"Notariatın qarşısında 14 bağlama 100-lük, 32 bağlama 50-lik əskinaslar olmaqla 300.000 manat pulu Həsənə verdim"
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqallı cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Daha dəqiqi Həsən Əliyevə vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini bildirən iş adamı Ramazan Səlimovun istintaqa ifadəsi yayılıb.
Xatırladaq ki, hazırda Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarına görə Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub. Ondan əlavə Həsən Əliyevlə əlaqdə olan daha bir nəfər – Taleh Süleymanov barəsində isə həbs-qətimkan tədbiri seçilib
Bu işlə bağlı həmçinin Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric olunub. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında prokurorluq işcilərinin də cinayət məsuliyyətinə cəlb olunacağını istisna etməyib. İndisə keçək yeni təfərrüatlara. “Azadlıq” qəzetnin əldə etdiyi istintaq materiallarından bəlli olur ki, Həsən Əliyevə Ramazan Səlimovu işə düzəltmək üçün xeyli məmurla görüşdürüb.

"Vəzifəli şəxslərə vermək üçün 34.000 manat dəyərində hədiyyələr alıb vermişəm"
Ramazan Səlimov yazır ki, Həsən Əliyevin ad günündən sonra onunla münasibətləri daha da yaxşılaşıb: “18 aprel 2012-ci ildə Həsənin ad günü olduğundan Mərkəzi Univermaqdan ona 2000 manat dəyərində qızıl fiqur hədiyyə aldığ. Həsən yenə də mənə dedi ki, darıxma, görəcəksən mən sənin üçün nə edəcəyəm.
Hətta məni evlərinə də dəvət etdi, ancaq mən evə getməkdən imtina etdim. Onun ad gününü təbrik edəndən sonra Həsənlə aramızdakı münasibətlər lap yaxşılaşdı. 2012-ci ilin may-sentyabr ayları ərzində dəfələrlə Həsənlə zəngləşib görüşürdük, o mənim işimlə bağlı müxtəlif vəzifəli şəxslərlə görüşdüyünü deyir, görüşdüyü şəxslərin adlarını mənə bildirmirdi.
Hər dəfə də mən ona mənim işimlə bağlı görüşdüyü şəxslərə verməsi üçün müxtəlif hədiyyələr alıb verirdim. Üst-üstə mən ona bu görüşlər üçün 34.000 manat dəyərində hədiyyələr alıb vermişəm.
Artıq 2012-ci ilin yay aylarında Həsən mənə dedi ki, qaz, işıq, su idarələrinin müdiri təyin olunma məsələm ləğv olunub, indi mənim rayonların birinə icra hakimiyyəti başçısının müavini təyin olunmaq məsələm həll edilir.
Həsən Əliyev 1 milyonluq mənzil alıbmış
2012-ci ilin may ayının axırlarında Həsən mənə çox təlaşlı zəng etdi və təcili görüşmək lazım olduğunu dedi. Iş yerində onunla görüşdüm, Həsən mənə danışdı ki, tikinti işləri ilə məşğul olan Isfəndiyar adlı şəxsdən Nəsimi bazarının yaxınlığında tikilən hündürmərtəbəli binadan 1 milyon manatlıq mənzil alıb, bütün etajı satın alıb və hazırda Isfəndiyara 200.000 manat borcu qalıb. İndi bu pulun faizini hər ay İsfəndiyara ödəyir, bu isə ona çox çətinlik yaradır.
Həsən mənə dedi ki, onsuz da sən işinə görə 1 milyon dollar, yəni 800.000 manat pul verməlisən, gəl o pulun 200.000 manatını əvvəlcədən ver, mən Isfəndiyara aparıb borcumu ödəyim. Mən də Həsənə dedim ki, o pulun 300.000 manatını vermişəm, hələ bir irəliləyiş yoxdur, əgər bir addım işimdə irəliləyiş olsa sənə o pulu verməyə hazıram. Həsənə yox desəm də, sonuncu dəfələrlə o pulu məndən istəyib, mənə dəfələrlə bu mövzuda mesajlar yazıb, ancaq mən ona həmin pulu verməmişəm".
6 saylı dövlət notariat kontorunda rüşvət borc kimi “aformit” edilib

"600.000 manat nağd pul versəm də, Həsən məndən qalan 200.000 manatı da istəyirdi"

"Polis bölməsində restoranını, kafesini satıb pulu qaytaracağına söz verdi"

Həsən Əliyev polis bölməsinə 10 aprel 2013-cü ildə gəldi.Bölmədə Hikmət Usubovun, Şövqinin, Məhərrəmin, mənim həyat yoldaşımın yanında etiraf etdi ki, məndən 600.000 manat pulu guya borc alıb və 1 ay müddətinə restoranını, kafesini satıb pulu qaytaracağına söz verdi".
Həsən Əliyev pulun əvəzinə hansı obyektlərini təklif edib?

Daha sonra R. Səlimov bildirib ki, Həsən Əliyev bir aya pulu qaytaracağına söz versə də, iki ay ərzində gətirib pulu verə bilməyib: "Bu müddət ərzində biz dəfələrlə polis bölməsinə gedib işlə maraqlanırdıq. 2013-cü ilin iyun ayının 25-də Hikmət Usubov mənə zəng vurub həyat yoldaşımla birgə 16-cı polis bölməsinə dəvət etdi. Hikmət Usubovun otağına girəndə Elman Məmmədovu gördüm. Elman bizə dedi ki, bu məsələni o həll edəcək, siz Həsəni narahat etməyin, indi 100.000 manat gətirmişəm. Qalanını da hər həftə hissə-hissə gətirəcəyəm. Elman bayırda 100.000 manatı bizə verdi.
10 gündən sonra Elman bizə 80.000 manat pul gətirib verdi. Təxminən 10 gündən sonra bir dəfə də 70.000 manat pul gətirib verdi. 10.07.2013-cü ildə Elman gəlib dedi ki, Həsən daha pul verməkdən imtina edir, torpaq sahəsi və başqa obyektlər verir. Beləliklə, Həsən qəti surətdə pul verməkdən imtina etdi. Hikmət Usubov mənə dedi ki, daha bu məsələni saxlaya bilmir və işi prokurorluğa göndərəcəkdir. O həmçinin mənə rayon prokuroru Fikrət Mahmudovun qəbuluna getməyi məsləhət gördü".
"4 dəfə Nərimanov rayon prokurorluğuna getsəm də, prokuror məni qəbul etmədi"

Qeyd edim ki, 2013-cü ilin mart ayında mən Həsəndən şikayət edəndən sonra Həsən Əliyevin adamları Qüdrət və Tariyel məndən 16-cı polis bölməsinə şikayət etdilər ki, guya mən Qüdrətə torpaq sahəsi satmaq adı ilə ondan 5000 manat, Tariyelin oğlunu isə hakim köməkçisi düzəltmək adı ilə 10.000 dollar pul almışam. Bunların hamısı uydurma idi, mənə təzyiq xarakteri daşıyırdı, Həsən bununla məni qorxutmaq istəyirdi. Bölmədə bunu araşdırdılar və təsdiqini tapmadı. Qüdrət və Tariyelin mənim haqqımda yazdığı ərizələrin araşdırılması ilə əlaqədar polis bölməsində məndən pul istəməyiblər və almayıblar. 2013-cü ilin avqust ayında Həsən Əliyev Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib ki, Elman Məmmədov onun 100.000 maanat pulunu alıb aldadıb, mənim bundan məlumatım olmayıb, məni MTN-ə çağırdılar və izahatımı aldılar. Izahatımda hər şeyi olduğu kimi göstərdim".

Şərhlər