HADRUTUN İŞĞALDAN AZAD EDİLDİYİ XƏBƏRİNİ VERƏN ŞƏHİDİMİZ - VİDEO

Vətən müharibəsi neçə-neçə igidləri, o igidləri yetişdirən mühiti bizlərə tanıtdı, sevdirdi. Öz şücaəti ilə zəfərimizdə imzası olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, Hadrutun azad edilməsi barədə Ali Baş Komandan İlham Əliyevə məruzə edən, ermənilərin sağ ələ keçirmək istədikləri şəhid İbrahim Məmmədovdur.

İbrahim 1983-cü ildə Şəkidə doğulub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb və həyatını hərbiyə həsr edib. Xüsusi Təyinatlı Dəstədə 18 il xidmət göstərib. 2010-cu ildə Türkiyədə xüsusi kurslara, təlimlərə qatılıb. Azərbaycan Silahlı Qüvvələrin 90-cı və 95-ci il yubileyinə həsr olunmuş paradda medallarda təltif edilib. Silahlı qüvvələrin 97-ci il dönümü münasibətilə döyüş hazırlığında yüksək naliyyətlər əldə etdiyinə görə mükafatlandırılıb.

İbrahim Məmmədov həm də Aprel döyüşlərində iştirak edib, döyüşlərdə yüksək şücayət göstərib. Şəhid İbrahim Məmmədovla bağlı virtualaz.org-a həyat yoldaşı Aynur Məmmədova danışıb.

Müharibənin ilk günlərindən cəbhəyə getdi və...

Məmmədovlar ailəsi Şəkidə yaşayır. Aynur Məmmədova deyir ki, həyat yoldaşı ilə indi nəinki ailəsi, bütün Şəki qürur duyur. “İbrahim ən çətin döyüş tapşırıqlarında iştirak edib. Bunu mən yox, döyüşçü dostları deyirlər. Aprel döyüşlərindən sonra da bir neçə xüsusi tapşırıqları yerinə yetirmişdi. Tovuz döyüşləri, Polad Həşimovun, İlqar Mirzəyevin şəhid olması ona pis təsir etmişdi, müharibənin olmasını arzulayırdı. Sentyabrın 27-dən cəbhədə idi, Füzulinin, Hadrutun, Cəbrayılın azad olunmasında iştirak edib”,- A. Məmmədova deyir. Əlavə edir ki, yoldaşı şəhid olmasını, o zirvəyə ucalmasını arzulayıb və arzusuna da çatıb.

2 övladını Vətənə əmanət edib...

Məmmədovların 2 övladı var. Oğlu Elvin 5-ci sinifdə, qızı Mətanət isə 2-ci sinifdə təhsil alır. Həyat yoldaşı danışır ki, İbrahim hər gün zəng edib, qələbə xəbərini özü çatdırırmış: “Mənim səhhətimdə problemlər var. Son zəngində dedi ki, müalicə olun, çünki uşaqlara sən baxacaqsan. Elə bil şəhid olacağını hiss edirdi. Bir də dedi ki, uşaqlar sənə, sən də Allaha əmanət ol. Sözün düzü, onun şəhid olacağına inanmq istəmirdim. Bilirdim ki, hazırlıqlıdı, çətin tapşırıqları belə yerinə yetirə bilər”.

Aynur onu da deyir ki, İbrahim evə gələndə toy-bayram olurmuş. Çünki həyat yoldaşı həmişə tapşırıqlarda, təlimlərdə olduğundan üzünü az görürmüşlər. “O evə gələndə toy-bayram olurdu, hamımızın üzü gülürdü. Gələn kimi uşaqların dərsləri ilə maraqlanırdı. Uşaqları gəzməyə çıxarırdı, çalışırdı ki, bizimlə çox vaxt keçirsin.

Ağır tapşırıqlardan gələndə belə üzü gülürdü. Onun Prezidentə məruzə edən videosu yayılanda uşaqları bir görərdiz, elə sevinirdilər ki... İndi də hər gün atalarının şəkillərinə, videolara baxırlar, bir-birlərinə təskinlik verirlər. Otaqda hər yan İbrahimin şəkilləri, fəxri fərmanları düzülüb. Yoldaşım öz işini, Vətənini hamıdan çox sevirdi. Çox sevdiyi Vətəni uğrunda da öldü. Çalışıram ki, övladlarım da onun kimi torpağa, Vətənə bağlı olsunlar”.

Laçında düşmən snayperi vurub...

Məmmədova ağır da olsa həyat yoldaşının şəhid olduğu günü xatırlayır. Bildirir ki, sonuncu zəngdən sonra narahat günləri başlayıb.

“Sonuncu dəfə onunla oktyabrın 20-də əlaqə saxladıq. Ondan sonra danışa bilmədik. Doğrudur, özü deyirdi ki, ağır döyüşlər gedir, əlaqə saxlaya bilməsə narahat olmayaq. Amma bilirdim ki, o, bizdən xəbər tutmayana kimi rahat olmur. Bunları düşündükcə özümə yer tapa bilmirdim. İbrahimin ayın neçəsində şəhid olduğunu bu günə kimi də bilmirəm. Bizə oktyabrın 25-də şəhid olduğunu xəbər verdilər. Oktyabrın 26-da Şəkidəki Şəhidlər Xiyabanında dəfn etdik. Mən onsuz yaşaya biləcəyimi ağlıma gətirmirdim. Yenə də onun üçün-övladlarımı boya -başa çatdırmaq, ona layiq böyütmək üçün yaşayıram".

İndi ailənin ən böyük istəyi İbrahim Məmmədovun adının əbədiləşdirilməsidir.(Virtualaz.org)

635x100

Şərhlər

Xalq 2020-12-15 17:12:26

Allah rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son yazılar