Rəsmi Bakıya şimaldan ayrılmış seçim limiti bitməkdə- MDB-nin Minsk sammiti Bakı üçün sonuncu ola bilər

Ötən həftəsonu MDB-nin Minskdə keçirilən sammiti bir neçə məqamla yadda qaldı. Onlardan biri də Ermənistan prezidenti Serj Sərkisyanın tədbir çərçivəsində Avrasiya Birliyinə (AB) qoşulmaq haqda sazişi imzalaması oldu. Bundan öncə Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstan sazişə qoşulmuş, sənədi ratifikasiya etmişdilər.

Ermənistanla bağlı ləngimə, bəllidir ki, Azərbaycanın, daha dəqiqi, prezident İlham Əliyevin şərti ilə bağlı idi. Həmin şərt işğalçı ölkənin quruma özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə, Dağlıq Qarabağsız girməsi barədə idi. Beləliklə, Azərbaycanın şərti tam ödənilmiş sayıla bilər. Bu, heç şübhəsiz, rəsmi Bakı üçün diplomatik uğurdur. Lakin bir şıra ekspertlər hesab edir ki, bundan sonra Avrasiya layihələri ilə bağlı Kremlin Azərbaycana qarşı yeni təzyiqlərinin önü də açılır. Çünki məntiqlə indi Azərbaycanın yeni quruma qoşulmaması üçün Qarabağ məsələsi xaric, elə bir şərti qalmayıb.

Qərbin sanksiyalarından dolayı xeyli əsəbi olan Putin isə tələsir. Həm də o səbəbə ki, Ukraynanı özünün neo-SSRİ layihələrinə qoşacağına daha əvvəlki tək əmin deyil. Odur ki, əldəki “imkanlarla” yetərlənmək, olan-qalan “satellit ölkələr”lə projenin ikinci, sonuncu mərhələsini yekunlaşdırmaq barədə düşünür. Bu mərhələdə isə əsas hədəf dövlət, sözsüz ki, Azərbaycandır - Ukraynanı potensial olaraq əvəzləyəcək alternativ və açar ölkə.

Buradaca qeyd edək ki, MDB-nin növbəti sammitinin Putinin təklifi ilə gələn ilin mayında Moskvada - faşizm üzərində qələbənin 70 illiyində keçirilməsi haqda qərar qəbul edilib. İstisna deyil ki, Kreml rəhbəri həmin tarixə həm də Azərbaycanın da daxil olacağı “mini-SSRİ-nin” “doğum şəhadətnaməsi” ilə gəlmək, yəni 70 illik yubiley paradı ilə yanaşı, bir “qələbə sammiti” də düzənləmək istəyir.

Bəs, Putin qarşıdakı bir neçə ayda Azərbaycanı ram edə biləcəkmi, yoxsa MDB-nin Minsk toplantısı Kiyev kimi Bakı üçün də sonuncu olacaq? Söyləmək çətindir. Bir şey dəqiqdir ki, Moskvanın Avrasiya layihələrinə qoşulmaq üçün Azərbaycana ayırdığı vaxt limiti bitir. Limitin bitmək üzrə olması isə şimal qonşumuzun yeni sürprizlərinə hazır olmağı diktə edir.

Məsələn, diqqətçəkəndir ki, Minsk sammitindən dərhal sonra Putin ilk dəfə olaraq müdafiə naziri Sergey Şoyqunu ölkəmizə göndərib. Bu gün başlayacaq səfərlə, demək olar, eyni vaxtda isə Rusiya Ermənistanda geniş miqyaslı hərbi təlimlərə start verib: oktyabrın 13-dən 19-na kimi Ermənistanda Rusiyanın cənub hərbi dairəsinin hərbi bazasına aid bütün hərbi hissələrin qatılacağı taktiki təlimlər keçiriləcək. Təlimlərdə 3 minə yaxın hərbi qulluqçunun, 500-ə yaxın hərbi və xüsusi texnika vahidinin və İrəvan yaxınlığındakı Erebuni məntəqəsində dislokasiya edilmiş Rusiya aviasiya birləşməsinə məxsus “MiQ-29" qırıcılarının iştirakı gözlənilir.

Bu, təbii ki, Rusiyanın bölgə ölkələrinə, özəlliklə də “ipə-sapa yatmayan” Azərbaycana “əzələ nümayişi”dir. Az öncə Moskva Xəzəryanı ölkələrin rəhbərlərinin Həştərxan zirvəsində analoji güc

nümayişinə cəhd etmişdi. Günlərin birində belə mesajların praktikaya yönəldilməyəcəyinə isə heç kim zəmanət verə bilməz. Çünki Rusiya hazırda dünyanın ən proqnoz edilməyən ölkələrindəndir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə əmindir ki, Rusiyanın təhdid mesajları artıq açıq formaya keçib (axar.az). Onun qənaətincə, hətta Rusiyanın Azərbaycanda çevriliş cəhdləri də qüvvədədir və bu cür təhlükələr qalır. Sitat: “Çevriliş üçün iki faktor önəmlidir - hərbi güc və maliyyə (bura ”5-ci kolon"u da əlavə eləmək olar - S.Ş.). Çox təəssüf ki, hər iki sektorda Kremlin diktəsi ilə işləyən şəxslər var. Onlar haqda rəsmi Bakı da məlumatlıdır... Rusiya iqtisadi böhran astanasındadır. Təbii ki, o, bu bataqlıqda tək batmaq istəmir və özü ilə birgə təsir dairəsi güclü olan dövlətləri də dartıb aparmaq istəyir".

Təhlilçiyə görə, Rusiya əvvəllər Qarabağ faktorundan istifadə edirdisə, indi müəyyən daxili təxribatlarla da məşğuldur: “Hədəf isə ölkə daxilində qorxu və çaşqınlıq yaratmaqdır. Azərbaycanın zəngin təbii ehtiyatları və regionun favoriti olması Putini öz planlarını daha da sürətləndirməyə təhrik edir. Azərbaycan əvvəl-axır seçim etməli olacaq: ya Avrasiya İttifaqı, ya da Avropa, NATO. Qarşıda bizi həm təhlükəli, həm də ağır və həssas bir proses gözləyir. Daxildə xaosun yaranmaması üçün əsasən ölkənin şimal hissəsində təhlükəsizlik gücləndirilməlidir”.

Qərb mətbuatının xəbərdarlıqlarını da ciddiyə almağın yeri var. Bu xüsusda “Financhial Times”ın son saylarındakı analitik məqaləsində deyilir: “Rusiyada iqtisadi vəziyyət gərginləşir. Bəzi maqnatlar mövcud vəziyyətdən narazıdırlar. Bir çoxları Putin Rusiyasını tərk edirlər. Proqnozlara görə, bu il ölkədən xaricə kapital axını 120 milyard dollara çatacaq. Ukraynada baş verən hadisələrdən sonra Rusiyanın Qərbin sanksiyalarına necə cavab verəcəyi diqqət mərkəzində idi. Rusiya Krımı işğal etdi və Ukraynanın qərbində dondurulmuş münaqişənin qalması üçün mübarizə aparır. Krımın işğalından sonra Putinin populyarlığı ölkədə pik həddə çatdı. Putin öz populyarlığını yenidən artırmaq üçün Baltikyanı (NATO!) ölkələrinin birində təxribat törədə bilər”.

Deməli, NATO üzvü olmayan qonşu və “neytral” bir ölkəyə qarşı Kremlin belə planlara qat-qat həvəslə gedəcəyi daha inandırıcıdır. Təbii ki, effektli kontur-tədbirlər görülməsə...(musavat.com)