TƏDİYYƏ BALANSINDA BÖYÜK KƏSİR – Devalvasiya təhlükəsi varmı?

2020-ci il strateji baxımdan ölkəmiz üçün olduqca əhəmiyyətli və uğurlu il sayılır ki, bunun da səbəbi ən böyük ümummilli hədəfimizə - işğal altındakı torpaqlarımızın geri qaytarılmasına nail olmağıızdır. Bu hədəfə çatmağın heç də asan olmadığı və bunun üçün böyük fədakarlıq göstərildiyi, qurbanlar verildiyi də məlumdur.

Bununla yanaşı, başa çatmaqda olan ilin iqtisadi baxımdan da çox çətin keçdiyi şübhəsizdir. Məlum pandemiya səbəbindən bütün dünya ölkələri kimi, Azərbaycan da böyük iqtisadi itkilərlə üz-üzə qaldı. Təəssüf ki, enerji daşıyıcılarından böyük asılılığı hələ də qalan iqtisadiyyatımız neftin kəskin ucuzlaşmasından, eləcə də pandemiya səbəbli qadağalardan ciddi ziyan gördü və görməkdədir.

Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə aid iqtisadi rəqəmlər heç də ürəkaçan sayıla bilməz. Mərkəzi Bankın açıqladığı statistikaya görə, Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6 mlrd. ABŞ dolları təşkil edib ki, bunun 4 mlrd. dolları qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə, 2 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Bu, 2 milyard dollarlıq kəsir deməkdir. Özü də bu kəsir son illər üçün xarakterik olmayacaq dərəcədə böyükdür.

Belə məlıum olur ki, sözügedən müddətdə cari əməliyyatlar hesabının komponenti olan xidmətlər balansında yaranan kəsir 11,4% artaraq 2 052,2 mln. dollara, neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 38,7% artaraq 1,8 mlrd. dollara çatıb. Bundan əlavə, 2020-ci ilin doqquz ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4,3 dəfə azalaraq 0,6 mlrd. dollar təşkil edib. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (352,6 mln. dollar) ixracı (286,4 mln. dollar) üstələməsi nəticəsində 66,2 mln. dollar həcmində kəsir yaranıb.

Həmçinin, hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 26,6% azalaraq 20,6 mln. dollar, digər işgüzar xidmətlərin dəyəri isə 29,1% azalaraq 486,5 mln. dollar təşkil edib.

Bütün bunlar kifayət qədər ciddi narahatlıq yaradan rəqəmlərdir və bu ilin 9 ayı ərzində ölkənin tədiyyə balansında yaranmış ümumilikdə 2 milyard dollara yaxın olan kəsir Azərbaycan manatını yaxın gələcəkdə hansı perspektivlər gözlədiyi barədə düşünməyə əsas yaradır. 

Onu da nəzərə almaq lazımdır ki, cari ilin ilk 3 ayı ərzində Azərbaycanın neft gəlirləri heç də zəif olmayıb və qiymət enişi daha çox özünü sonrakı ayların gəlirlərində göstərməyə başlayıb. Digər tərəfdən “Azəri-Çıraq-Günəşli” yatağına görə ödənilən bonus da ilin əvvəlində Azərbaycana cəlb edilib. 

Yəni tədiyyə balansının mədaxil hissəsi ilin əvvəllərində heç də zəif təsir bağışlamayıb. Məxaric hissəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, pandemiya səbəbindən idxalda da böyük azalma baş verib. Belə ki, koronavirus səbəbilə ölkədə ərzaq mağazaları və apteklər istisna olmaqla, demək olar bütün digər sahələrdə iqtisadi durğunluq və geriləmə hökm sürüb. 

Bu səbəbdən xaricdən mal idxalı da ciddi ölçüdə azalıb. Deməli tədiyyə balansının məxaric hissəsi də azalmalı idi. Ancaq buna baxmayaraq, tədiyyə balansında yaranmış bu dərəcədə böyük kəsir kifayət qədər maraqlı görünür və bunun səbəbləri yəqin ki, daha geniş şəkildə izah ediləcək.

Ancaq hər halda, bu rəqəmlər reallığa söykənir və ciddi narahatlığa yol açır. Çünki məlum olduğu kimi, xüsusilə devalvasiyanı şərtləndirən ən vacib göstəricilərdən biri məhz tədiyyə balansındakı kəsirdir. Doğrudur, hökumət demək olar bütün il ərzində dollar satışına ciddi nəzarət edib və onun səviyyəsini minimuma endirib. Lakin göründüyü kimi, bu tədbir də gözləntiləri doğrultmayıb və devalvasiya təhlükəsini aradan qaldırmır.

Əlbəttə, hökumət ölkənin valyuta ehtiyatlarının bir qismini manatın sabitliyini saxlamaq üçün cəlb edə bilər. Lakin bunun üçün siyasi qərarın olub-olmadığı məlum deyil. Digər tərəfdən həmin vəsaitlərin likvidlik səviyyəsinə və nə dərəcədə qısa müddətdə, effektiv, itkisiz şəkildə cəlb olunacağına dair suallar var. Təəssüf ki, bu suallara tam əminliklə müsbət cavab vermək heç də asan deyil...

Mövcud mənzərə isə növbəti devalvasiya təhlükəsinə zəmin yaradan bəzi ciddi problemlərin mövcudluğundan xəbər verir.

Onu da nəzərə alaq ki, statistik məlumatlara görə, Ümumi Daxili Məhsulun (ÜDM) 11 aylıq həcmi ötən illə müqayisədə təxminən 8 milyard manat azalıb. Bu, 8 milyard manatlıq gəlirdən məhrum olmağımız deməkdir. Bu məbləğ cari ilin dövlət büdcəsində nəzərdə tutulan bütün əməkhaqqı xərclərindən 45%, dövlət investisiya xərclərinin illik həcmindən isə 63% çoxdur. Həmçinin ötən müddət ərzində neft-qaz sektoru 6,5%, qeyri neft-qaz sektoru isə 2,9% daralıb. Bütün bunlar da öz növbəsində əhalinin gəlirlərində və ümumilikdə ölkənin sosial-iqtisadi durumunda özünü əks etdirməkdədir.

Təbii ki, bu situasiya çıxılmaz deyil və Azərbaycanın iqtisadi potensialı bu çətinliyin də öhdəsindən gəlməyə imkan verir. Lakin bunun üçün ilk növbədə ölkədə aparılan sərt monetar siyasətə yenidən baxılmasına və karantin bitəndən sonra iqtisadi fəallığı artırmaq, işgüzar mühiti canlandırmaq üçün radikal addımların atılmasına ehtiyac var. 

Bu isə o deməkdir ki, indi hökumət qollarını çırmalamalıdır. Çünki Azərbaycanı bu çətin iqtisadi dönəmdən devalvasiyasız, ciddi iqtisadi itkilərsiz və sosial təlatümlərsiz çıxarmaq üçün hökumətdən əsgərlərimizin 44 günlük müharibədə göstərdiyi fədakarlıq, əzm və qətiyyətə bərabər iş tələb olunur. 

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2020-12-16 22:56:19

Ötən illərin vəziyyəti göstərir ki,bütün nazirliklər neftdən gələn pullara gözlərini dikiblər və onlar ayrılan pulların necə mənimsənilməsinin asan yollarını arayırlar....

Xalq 2020-12-16 19:59:04

Allah eləməsin, devalvasiya olmasın.

Azər 2020-12-16 18:26:01

Yerli əhalimizlə təcili Qarabağa geri dönüb, kənd təsərrüfatına maksimum dəstək göstərməklə bu problemi 1 ildən də tez aradan qaldırmaq olar. Növbəti ildə isə ən 30%-lik ÜDM artımı əldə etmək olar. İqtisadiyyat və Kənt təsərrüfatı nazirlikləri Xüsusi Təyinatlıların etdiyinin 5 %-ni edə bilsə bəsdir

Son yazılar