Menu

Rusiyanın Qarabağa “erməni köçü” – Paşinyan Bortnikovu nəyə çağırıb?

19.12.2020, 00:08
Rusiyanın Qarabağa “erməni köçü” – Paşinyan Bortnikovu nəyə çağırıb?

Rusiya KİV-nin məlumatına görə, Rusiya «sülhməramlıları» tərəfindən Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə erməniləri tələm-tələsik köçürmə prosesi əvvəlki ahənglə davam edir, özü də Azərbaycan hakimiyyətinin nəzarətindən tam kənar olmaq şərtilə - sanki ərazinin əsl sahib elə Rusiya imiş…

Atəşkəs barədə noyabrın 9-da imzalanmış bəyanata uyğun olaraq, Qarabağa qaçqınların (həm azərbaycalı, həm də erməni qaçqınlar) Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqınlar üzrə Ali komissarlığının nəzarəti altında köçürülməsi nəzərdə tutulub. Verilən xəbərlər isə rusların həyata keçirdiyi bu köçürmə prosesinin BMT nəzarətindən kənar gerçəkləşdiyini, müstəsna operativliyini və mahiyyət etibarilə məxfiliyini ortaya qoyur.

Başlayaq, köçürmə prosesinin müstəsna operativliyi məsələsindən. Görünən odur ki, ruslar Qarabağa ayaq basan andan başlayaraq «erməni köçü»nə start veriblər. Ancaq proses ev sahibi kimi Azərbaycanla razılaşdırılmalı, BMT missiyası da prosesə ciddi şəkildə qoşulmalı idi ki, Rusiya generalı Rüstəm Muradov ərazidə yalnız özünün lazım bildiklərini edə və bölgəyə «qaçqın» adı ilə terrorçuları, hərbi caniləri və kriminal ünsürləri yerləşdirə bilməsin. Fəqət, prosesin nəzarətdən kənar və məhz Rusiya tərəfindən birtərəfli qaydada həyata keçirilməsi mahiyyət etibarilə, sözügedən bölgədə potensial terror ocağı yaradılması kimi məkrli məqsədə yol açır.

Prosesin operativliyi isə ona görə diqqəti xüsusilə çəkir ki, erməni köçünə bunca önəm verən Rüstəm Muradov nədənsə (əslində isə məlum səbəblərdən dolayı!) bölgədən didərgin salınmış, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan azərbaycanlı insanların öz ev-eşiyinə qaytarılmalı olduğunu «unudur». Məlum sazişə görə isə həm azərbaycanlı, həm də erməni qaçqınların (məhz qaçqınların!) əraziyə köçürülmsinə eyni vaxtda və BMT çətiri altında başlanmalı idi…

Rusiya KİV-nin məlumatına görə, atəşkəsdən sonrakı dövrdə rusiyalı «sülhməramlılar» son iki gündə də Erənistandan Yuxarı Qarabağa erməni daşıyan növbəti avtomobil karvanını müşayiət ediblər.

Belə ki, dekabrın 17-də avtobuslarla Yerevandan Xankəndinə 457 nəfər «dığa və harsın» gətirilib. Xəbəri Rusiya Müdafiə Nazirliyi yayıb. Xəbərdə o da bildirilir ki, ötən müddət ərzində ruslar Yuxarı Qarabağa 41 mindən artıq «erməni qaçqın» köçürüblər.

İndi isə gəlin, ciddi bir məqama diqqət yetirək. İşğal dövründə və 44 günlük müharibə mərhələsində Ermənistan hakmiyyəti dünyanın bir çox ölkələrindən Yuxarı Qarabağa ceşidli terrorçuları, başkəsənləri və kriminal ünsürləri köçürürdü. Bunun üçün münbit şərait mövcud idi - bölgəyə leqal nəzarət yox idi. İndi isə bu «missiya»nı Rusiya özü təkbaşına gerçəkləşdirir - yenə də əraziyə leqal nəzarət yoxdur. Belədə, qarşımızda məntiqi sual boy verir: Rusiyanın bu «erməni sevgisi», Azərbaycan hakimiyyətinin bunca özbaşınalığa yönəlik «inertliyi» və BMT-nin «susqunluğu» haradan qaynaqlanır?

Bu fonda Rusiya KİV-nin yaydığı başqa bir xəbərdə isə deyilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov dekabrın 18-də Yerevana gəlib - Baş nazir Nikol Paşinyanın dəvəti ilə. Bu gün yayılan başqa bir xəbərdə isə Rusiyanın «baş xəfiyyəsi»nin artq Bakıda olduğu və Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyi bildirilir.

Maraqlıdır, mövcud «mat» vəziyyəti yaşadığı bir vaxtda Bortnikov Paşinyanın nəyinə lazım olub?! Suala birmənalı cavab vermək çətin olsa da, müəyyən məntiqi mülahizələr irəli sürmək də mümkünsüz deyil. Həm də Bortnikovun səfərinin «sərhəd delimitasiyası» ilə bağlı olduğu barədə verilən rəsmi xəbərin özü qeyri-müəyyənlik yaradır - axı Bortnikov sərhədçi və ya kartoqraf deyil!

Güman etmək olar ki, Bortnikovun Yerevana bu səfəri məhz «sülhməramlıların» gerçəkləşdirdiyi «erməni köçü» ilə bağlıdır. Görünür, bu səfər Yuxarı Qarabağa qaçqın adı altında köçürülən erməni terrorçuların FTX tərəfindən «uçot»a alınması və sonradan onların FTX tərəfindən idarə oluna bilməsi məqsədinə xidmət edir. Hər necədirsə, günümüzdə Yuxarı Qarabağda Rusiyanın oynadığı məkrli oyunlar bölgəyə, xüsusilə də azərbaycanlı məcburi köçkünlərə yaxşı heç nə vəd etmir.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol