinə olan inamını sarsıtmağa, xalqla hakimiyyət arasına nifaq toxumu səpməyə və beləliklə də ölkədə Rusiyanın təsirini yenidən gücləndirməyə zəmin hazırlamağa çalışırlar.

Ümumiyyətlə, Moskvaya xidmət etdiyi şübhə doğurmayan deputatların, media “kapitanlarının”, partiya rəhbərlərinin çıxışlarına, verdikləri açıqlamalara baxdıqda onların aşağıdakı məqsədləri güddükləri aydın müşahidə olunur:

- Azərbaycan Ordusunun düşmən üzərində parlaq zəfərini gözdən salmaq;

- Milli birliyi zədələmək, millətin özünə, öz gücünə olan inamını sarsıtmaq;

- Xalqla hakimiyyət arasında nifaq salmaq, insanlarda dövlətə inamsızlıq formalaşdırmaq;

- Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, strateji müttəfiqlik münasibətlərini ictimai rəydə zədələmək;

- Qələbimizdə Türkiyənin dəstəyinin rolunu azaltmaq, heç bir fakt, əsas olmadığı halda zəfərimizi Rusiyanın “icazəsi” ilə bağlamaq;

- Rusiyanın müharibə dövrü Ermənistana verdiyi dəstəyi xalqa unutdurmaq;

- Ölkədə yenə siyasi tərəflər arasında düşmənçilik yaratmaq və s.

Bu günlərdə geniş müzakirə olunan deputat Rasim Musabəyovun məlum açıqlamasının da, ölkənin bəzi tanınmış mətbu orqanlarında onun insanları təhqir edən açıqlamalarının tirajlanmasının da qeyd olunan məqsədlərə xidmət etdiyi şübhə doğurmur.

Elə keçmiş Xarici İşlər nazirinin Türkiyə ordusunun Azərbaycana gəlməsini istəyənləri təhqir etməsi, bəzi “müxalifət” partiya rəhbərlərinin Şəhidlərimizin, qazilərimizin şücaəti hesabına əldə etdiyi qələbəni dəyərdən salıb, bunları Rusiyanın ayağına yazmaq cəhdi də "beşinci kolon"un hərəkətə keçmək üçün təlimat aldığından xəbər verir. Onlar çox zirəkdirlər, estafet ildırım sürəti ilə bir-birinə ötürür, eyni fikri müxtəlif formalarda cilalayıb ictimai rəyə sırımağa çalışırlar.

Müharibə bitdikdən dərhal sonra aktivləşən "beşinci kolon"un təmsilçiləri Rusiya sevgisini hər fürsətdə izhar etməklə kifayətlənməyib, erməni işğalçılarını da Moskvanın icazəsi ilə əzib, məğlub etdiyimizi iddia edirlər. Təbii ki, aldıqları təlimatla...

Rus bayrağı ilə Şəhidlər Xiyabanına yürüş etmək də eyni mərkəzdən verilən təlimat idi. Bu tezislərlə o bayraqlar necə də bir-biri ilə uyğunluq təşkil edirlər...

Əlbəttə, bunlar tamamilə cəfəng, dövlətin siyasətinə qarşı məkirli niyyətlə söylənmiş fikirlər və hərəkətlərdir. Azərbaycan Ordusu minlərlə Şəhid verərək, torpaqlarımızı düşməndən azad edib. Hər kənd, hər qəsəbə, hər şəhər onların misilsiz rəşadəti, tökdükləri qanlar hesabına azad olunub. Bu zaman Rusiya Ermənistana təyyarələrlə silah daşıyıb düşməni biabırçı məğlubiyyətdən qurtarmağa çalışırdı. Düşməni ən müasir silahlarla silahlandırıb daha çox Azərbaycan əsgərinin qanını tökməyə həvəsləndirirdi.

"Beşinci kolon"un təmsilçiləri Rusiyanı qələbəyə şərik qoşmaqla bərabər Türkiyənin qardaş Azərbaycana əvəzsiz dəstəyini aşağılamağa çalışır. Türkiyə rəhbərliyinin yorulmaz fəaliyyəti, ölkəmizə, ordumuza tam dəstəyi müxtəlif manipulyasiya cəhdləri ilə kölgələnir.

Azərbaycanda bilməyən yoxdur ki, Türkiyə dövlətinin mənəvi, siyasi dəstəyi xalqımıza, ordumuza ruh verdi. Qələbəmizdə məhz onların da böyük payı var. Bu dəstək Azərbaycanda Türkiyə sevgisini, məhəbbətini daha da artırır ki, “beşinci kolon” bundan çox narahatdır.

Onlar Türkiyənin Azərbaycana dəstəyini kiçiltməyə, düşmənin müttəfiqi olduğunu, ona hər cür dəstək verdiyini bəyan edən Moskvanı Qafqazın sahibi kimi göstərməyə çalışırlar ki, bu da yumşaq desək, milli xəyanətdir.

Bu zaman da əsas hədəf,  qeyd etdiyimiz kimi, qələbəyə kölgə salıb, Rusiya faktorunu şişirtməklə xalq-dövlət birliyini sarsıtmaqdır. Milli həmrəyliyi pozmaq, cəmiyyətdə dövlətə inamsızlıq yaratmaq, xalqla hakimiyyətin fərqli mövqelərdə olduğunu göstərmək onların əsas hədəfidir. Çünki cəmiyyətdə belə bir rəy var ki, deputatın və ya hansısa oliqarxın bəslədiyi “konstruktiv müxalifət” rəhbərinin fikri dövlətin mövqeyini ifadə edir. 

Halbuki bu adamlar Ramiz Mehdiyevin ölkədə siyasi proseslərə yön verdiyi dövrdə müxtəlif qurumlara yerləşdirilmiş “beşinci kolon”un təmsilçiləridir. Məqsədləri də, ilk növbədə, hakimiyyəti gücsüz buraxmaq, xalqla dövlət arasına narazılıq toxumu səpməkdir.

Elə bahalı maşınlarda Rusiya bayrağı ilə Şəhidlər Xiyabanına yürüş etməyi də bu məqsədlə fikirləşiblər ki, xalqda narazılıq, inamsızlıq yaratsınlar.

Çünki milli birlik pozulduqda "beşinci kolon" üçün çox rahat olur, onların əvvəlki təsir, təzyiq metodları geri qayıdır, niyyətlərini gerçəkləşdirmək üçün münbit şərait formalaşır.

Buna görə də onların niyyətlərini gerçəkləşdirməyə qətiyyən imkan vermək olmaz! Bu, Şəhidlərimizi ruhu qarşısında hər bir Azərbaycan vətəndaşının borcudur!

Millət vəkili Vahid Əhmədov bu qüvvələrə qarşı mübarizənin formulunu dəqiq verib: "Onların başını əzmək lazımdır!"

Bəs bunun üçün nə etmək gərəkir?

İlk növbədə, bu cür çıxışların müəlliflərinin niyyətləri ifşa edilməli, onlar total ictimai qınaq obyektinə çevrilməlidirlər. Mətbuat nümayəndələri onlarla əlaqəni kəsməli, mediada çıxışlarının qarşısı alınmalıdır.

İkincisi, bu adamlar ictimai-siyasi fəaliyyətlər qanunvericiliyin imkan verdiyi şərtlər daxilində ciddi nəzarətə götürülməlidir. Eyni zamanda belələrinin mandatdan məhrum edilməsi, fəaliyətlərinin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırması gündəmə gətirilməlidir.

Bu cür qüvvələrin Azərbaycanın siyasi həyatında söz sahibi kimi qalmasına qətiyyən imkan verilməməlidir. Eyni ekspansiyadan əziyyət çəkən Şərqi Avropa ölkələrinin, Ukraynanın, Pribaltika respublikalarının təcrübəsindən çıxış etməklə yeni qanunvericilik sistemi də yaratmaq zəruridir.

Üçüncüsü, ölkədə xalq-dövlət birliyini möhkəmləndirmək üçün, siyasi, iqtisadi sahələrdə ciddi islahatlar həyata keçirilməlidir. Seçki sistemi təkmilləşdirilməli, müstəqil məhkəmə hakimiyyətinə təminat verilməli, korrupsiya və monopoliyaya qarşı mübarizə gücləndirilməlidir. Ən yaxın vaxtda yeni parlament seçkiləri keçirilərək Milli Məclisi anti-milli ünsürlərdən tam təmizləmək lazımdır.

Bu islahatlar ölkənin hüquq və sosial təminat sistemini, gənclər siyasətini və bütün başqa vacib sahələri əhatə etməlidir. Dövlət-xalq birliyi möhkəm təməllər üzərində ucaldılmalıdır. O zaman "beşinci kolon" tör-töküntüləri, imperiya aşiqləri, xarici agentlər bu ölkədə meydan qazana bilməz...

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Məzahir 2020-12-11 15:43:41

Baş nqzirin müavini Eyyubovu və Zahid Orucu yaddan çxarmayın !

Akif m. 2020-12-11 10:10:09

Şərhlərdə çox doğru fikirlər söylənilir. İnsanlar hər şeyi görür və onlar bu gördüklərini hər dəfə Milli Məclisə demokratik olmayan yolla seçilmiş deputatların tərəzisi ilə deyil, öz tərəziləri ilə ölçürlər. Belə deputatlar hələki öz xeyirlərinə olan mövqelərini müxtəlif təzyiq, təhdidlərlə prosesi sürüyüb öz arxalarınca aparırlar. Ta o vaxta kimi ki, bu statustdan əlləri üzülsə, bundan sonrakı həyatlarını istədikləri kimi təmin edəcək şərait artıq mövcud olur . İnsanları nə qədər qorxutmaq olar ki, görmə, danışma... 2 əsrdən artıq davam edən işğal tarixini ləğv edib , Zəfər tarixini yazan Cənab Prezident Ədalət tarixini də yazmalıdır. Ədalət bərqərar olmalıdır. Ümummilli liderin “Qoy ədalət zəfər çalsın” çağırışı bu günümüz üçün də bir ölçüyə, normaya çevrilməlidir. Milli Məclis seçkilər yenidən keçirilsin. Bir şəxsin 2 çağırışdan artıq müddətə namizədliyinə yasaq qoyulsun. P.S: Bu statusu dünən də yazıb paylaşmışam. Amma birbaşa şərh yerinin üstündə: indi kənarda yazıb, ordan kopi edib şərh yerinə qoyacağam. Çox qısa müddətdə yazmalısan, yoxsa, çox az vaxtda yazdıqların itir. Yazı çıxandan sonra xətaları görüb adam pis olur. Hörmətli oxuculardan və Azpolitika əməkdaşlarından üzr istəyirəm. Azpolitikadan xahiş edirəm ki, oxucuların öz səhflərini təshih edə bilmək funksiyasını yazıların sonunda yerləşdirsinlər.

Akif m. 2020-12-10 18:52:59

Çox doğru fikirlər söylənilir. İnsanlar görür, bu cürə ədalətsiz yolla dəfələrlə Milli Məclisə seçdiriklən deputatların tərəzisi ilə deyil, hərə öz tərəzisi ilə ölçür. Müxtəlif təzyiq, təhdidlərlə prosesi sürüyüb öz ardlarınca aparırlar. Ta o vaxta kimi ki, bu statustdan əli üzülsə, bundan sonrakı həyatını istədiyi kimi təmin edəcək şərait qurur özünə. İnsanları nə qədər qorxutmaq olar ki, görmə, danışma... 2 əsrdən artıq davam edən işğal tarixini ləğv edib , Zəfər tarixini yazan Prezident Ədalət tarixini yazmalıdır. Ədalət bərqərar olmalıdır. Ümummilli liderin “Qoy ədalət zəfər çalsın” çağırışı bu günümüz üçün də bir ölçüyə, normaya çevrilməlidir. Milli Məclis seçkilər yenidən keçirilsin. Bir şəxsin 2 çağırışdan artıq müddətə namizədliyinə yasaq qoyulsun.

Hiadayət 2020-12-10 03:07:52

Tam döğru

İşsiz 2020-12-10 02:22:08

İNANDIRIM SİZİ ADLARI SADALANMASA 5-Cİ KALON DEMƏKLƏ İŞ BİTMİR.BAŞDA RAMİZ MEHDİYEV OLMAQLA HAMININ ADI ÇƏKİLMƏLİDİR Kİ XALQ BİLSİN YOXSA 5-Cİ KALON DEYİB DURMUŞUQ.

Canpolad 2020-12-09 20:37:06

Adlarını bir bir ictimaiyyət bildirib ifşa etmək lazımdır sonra heç kim onlara inanmayacaq beləcə zərərsizləşəcəklər.

Pisi 2020-12-09 19:35:27

5ci kolon ramiz mehdiyev ve onun vezifeye teyin etdiyi himaye etdiyi kadrlardi deputatlardi..

E.Rüstəmli - yə 2020-12-09 18:15:18

Cenab E.Rüstəmli, niye, 10 noyabr gece saat 02 - 03 vaxtinda, olke bashchisi, XALQ ile MESLEHETLESHMEDEN, imzaladi Putinin teqdim etdiyi anti - Azerbaycan senedlerini ( 9 shertlerini ), niye raziliq verdi rus DESANT qoshunlarinin Azerbaycana DAXIL OLMASINA ? Bu meqalede , 5 - ci kolon barede yazdiqinizi, XALQ BILIR, amma, Aramis Djindojan ...

Kaku 2020-12-09 17:30:55

3 u deqiq melumdu zahid oruc rasim musabeyov ve bulbulun oglu

Vasif 2020-12-09 17:12:28

Hakimiyyət bunlara qarşı ölçü götüeəli,parlamentdən.dövlət idarəçiliyindən dərhal uzaqlaşdırmalıdır ki, ölkədə ab-havanı korlamasınlar.Onlar hamıya bəllidir.

turan 2020-12-09 15:11:41

bu antimilliünsürlərdən qurtulmağın tək yolu MM-ə yeni seçkilərin keçirilməsi və onların oradan təmizlənməsidir

Cəmşid Dərələyəzli 2020-12-09 12:11:54

Müəlif “Ən yaxın vaxtda yeni parlament seçkiləri keçirilərək Milli Məclisi anti-milli ünsürlərdən tam təmizləmək lazımdır” deyir. Bəli çox düzgün qənətdi. Dəfələrlə demişəm və cənab Prezidentin e. poçtuna da yazmışam ki, uzağı gələn il Milli Məclis buraxılmalı, Konistitutsiyada dəyişiklik edib, yeni parlament seçgilərinə və refenduma gedilməli və sistem dəyişilməlidir. Bununla da illərdir hakimiyyətin müxtəlif qollarında kök salmış qanı pozuk beşinci kalonun tör-töküntüləri süpürülüb hakimiyyətdən atılmalıdfırlar. Vətən müharibəsindəki qələbə təbii ki onların arzularını içlərində qoyub. Odur ki, indi hara gəldi saldırırlar. Ona görə də bütün bu işlərə başlamadan əvvəl, düşünürəm öncə iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra aparatında köklü islahatlar aparılmalı başda Əli Əhmədov (hər halda Siyavuşun aqibəti bunu deməyə əsas verir) olmaqla hamısı göndərilməlidir. Çünki, onların bir çoxu bu partiyanın niqabından yararlanıb, Ölkə Başçısının bütün alanlarda qarşıya qoymuş olduğu hədəflərə (ən əsası seçgidə YAP siyahısına belə adamları saldıqları üçün, nə yazıq ki belələri də az deyil) hər vəhclə mane olmağa çalışırlar. İnşallah gələn il, ölkə başçısı bu yöndə bir çox ilkələrə imza atar.

OQTAY 2020-12-09 12:04:47

Ilanin balaca vaxtinda,basina ezmek lazimdir!!!E.Rustemli,cox duzgun tehlil etmisiniz,var olun!!!Kokunu,ecdadini derk elemeyen manqurdlar,ermeninidende,rusdanda daha tehlukelidir!!!Allah onlara lehnet elesin!!!

Yusif 2020-12-09 11:59:02

5 -ci kolonu ifşa etmək lazımdı. Amma bu məqalədə bir dənə də ad göstərmirsiniz. Bunları məhv etməknücün acıq aydın adların yazmalısənız. Yoxsa bu cür onları ləgv etmək olmaz

Cavan 2020-12-09 11:57:27

Çox vaxtında yazılmış,mükəmməl olaraq ictimai siyasi vəziyyəti əks etdirən məqalədir.Putin Rusiyası müharibənin belə qurtarmasını ağlında

Xalq 2020-12-09 11:55:47

Bu məqaləni lap axırıncı vergülünə kimi dəstəkləyirik. Məqalə müəllifi E.Rüstəmliyə bu məqaləsinə görə bütün ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm. Siz dəstəklənirsiniz millət tərəfindən!

t.ədalət 2020-12-09 11:47:17

Bu rus casusları Azərbaycanın müstəqilliyinə həmişə qənim kəsiliblər.Şübhə yox ki,belələri zatında erməni qanı olanlardır.Anti-türk olan,təkcə Rasim Musabekov yox,Polad Bülbüloğlu,Elmira Axundova ,deputat Könül Nurullayeva və b.var.Təəssüf ki onlar yenə də öz ammpulalarındadırlar.

Nazim 2020-12-09 11:02:31

Uzun uzadi daniwmaq da olar ancaq cixiw yolunu daha konkret gostermek de olar: tecili ramiz mehdiyev fealiyyeti yoxlanilmaqla hebs edilmelidir, eks teqirde o, nelerse edecekdir...

Aqil 2020-12-09 10:22:40

5-kalonun əndişəsi başa düşüləndir, çünki bu illər ərzində onlar "qazandıqlarını itirəcəklər.Onlar PKK və Fetö-nu yönəldiciləridir.Bir sözlə Türk düşmənləridir. ...

Cavan 2020-12-09 10:01:52

Türkiyə sevgisi bizim qəlbimizdə,ürəyimizdədir.Rusiyanın etdikləri də xalqımızın yadından heç vaxt çıxmayacaq.20 yanvar,Xocalı faciəsi,ermənilərə kömək edərək torpaqlarımızın işğalına şərait yaratmaq və s.Hörmətli Vahid müəllimin dediyi kimi 5-ci kolonun başı əzilməli dövlət orqanlarından təmizlənməlidirlər.Onların gözü həmişə şimala baxaraq komanda gözləyəcəklər.Onlar Fötöçulərdən də təhlükəlidirlər.Musabekov nə qədər qudurub ki,Prezdentin siyasətinin əlehinə belə çıxmağa cürət edir.Çünki,o da bilir ki,onların axırı çatıb.Yaşasın Azərbaycan Türkiyə qardaşlığı.

Cavan 2020-12-09 09:49:16

Çox vaxtında yazılmış,mükəmməl olaraq ictimai siyasi vəziyyəti əks etdirən məqalədir.Putin Rusiyası müharibənin belə qurtarmasını ağlında

Vətəndaş 2020-12-09 09:43:49

5-ci kolon ruspərəstlərdirlər. Onlar da kimlərdir hamıya aydındır. Məurların deputatların çoxu. Rus ordusunun ərazimizə girməyinə sevinənlər

Son yazılar