“Azərbaycan Ordusunun üstünlüyü nəticəsində şəhər nəzarətimizdən çıxdı”

Ermənistan siyasi elitasında Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətin səbəblərinə dair qarşılıqlı ittiham və didişmələr davam edir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın keçmiş Müdafiə naziri və Xocalı qətliamının əsas təşkilatçılarından biri olan Seyran Ohanyan erməni mətbuatına müsahibəsində Şuşanın işğaldan azad edilməsilə bağlı bəzi detalları açıqlayıb. “Armnews” saytında verdiyi müsahibədə Xocalı qatili Şuşanın ermənilərin əlindən çıxmasına görə məsuliyyət daşımadığını və şəhərin müdafiəsinə rəhbərlik etmədiyini deyib. Hansı ki, həmin vaxt erməni mətbuatında Paşinyanın Şuşanın müdafiəsini məhz ona həvalə etdiyinə dair məlumatlar yayılmışdı.

Ohanyan deyib ki, Azərbaycan ordusunun Şuşaya hücumu zamanı şəhərdə olub: “Mən Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etməmişəm. Ora öz təşəbbüsümlə getmişəm və Artsax (Qarabağ-red.) müdafiə ordusunun komandanlığı ilə əlaqəm yox idi. Şuşada özünümüdafiə dəstəsi formalaşdırmağa kömək etdim. Biz 16 nəfər idik, mən onların hamısından yaşlı idim.”

Xocalı qatili Şuşadan qaçdığını dolayısı ilə etiraf edib və bildirib ki, yaşlı və bir ayağı protez olduğu üçün başqa çıxış yolu qalmayıb: “Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə alınmışdıq. 10 saat mühasirədə qaldıq. İki keçmiş köməkçim Sergey Ayrapetov və Vage Sirunyan qəhrəmanlıq göstərərək həlak oldular və onların taktikası sayəsində biz mühasirədən çıxa bildik. Mənim qaçdığım haqqında deyilənlər yalandı. Çünki ayağımın biri protezdir və yaşlıyam. Əsgərlər mənə dəfələrlə şəhərdən çıxmağı təklif etdilər, lakin mən qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini aşkarladı. Qərara alındı ki, oranı tərk edək və noyabrın 6-da səhər saatlarında biz Şuşadan çıxdıq. Şəhərin satqınlıq nəticəsində işğal olunduğu barədə deyilənlər doğru deyil. Azərbaycan Ordusunun üstünlüyü sayəsində şəhər nəzarətimizdən çıxdı. Azərbaycanlılar ətraf meşəliklərdən istifadə edərək şəhərin yanından keçmişdilər. Döyüşlər bundan sonra da davam edirdi, qarşı tərəfin üstünlüyü həlledici oldu.”

Göründüyü kimi, vaxtilə “keçilməz Ohanyan səddi”nin müəllifi, Xocalı qətliamının əsas iştirakçılarından biri olan bu məxluq erməni ordusunun və özünün acizliyini, Azərbaycan Ordusunun isə qüdrətini etiraf etməli olub. Bu müsahibədə əsas məqsəd isə guya onun sonadək Şuşada qaldığı, əlindən gələni etdiyi, lakin Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədiklərini erməni cəmiyyətinə çatdırmaqdır.

Bir daha xatırladaq ki, Seyran Ohanyan Rusiyanın 366-cı alayının zabiti kimi Xocalı qətliamında iştirak edib, 1992-ci ildə isə Şuşanı işğal edən birliklərdən birinin rəhbəri olub. Lakin tarixi ədalət, nəhayət, bərqərar olaraq, ona və onun kimilərinə bu rəzil durumu yaşatdı, Şuşanın və digər işğal olunmuş ərazilərimizin geri qaytarılmasını görmək əzabını ona nəsib etdi.

Cəlal MƏMMƏDOV

“AzPolitika.info”