“RUSİYANIN AZƏRBAYCANDAKI “GİZLİ HÜCRƏLƏRİ” ÜZƏ ÇIXIR...” – “İfşa olunanlar arxaya keçir, digərləri önə çəkilir”

Noyabrın 10-da imzalanmış üçtərəfli sazişə rəğmən Qarabağda erməni təxribatları dayanmır. Artıq razılaşmadan sonra iki dəfə erməni separatçıları Hadrut istiqamətində təxribatlar törədiblər. Bunun nəzarətdən kənar silahlı ermənilərin əməli, yoxsa separatçı-revanşist qüvvələrin sistemli fəaliyyətinin nəticəsi olduğuna dair konkret məlumatlar yoxdur.

“AzPolitika.info” bu mövzu ətrafında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib:

- Sərdar bəy, Sizcə, ermənilər öz təxribat və diversiya qruplarının fəaliyyətilə nəyə nail olmağa çalışırlar?

- Hesab edirəm ki, bütün bu baş verənlər Rusiyanın planlarına daxil olan məsələlərdir. Rusiya bu əraziyə əlavə qüvvələr gətirmək üçün bəhanələr axtarır. Azərbaycan tərəfi təxribata cəhd edən erməni əsgərlərini tutur, sonra rus sülhməramlılarına təhvil verir. Ruslar da onları Ermənistana aparır, orada silahlandırıb yenidən Qarabağa gətirir. Azərbaycan da bu cür təxribatların qarşısını alanda ona mane olmağa çalışırlar. Faktiki olaraq, Rusiya bu cür insidentləri törətməklə demək istəyir ki, mənim buradakı hərbi personalım azdır, ona görə də əlavə qoşun gətirməliyəm. Fikrimcə, nə qədər ki, Türkiyə Rusiya ilə birgə sülhməramlı missiyada iştirak etmir, belə təxribatlar davam edəcək. Beləcə, Azərbaycan dövlətinin və xalqının maraqları təhdid altında qalacaq. Bizim üçün burada rusların bizə təklif etdiyi şərtlərlə deyil, Azərbaycan dövlətinin maraqlarına uyğun olan şərtlərlə sülhməramlı missiyasının yerinə yetirilməsi vacibdir. 

- Sizə elə gəlmirmi ki, sülhməramlı missiya məsələsi artıq həll edilib və onu dəyişmək mümkün deyil?

- Mən ilk gündən demişəm ki, bu məsələ arxada qaldı. Əslində bu, işğalçı qoşundur, sadəcə olaraq, sülhməramlı missiya adı altında maskalanıb. Məqsəd erməniləri təşkilatlandırıb silahlandıraraq əldən verilən mövqeləri yenidən gücləndirmək və Qarabağ münaqişəsini yenidən dondurmaqdır. Bundan başqa heç bir niyyətləri yoxdur. Fikir verin, ruslar Qazaxıstana qarşı torpaq iddiası qaldırır, Ukraynanın az qala yarısını işğal edib, Gürcüstanın iki muxtar qurumunu nəzarətinə keçirib. İndi də gəlib Azərbaycan ərazisində sülhməramlı missiya yerinə yetirir. Bu necə sülhməramlı ordudur ki, bütün qonşu dövlətlərlə faktiki müharibə edib?

- Bu vəziyyətdən çıxmaq üçün təklifləriniz varmı?

- Vəziyyətdən çıxış beynəlxalq hüquqa müraciət etməkdən keçir. Sülhməramlı qüvvələr BMT-nin mandatını almalıdır. Başqa sözlə, əgər ruslar burada sülhməramlı qüvvə statusunda çıxış etmək istəyirlərsə, mütləq BMT-dən mandat almalıdırlar.

İkincisi, Türkiyə və Pakistan hərbçiləri də oraya gətirilməlidir. Nə qədər ki, Azərbaycan hökuməti Türkiyə və Pakistanı əraziyə dəvət etmir, Dağlıq Qarabağ adlandırılmış ərazidə hadisələr bizim əleyhimizə inkişaf edəcək. 

- Ermənistan Müdafiə Nazirliyi və Xankəndidə oturan separatçılar Hadrutda baş verən təxribatda iştirak etmədiklərini açıqlayıblar. Sizcə, bu təxribatları törədənlər müharibə zamanı erməni ordusunun meşələrdə qalmış tör-töküntüləri ola bilərmi?

- Xeyr. Qətiyyən belə deyil. Nə ermənilərin, nə də rusların verdiyi bəyanatlara inanmaq olmaz. Nə qədər ki, Azərbaycan ərazisində hər hansı ad altında silahlı erməni dəstələri var, deməli, baş verən təxribatlara görə Ermənistan dövləti, Qarabağdakı cinayətkar separatçılar və sülhməramlılar məsuliyyət daşıyır. Bizi aldada bilməzlər, bunların hamısı oyundur.

- Hadrutda baş verən təxribat Türkiyə hərbçilərinin Azərbaycana gəlişindən sonra baş verdi. Ola bilərmi ki, bununla ruslar, bir növ, türklərin gəlişinə etiraz edir?

- Ona qalsa türklərin Ukrayna dövləti ilə hərbi müttəfiqliklə bağlı müqaviləsi var, türklər Ukraynada hərbi sənayenin inkişafı ilə bağlı ciddi işlər görür, habelə Qazaxıstana dəstək verir, burada hərbi baza yaratmaq istiqamətində addımlar atır. Həm də ruslar zatən 300 ilə yaxındır ki, türklərə qarşı qıcıq yaşayırlar. Ona görə konkret olaraq türklərin məhz buraya gəlişi həmin təxribatlar üçün əsas ola bilməz. Zənnimcə, onlar sadəcə buradakı planlarını həyata keçirmək üçün bu cür provakasiya ilə məşğul olur.

- Belə çıxır ki, indiki halda rusların məqsədi yalnız bölgədə sülhməramlı missiyanın say tərkibini artırmaqdır?

- Yox, istək yalnız bundan ibarət deyil. Rusların əsas niyyəti Azərbaycanı nəzarəti altına almaq, ölkəmizdən gedən beynəlxalq layihələrə təhdid yaratmaq və bunun müqabilində özünün beynəlxalq layihələrini güvən altına almaq, sığortalamaqdır. Bildiyiniz kimi, ABŞ “Türk axını” layihəsinin dayandırılmasını istəyir. İndi Avropa hər hansı formada Rusiyanın enerji daşıyıcılarının dünyaya çıxışına maneə yaratsa, Rusiya da çalışacaq ki, Azərbaycanda nəzarəti ələ alaraq transmilli layihələrimizə təhdid yaratsın. Əslində bu, böyük oyundur və ruslar çox uzağa gedən oyunlar oynayırlar.

- Bəs türklər hansı oyunu oynayır?

- Türklər hələlik çalışır ki, Rusiyanın ətrafında olan və ruslarla qarşıdurma yaşayan ölkələrlə əməkdaşlığı genişləndirsinlər. Türkiyə NATO-nun üzvüdür və sanki bunlar həm də NATO-nun addımlarıdır. Yəqin ki, müəyyən vaxtda Türkiyə öz iradəsini ortaya qoyaraq bəzi məsələlərin həllində iradə nümayiş etdirəcək. Türkiyə, sözsüz ki, Azərbaycanın qardaşıdır. Burada həm Türkiyənin özünün maraqları var, həm də Azərbaycan olaraq bizim maraqlarımız. Yəni Türkiyə həm özünün, həm də Azərbaycanın maraqlarını qoruyur. O baxımdan Türkiyənin Azərbaycandakı fəaliyyəti olduqca vacibdir. Amma cəmi 60-100 hərbçinin gəlməsi ilə bir şey olmaz. Rus əsgərinin sayı qədər türk əsgəri gəlməlidir. Ruslar harada durubsa, türklər də orada durmalıdır. Və rusların ermənilərlə bağlı apardığı siyasəti mümkün qədər izləməlidir. Yoxsa, kənardan monitorinq etməklə bir şey alınmaz. Ona qalsa, indi texnologiya inkişaf edib və Ankarada oturub peyklə və digər vasitələrlə bunu edə bilərlər. Təcili türklər Xankəndiyə, Xocalıya, Xocavəndə girməlidir. Məncə, sadəcə Ağdamda Monitorinq Mərkəzi qurmaqdan heç nə çıxmaz. 

- Bəs, NATO bu məsələdə Türkiyəni dəstəkləyirmi?...

- Türkiyə əsas oyunçudur, amma Türkiyəni Qarabağda elə yerdə yerləşdiriblər və elə say müəyyən ediblər ki, monitorinq aparmaqdan daha böyük funksiya yerinə yetirmir. Bizə lazımdır ki, ərazidə rusların və ermənilərin təxribatının qarşısını Türkiyə ala bilsin. İndiki halda müşahidəçi missiyasını yerinə yetirməklə Türkiyə bunun qarşısını ala bilməz. Türkiyə uzağı deyəcək ki, ermənilər burada atəşkəsi pozdular. Sonra? Bizə lazımdır ki, türk ordusu burada Rusiyanın işğalçılıq siyasətinin qarşısını alsın.

O, başqa məsələdir ki, Türkiyə NATO-nun üzvüdür və bu hərbi ittifaq normalda Türkiyəni dəstəkləməlidir. Əslində, burada Türkiyə həm də NATO-nu təmsil edir. Perspektivdə bu istiqamət inkişaf edə, hətta münaqişə ocağı yaransa NATO Türkiyə tərəfindən çıxış edə bilər. Ehtimalıma görə, Türkiyənin arxayın hərəkətlərinin arxasında duran səbəblərdən biri də budur.

- Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticəsinə görə, guya ölkədə rus sülhməramlılarına etimad az qala türk əsgərinə etimadla eynidir...

- Həmin təşkilatın sədr müavini “Yeni Müsavat” qəzetinə yazdığı məqaləsində “biz ölkə ətrafında baş verən hadisələri nəzərə alaraq belə nəticə elan etdik” ifadəsi işlədib. Bu, onu göstərir ki, həmin nəticələr ictimai rəyin gəldiyi nəticə ola bilməz və bunların özlərinin siyasi mülahizələri əsasında ortaya çıxarılan konyuktur nəticələrdir. Şəxsən mən inanmıram ki, Azərbaycanda Rusiyanın və ya onun siyasətinin 5-6 faizdən artıq tərəfdarı olsun. Odur ki, Rusiya ilə bağlı açıqlanan rəqəmlər şişirdilib. Çünki Azərbaycanda müəyyən qüvvələr var ki, Rusiyanın Azərbaycanı öz təsiri altına salmasında maraqlıdır. Ötən gün televiziya proqramında Abutalıb Səmədov açıq şəkildə deyir ki, Yalta Konfransına əsasən bütün buralar Rusiyanın ərazisidir. Azərbaycan dövlətinin ərazisini Rusiyanın ərazisi sayır və deyir ki, onun bir qarışını da kimsə götürə bilməz. Bir başqa deputat isə deyir ki, Qarabağda suverenliyimizi təmin etməsinə qarşılıq olaraq Rusiyanın hərbi bazası yaradıla bilər. Onu deyə bilərəm ki, Azərbaycanda ruspərəst qüvvələrin fəallaşması Rusiyanın ekspansiya siyasətini genişləndirməsinə xidmət edir.

- Sizcə, son bir ildə baş verənlərdən sonra ölkə daxilində Rusiyaya xidmət edənlərin gücü zəifləyib, yoxsa artıb?

- Onlar bir neçə cərgədə yerləşdirilib. Birinci cərgə zəifləyib, indi ikinci cərgə üzə çıxır. İkinci cərgə zəiflədikdən sonra digərləri çıxacaq. Zəifləyənlər əsasən indiyə qədər üzdə olan və açıqdan-açığa Rusiyanı müdafiə edən adamlardır. Amma “gizli hücrələr” deyilən anlayış var. İndi onlar qabağa gəlirlər, Rusiyanın Azərbaycandakı “gizli hücrələri” yavaş-yavaş üzə çıxır. Hansı “beşinci kolon”un nümayəndəsi Abutalıb Səmədov kimi deyə bilər ki, Azərbaycanın ərazilərinin hamısı Rusiyanındır? Bu sözü indiyə qədər kim deyib? Və ya Tofiq Zülfüqarov deyir ki, biz Dağlıq Qarabağda hərbi qüvvələr yaratmalıyıq ki, asayişi qorusun. Bu qüvvələrin də tərkibi azərbaycanlılardan, ruslardan və qeyri-rəsmi təşkilatların nümayəndələrindən ibarət olmalıdır. Qeyri-rəsmi təşkilat dedikdə də Qarabağdakı erməniləri nəzərdə tutur. Buyur... İndiyə qədər hansı şəxs deyib ki, Qarabağdakı ermənilər bizimlə birlikdə sülh yaratma, asayişi qoruma işində iştirak etməlidir? Rusiya açıq şəkildə özünün buradakı qüvvələrini fəallaşdırır. İfşa olunanlar arxa plana keçir, camaatın az-çox inandıqları isə ön plana çıxır və ortaya mövqe qoyurlar.

- Dağlıq Qarabağın statusu haqqında düşüncələriniz nədən ibarətdir?

- Qarabağın nə statusu ola bilər ki? Konstitusiyaya görə Azərbaycan unitar dövlətdir və onun ərazisində subyekt ola bilməz. Bunu mən, sən deyil, Konstitusiya deyir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz azad iradəsi ilə hər hansı bir azlığa status vermirsə, başqa xarici dövlət onu belə bir status verməyə zorlaya bilməz.

- “Status məsələsi” ilə bağlı Prezidentin də çox qətiyyətli mövqeyi oldu...

- Bəli, oldu. Amma siz Prezidentin qəti mövqeyinə də baxın, onun ətrafındakı adamların fikirlərinə də. Parlament agentlərlə doludur. Hər şeyi Prezidentin üzərinə yıxmaq olmaz. Hələ bilmək olmaz bundan sonra hansı mövqe nümayiş etdirəcəklər.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Mete Han 2021-01-02 13:10:04

nədir, gizli hücrə axtarışındasız, tapa bilmirsiniz? Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevaya diqqət etsəniz, kifayət edər. Bu simasi aldadıcı gülüşlərlə dolu xanımı ruspərəstlər Araz Əzimov və Mammedyarov yetişdirib. O, bu gün də onlara xidmət edir. Amma onun karyerasına təkan verib yıxılmaqdan qoruyan tərifli Hikmət Hacıyevdir. Hikmət Hacıyev özünü bilməzliyə vurmasın, O, L. Abdullayevanın hansı amala xidmət etsiyini çox da gözəl bilir, amma bu xanıma həm də kömək edir. Nəzərimizcə, bu nüansı diqqət mərkəzində saxlamaq gərəkdir. Başının üzərinə türk bayrağı asan Hikmət Hacıyevin digər rus hücrələrinə himayədarlıq etdiyi də məlumdur. Zamanı gələndə, biləcəksiniz.

Kıpçak 2021-01-01 13:43:07

gizli hücrələr, çox maraqlı və yerinədüşən ifadədir. Qeyd edilməsi gərəkdir ki, Azərbaycna Xarici İşlər Nazirliyi belə gizli hücrələrin əsl inkubatorudur, onlar burada yetişdirilir və sonra bütün Azərbaycanıın canına daraşdırılır.... Mammedyarov getdi... amma müavinləri və havadarları qalmaqda davam edirlər... adı və özü türk, amma kafası ruslara çalışan Xalaf Xalafov gibileriden kurtulmamız gerekiyor.... Şu rus göstebeki həm də ıranlılarla işbirliyindedir, bakanlıkda ırana zidd konuşan her kesi susduruyor... .

S, Celaloqluya sual 2020-12-31 23:42:12

Hormetli cenab S. Celaloqlu, rus - ermeni qoshunlarinin nezaretinde qalmish Lachin dehlizi - koridoru, eni 5 km, ta Xankendine qeder mesafe, Xaznkendi, Xocali, Xocavend, Aqdere, Askeran, azad olunmayib ishqaldan, amma, Rusiya bash naziri ermeni Mishustin telefon zengi edib bash nazir Ali Asadova ve Daqliq Qarabaqin BERPASININ VACIBLIYINI BILDIRIB A. Asadova. Sual olunur, Daqliq Qarabaqda ishqaldan azad olunmayan , bu adlari chekilen rayonlarin BERPASI uchun , NIYE, bash nazir Ali Asadov DOVLET BUDCESINDEN KULLI MIQDARDA MILYONLARLA MANAT PULLAR XERCLMELIDIR rus - ermeni DUSHMENLERI uchun , NIYE, Azerbaycanin DOVLET BUDCESI HESABINA, rus - ermeni ishqalinda qalmish Daqliq Qarabaqin BERPASI uchun , DOVLET BUDCESI TALAN EDILIR, NIYE ??????? Bu melumat derc olunmushdu azpolitika.info saytinda. Meger , Azerbaycanin DOVLET BUDCESI, bir nefere mexsusdur, oz keyfi istediyi kimi xerclesin ???????

Arif Əliyev rabitəçi 2020-12-31 13:17:58

Təsəvür edin Prezidentin 1785 saylı fərmanından Rabitə nazirin 1-ci müavini suyu istifadə edərək kütləvi şəkildə rabitəçiləri əsassız işdən çıxardıb yerlərinə isə rabitə təhsili,təcrübəsi olmayanları işə götürüb,hara yazırsansa xeyri yoxdur deyirlər cənab nazir R.Quluzadə odda yanmaz suda batmaz-dan təyin olunub,ona görədə özünüzü yormayın.

Arif Əliyev rabitəçi 2020-12-31 12:50:48

Hörmətli Sərdar bəy bəlkə samanlığda iynənin axtarılmasına son qoyaq,mıs-mıs deməkdənsə bir başa deyək,misal üçün Rabitə nazurliyin və nazirin arxasında kim durursa dediyiniz 5-ci kalonun arxasındada həmin kimsə durur.

Kaku 2020-12-31 01:09:10

Xankendinde ucrengli bayragimiz niye dalgalanmir sualina cavab veren olacaqmi goresen

Vətəndaş 2020-12-30 23:52:26

ABUTALIB SMƏDOV RÖVŞƏN CAVADOVUN GƏNCLƏR TƏŞKİLATININ RƏHBƏRİ OLUB VƏ MƏRHUM PREZDENTİMİZ HEYDƏR ƏLİYEVİN ƏLEHİNƏ QİYAM QALDIRAN DƏSTƏNİN ÜZVÜ OLUB.QİYAMDAN SONRA UZUN MÜDDƏT GİZLƏNƏRƏK CƏZALANACAĞINDAN QORXUB.İNDİ ONUN KİMLƏRİN QULLUĞUNDA DURDUĞU VƏ AZƏRBAYCAN ƏLEHİNƏ ÇALIŞMASI HƏR ŞEYİ BƏLLİ EDİR.BU MƏXLUQ ÜÇÜN VƏTƏN,ŞƏHİDLƏR,MÜSTƏQİLLİK HEÇ NƏ İFADƏ ETMİR.ONU İSTİNTAQA CƏLB ETMƏK VƏ KÖHNƏ CİNAYƏTLƏRİNİ ARAŞDIRMAQ LAZIMDIR

Cefer Memmedov 2020-12-30 22:01:02

Bu saytlarda rus "sülhməramlıları"ilə bağlı " tanımış " insanların danışdıqlarını izləyəndə məhşur " QATARDA" teletamaşasında Dadaşov yadıma düşür :-" Heç kimin cəsarəti çatmır ki, soruşsun, AXI SƏN KİM SƏN YOLDAŞ DADAŞOV ?" Axı bu rusları niyə Qarabağa buraxdılar, Niyə görə TÜRK ORDU sunun gəlməsinə qərar vermirlər? Bunu edən və ya edənlər şəhidlərimizdən utanmırlarmı ? Bu sulları verin. Deyin :-"axı siz kimsiniz yoldaş Dadaşov ?"

Səlim 2020-12-30 21:36:02

Son zamanlar bu casus məsələsi daima gündəmdədir. Vallah heç baş açmaq olmur ki, kim kimə işləyir, kim nəçidi. O ona söz atır bu buna, biri birkərini casusluqda günahlandırırlar amma ortada heç bir həbs falan yox. Bu yerdə məşhur bir deyim var "yazıq ay millətim" ; hələ görəcəyin günlərin varmış. Görünən sadəcə odur ki Azərbaycanada görüləsi işlər, təmizlənəsi sahələr çoxdur. Başdan-ayağa dezinfeksiya işləri aparılmalıdır. Dövlət xadimlərinən tutmuş, iqtidar, müxalifət, dövlət orqanları, QHT-lər, ən kiçik firmalar və təşkilatlar, KİV-lər, televiziyalar.... Televiziya və KİV-lər demişkən,bəzilərini təxmin etmək olur ki, nə amala qulluq edir, bəziləri isə "gah nala vurur, gah mıxa". Deyiləsi deyil, ən savadlı, diqqətli, araşdırmaçı adam belə çaş-baş qalır, o ki, qaldı sadə xalq. Televiziya demişkən vay uşaqlarımızın halına. Ölkədə 10-15 dənə TV kanal var amma uşaqların öyrənəcəyi, baxacağı bir verliş yoxdu. Bir iki intelektual, məktəblilər üçün verlişdən başqa. O da 1-2 kanalda. Uşaqla bizim gələcəyimizdir dedikdə və bu gələcəyə baxanda adamı lap ağlamaq tutur. Necə ki, 90-cı illərdə ən savadlılarımız ölkənı tərk etdi, qalanıda izr istəyirəm ehtiyacdan kartoşka satmağa məcbur oldu. Əyər dövlət olaraq, millət olaraq bu problemləri həll etməsək, çətin olacaq bizə. Sadəcə ümüd qalır bizə.

Kaku 2020-12-30 18:28:38

Onlar 5ci kolon yox veten xaini adlanmalidi butun metbuatda. 5ci kolon medeni seslenir satqin xain serefsiz demek lazimdi duzdu demeyinde bir menasi yoxdu onlati tutduqlari yoldan dondermek mumkun deyil nece ki necmeddin 27 ilde deyismedi

t.ədalət 2020-12-30 16:23:18

Rusiyanın Azərbaycanda casus şəbəkəsi güclüdür,..Bu gün deputat kimi parlamentdə oturanlar arasında da həmin şəbəkənin üezvləri çoxdur.Casus şəbəkəsi belədir ki,Azərbaycanda hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq onlar həmişə üzdədfirlər.Birisi "publisist" kimi,digəri "xeyriyəçi" kimi soxulublar aramıza.İndi özünə "Avrasiya mətbuat fondu" yaradan Mirzəyev Polyaniçkonun ən yaxın əməkdaşı idi.Baş kəşf.İdarəsinin agenti kimi "Ədəbiyyat və İncəsənət" qəzetində əyləşib yazarları izləyirdi.Agentlərin məsləki dəyişmir.Onlar ömürlük agent olaraq qalırlar.Agentlər ermənidən betər xaindirlər.

Görüb Bilməzlərə 2020-12-30 16:02:37

Mətuatı və biznesı nəinki istifadə, zəbt də edə bilərlər? İzlədiyimizə görə təsirli vəzifələri onlara verilib və toxunmurlar?

OQTAY 2020-12-30 15:39:04

S.Celaloqlu var ol!!! Hami bir millet kimi,5-ci kalonlari,yeni manqurdlari,lehnetlemeliyik,vessalam!!!!

Son yazılar