Menu

Biznes və QHT əməkdaşlığında yeni mərhələ: - KSM 2.0 və ESG çağırışları

15.09.2026, 22:44
Biznes və QHT əməkdaşlığında yeni mərhələ: - KSM 2.0 və ESG çağırışları

Müasir qlobal iqtisadi və sosial sistemdə biznesin rolu artıq təkcə qazanc əldə etməklə məhdudlaşmır. Şirkətlərin cəmiyyət qarşısında məsuliyyəti, vətəndaş cəmiyyəti institutları ilə qurduqları tərəfdaşlıq əlaqələri inkişafın əsas indikatorlarından birinə çevrilib. Bu baxımdan, Azərbaycanda qeyri-hökumət təşkilatları ilə özəl sektorun inteqrasiyasına töhfə verən növbəti mühüm tədbir reallaşdı.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində şirkət təmsilçiləri üçün onlayn seminar keçirilib.

“QHT-lərlə şəffaf və səmərəli tərəfdaşlıqların qurulması – Müasir dövrdə KSM strategiyasında əməkdaşlıq” mövzusuna həsr olunan tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə baş tutub. Seminar müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları, şirkət nümayəndələrini və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini bir araya gətirib.Tədbirdə çıxış edən KOBİA-nın KOB dostu və regional koordinasiya departamentinin müdir müavini, iqtisadçı ekspert Eldəniz Əmirov sosial layihələrdə biznesin yalnız maliyyə dəstəkçisi və ya sponsor qismində çıxış etməsi yanaşmasının artıq köhnəldiyini vurğulayıb. O qeyd edib ki, əsl davamlı fayda təcrübə, imkan və resursların qarşılıqlı şəkildə birləşdirilməsi formatında əldə olunur. KOBİA-nın Bakı-Abşeron-Xızı regional koordinatoru Ayaz Ədilov isə öz növbəsində biznes subyektləri ilə vətəndaş cəmiyyəti arasında dialoqun genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.Layihənin rəhbəri, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov görülən işlər barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində QHT-lər və şirkətlər arasında aparılan analitik sorğuların yekunları yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, bu sahədə institusional əməkdaşlığın inkişafı üçün xüsusi Təkliflər Paketi formalaşdırılır.Tədbirin digər spikeri, hüquqşünas-ekspert Əliməmməd Nuriyev isə qeyd edib ki, müasir dövrdə dövlət, biznes və vətəndaş cəmiyyəti üçbucağında dialoq sadə maliyyələşmə çərçivəsindən çıxaraq ortaq təsir modelinə transformasiya olunmalıdır. Bu əməkdaşlığın təməlində isə tərəflərin bir-birinin potensialını, qanunvericilik imkanlarını tanıması, qarşılıqlı etimad və peşəkarlıq dayanmalıdır.Seminarın əsas hissəsini Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Dayanıqlı inkişaf və korporativ təsir komitəsinin sədr müavini, tanınmış ekspert Ceyhun Atayevin təqdimatı təşkil edib.C.Atayev bildirib ki, müasir biznes idarəçiliyində ənənəvi xeyriyyəçilik anlayışı artıq geridə qalıb; bu gün yerini KSM 2.0 (Korporativ Sosial Məsuliyyət) və ESG (Ətraf mühit, Sosial, İdarəetmə) tələblərinə buraxıb. Ekspert sahibkarlara sosial məsuliyyət portfellərini formalaşdırmaq, maraqlı düzgün xəritələndirmək və vətəndaş cəmiyyəti institutları ilə ortaq sosial təsir yaradan layihələrə investisiya yatırmağın beynəlxalq mexanizmlərini ətraflı izah edib. Xüsusilə KSM layihələrinin yazılması zamanı diqqət yetirilməli məqamlar və beynəlxalq şirkətlərin bu cür təşəbbüsləri qiymətləndirmə meyarları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.21 sahibkar və şirkət nümayəndəsinin qatıldığı, interaktiv müzakirələrlə davam edən sessiyada sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində biznes və QHT-lərin birgə fəaliyyəti üçün zəruri olan hüquqi və praktiki həll yolları nəzərdən keçirilib. Bu cür təşəbbüslər Azərbaycanda korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına və vətəndaş cəmiyyəti ilə özəl sektor arasında körpülərin daha da möhkəmlənməsinə güclü təkan verir."AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol