Təcrübə göstərir ki, koronavirusun qarşısının alınmasında yüksək cərimələr, qadağalar az rol oynayır. Azərbaycanda bu üsul effektli olmasa da, Milli Məclis (MM) maska taxmamağa görə cərimələri artırmaq niyyətindədir.

Belə ki, MM plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişkiliyə görə icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırki variantında fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilir. Beləliklə, vəzifəli və hüquqi şəxslərin cərimələri 40 faiz artırılacaq.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə də cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə müvafiq dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Təklif olunan dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycanda pandemiya ölkə iqtisadiyyatına böyük zərbə vurub. Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında tədiyyə balansının ümumi kəsiri 1 milyard 803,7 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı. Ölkənin Ümümi Daxili Məhsulunda isə 8 milyard manatlıq azalma var. Əlbəttə, iqtisadiyyatın gəlirli sahələrinin təxminən 10 ay fəaliyyətsiz qalması nəticəsində belə rəqəmlərin ortaya çıxması gözlənilirdi. Neftin qiymətinin ucuzlaşması, müharibə və pandemiyaya qarşı mübarizə xərcləri ciddi maliyyə itkilərinə gətirib çıxarıb.

Hökumət işsiz qalan vətəndaşların və biznes subyektlərinin itkilərini kompensasiya etmək üçün addımlar atsa da, bu, iqtisadiyyata dəyən ziyanın kiçik bir hissəsini belə kompensasiya edə bilməzdi. İndi Azərbaycanda on minlərlə iş yerləri bağlanıb, yüz minlərlə muzdlu işçi gündəlik gəlirdən məhrum olub, sahibkarlar banklar və başqa tərəfdaşları qarşısında öhdəliklərini icra edə bilmirlər. Bu şəraitdə dövlətin cərimələri artırması onların yükünü bir az da ağırlaşdırır. Əlbəttə, pandemiyaya qarşı mübarizə ilə bağlı qaydalara əməl etmək hamının borcudur. Amma bunu daha çox cərimə sanksiyaları ilə həyata keçirmək ədalətli deyil və sui-istifadə hallarına yol açır. Nəzarət orqanlarının bəzi əməkdaşlarının əsas işi gündəlik cərimə planını doldurmaqdan ibarətdir. Nəticədə əsas diqqət virusa qarşı mübarizədən yayınıb, kütləvi cərimə yazmağa yönəlir və bu da sahibkarlar üçün əlavə problemlər yaradır. Onsuz da dövlətin sahibkara verdiyi dəstək simvolikdir, onun çətinliklərini aradan qaldırmır.

Yaxşı olardı ki, hökumət qurumları pandemiya ilə bağlı qaydaları yenidən nəzərdən keçirib işləmək üçün bütün mümkün halları üzə çıxarsınlar. Qaydalardakı ziddiyətləri, uyğunsuzluqları və əssasız məhdudlaşdırmaları aradan qaldırsınlar.

Eyni zamanda iş dünyası üçün əlavə dəstəyə ehtiyac var. Bura bank kreditlərinin ödənilməsinə möhlət verilməsi, vergi və sosial müdafiə ödənişlərinin dondurulması, istehsal, satış imkanlarının yaradılması, ucuz pul vəsaitlərinə çıxış və s. tədbirlər daxil edilə bilər.

Ümumiyyətlə, ölkədə əhalinin koronavirusdan qorunmasına dövlət dəstəyi artırılmalıdır. Bu sahədəkı dəhşətli özbaşınalıqlar, möhtəkirlik halları barədə cinayət işləri açılmalı, cəzalar sərtləşdirilməlidir. Məsələn, virusa qarşı istifadə olunan dərmanların "qara bazarda" olduqca baha qiymətə satılması, klinikalara yerləşdirmələrdəki neqativ hallar, testlərin bahalığı və əlçatan olmaması və s. kimi mənfi tendesiyalar kütləvi ölümlərə yol açır. Yaxşı olardı ki, parlament onsuz da ağır vəziyyətdə olan sahibkarları cərimələməyin yollarını axtarmaqdansa, insan həyatına bais olan bu cinayətlərə qarşı mübarizə tədbirləri elan etsin.

Elçin Rüstəmli

AzPolitika.info