“SATQINLAR HƏBSXANAYA, CƏSURLAR İŞ BAŞINA...” – “Ordu sistemimizi pultu başqa yerlərdə olan minalardan təmizləməliyik”

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ölkəmizin gündəmində olan vacib mövzularla bağlı “Yeni Müsavat”a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Fazil bəy, 2020-ci ilin yekunları ilə bağlı feysbuk statusunuzda diqqətimi çəkən bir məqam var idi. Xankəndi, Ağdərə, Əsgəranda bayrağımızın dalğalanması arzunuzu ifadə edərkən “bəlkə də 2021-ci ildə beşdə-beş qələbə qazanmağımız üçün rəmzi olaraq 55 günlük daha bir yürüşə ehtiyacımız olacaq”, yazmısınız. Açığı, Qarabağın sülhməramlılar və ermənilər olan hissəsindəki narahatlıq çoxlarında var. Üstəlik, ermənilərin revanş niyyətini də müşahidə edirik. Siz yaxın gələcəkdə növbəti savaşı, dediyiniz kimi, 55 günlük yürüşü gözləyirsinizmi? 

- Bu qələbəyə baxışımı 44 günlük uğur üzərindən dörddə dördlük bir qiymətləndirmə ilə təqdim etmişdim. İndi bu 44 gündən daha böyük səbir və ağıl tələb edən simvolik olaraq 55 günə, yəni beşdə-beşlik nəticə əldə etməyə doğru çalışmamız lazım. Bunun üçün ilk növbədə 44 günlük savaşın ciddi ictimai müzakirəsinə ehtiyacımız var. Uğurlarımızla yanaşı, səhvlərimizi də görməliyik. Satqınları, fərsizləri igidlərdən, cəsurlardan ayırmalıyıq. Satqınları həbsxanaya, fərsizləri məhəllələrdə domino oynamağa, igidləri, cəsurları isə iş başına gətirməliyik. Bu qələbə əsasən zabit və gizir heyətinin böyük şücaəti və şəhadəti nəticəsində qazanılıb. Demək ki, ixtisaslı əsgər hazırlığına günü bu gündən başlamalıyıq. Hərbi məktəblərdə tədrisin keyfiyyətini yüksəltməliyik. Hər hansı bir əsgər 1 il və yaxud 1 il 6 ay müddətində mənimsədiyi hərbi bilik və vərdişlərdən minimum səviyyədə test verdikdən sonra tərxis olunmalıdır. Əsgəri lazımi səviyyədə hazırlamayan komandirlərə qarşı sərt tənbeh tədbirləri tətbiq olunmalıdır. İlk növbədə Qarabağı deyil, ordu sistemimizi pultu başqa yerlərdə olan minalardan təmizləməliyik. Sülməramlıların yarada biləcəyi fəsadlar, ermənilərin revanşı məhz bizim onlara yaradacağımız boşluqlardan qaynaqlana bilər. İdeal sülməramlı missiyası onsuz da gözlənilən deyil. Əlimizdə bu missiyanı tarazlamaq üçün Türkiyə amili var. Azad etdiyimiz bütün ərazilərdə Türkiyə hərbi birləşmələrini tərəddüdsüz yerləşdirməliyik. Düşmən cinahında özbaşınalıq güclənərsə, birbaşa Qarabağda Türkiyə və Azərbaycan ordularının hərbi təlimlərini keçirmək zəruridir.

- Rus qoşunlarının Azərbaycanda sülhməramlı adı altında olması onsuz da birmənalı qarşılanmırdı. Üstəlik, rus əsgərlərinin bir sıra hallarda erməni mülki əhalisini deyil, hətta qanunsuz silahlı birləşmələri belə, himayə etmələri, onların ünvanına “tost” söyləmələri, həmin ərazilərdə qondarma rejimin “bayraq” adlandırdığı əski parçasının asılması sərt reaksiyalar doğurur. Vaxtilə Elçibəy hakimiyyətinin təmsilçisi olaraq rus əsgərinin Azərbaycandan çıxarılması prosesində iştirak etmiş biri kimi bu mənzərə sizə necə təsir edir?

- İndi biz otuz il öncəkindən fərqli Rusiya ilə üz-üzəyik. Hətta deyərdim ki, bu dəfə üz-üzədən daha çox, yan-yanayıq. Həm də bu dəfə biz Türkiyə ilə birlikdə Rusiya ilə yeni layihənin içindəyik. Bu layihənin uğuru bəlkə də bizdən və Türkiyədən daha çox Rusiyaya lazımdır. Regionun hərbi cəhətdən qaynar olması yerinə, iqtisadi cəhətdən qaynar xarakter alması daha çox Rusiyaya sərf edir. Ona görə də ilkin mərhələdə Rusiya sülhməramlıları fəaliyyət trayektoriyasını dəqiqləşdirməyə diqqət yetirir. İlk vaxtlar onların ermənilərin etimadını qazanmaq üçün müəyyən jestlər etməsi anlaşılandır. Ancaq bir qırmızı xətt var ki, oradan artıq böyük bir layihənin pozulması başlaya bilər. İnanmıram ki, ruslar bu dəfə qarşılarına çıxan fürsəti erməni maraqları üçün boşa çıxarsınlar. Burada sülhməramlı olaraq Rusiyanın başqa bölgələrdəki korlanmış imicinin bərpasından və regiona iqtisadi maraqlar baxımından uğurlu qayıdışından imtinanı nəzərdə tuturam. Azərbaycan öz maraqlarını Rusiya ilə açıq dialoqda bəyan etməlidir, eyni zamanda Türkiyənin də maraqlarını qətiyyətlə qorumalıdır. Ancaq bütün bunlardan öncə bölgədə ağıllı və sistemli məskunlaşmanı gecikdirməməliyik. Bizi ermənilərin hərbi yolla revanş variantları barədə düşünməsi çox da narahat etməməlidir. Əksinə, düşmənin bu davranışı bizə problemi kökündən həll etmək üçün ikinci və yekun fürsət yarada bilər. Ən təhlükəlisi ermənilərin iqtisadi açılımda təşəbbüskar rol alması olardı. Çünki bu sferada onların mövqe üstünlüyü əldə etməsini proqnozlaşdırmağı Azərbaycanın bolşevik inqilabından əvvəlki durumu ilə ciddi ədəbiyyatlardan tanış olanlar daha yaxşı bilərlər. Biz Qarabağ üçün doğru idarəetmə anlayışına və doğru kadr bankına sahib olsaq, nə sülhməramlılar, nə də ki, ermənilər bizim mənafelərimizə qarşı narahatedici addımlar ata bilərlər.

- Necə bilirsiniz, Rusiya sülhməramlıları gələcəkdə Azərbaycan üçün ciddi başağrısına çevrilə bilərmi?

- Əgər Türkiyədən kənar bölgədə başqa bir blokun və ya ölkənin qoşunu sülhməramlı adı ilə olsaydı, yenə də eyni sualı özümüzə verəcəkdik. Unutmayaq ki, sentyabrın 27-sindən öncə rus qoşunu birbaşa ermənilərin yanında idi və Dağlıq Qarabağdakı qondarma rejimin bütün üzdəniraq liderləri Rusiya xüsusi xidmət orqanlarının agentləri kimi tanınırdı. Və Rusiyanın də pərdə arxasından nə edib-etməyəcəyinə qarşı hansısa təminatımız yox idi. Xocalı qətliamını törətmiş 366-cı alay hələ məsələnin bəlli olan tərəfi idi. Bu qondarma rejimə silahların əksəriyyətini də bir çox hallarda ödənişsiz formada Rusiya vermişdi. İndi özümüzə sual verək ki, o Rusiya daha təhlükəli idi, yoxsa sulhməramlı statusla, həm bizim 5 illik razılığımızla, həm də 2 min hərbçi sayı ilə bitərəflik öhdəliyi götürmüş Rusiya? Üstəgəl, artıq Dağlıq Qarabağ yalnız Azərbaycanın deyil, həm də Türkiyənin şərəf məsələsidirsə, bu qədər pessimizmə qapılmamızın adı nədir? Əlbəttə, proses tam arzuladığımız məcrada getməyə bilər, ancaq Qarabağ savaşında da hər şey arzuladığımız kimi deyildi ki? Qətiyyətimizlə və Türkiyəmizin açıq dəstəyi ilə, habelə Rusiyanın açıq neytrallığı ilə prosesi öz xeyrimizə çevirdiksə, bunun davamı da niyə başqa cür olsun? Rusiya ilə dostluq və anlaşma təmaslarımızı gücləndirməliyik, Türkiyəyə hərbi və iqtisadi sferada açıq meydan verməliyik. Bütün hallarda zirvələrdən və qələbə əhvalından gələcəyə baxan bizik, qoy düzənlikdəkilər və məğlublar daha çox narahat olsunlar.

- Qarabağdakı ermənilərdən hələ kimsə Azərbaycanın bayrağı altında yaşamaq istəyini açıq ifadə etməyib. Belə olan halda, Qarabağ erməniləri ilə bağlı hansı addımların atılmasını zəruri sayırsınız?

- Onlar hələ ki Azərbaycan bayrağı altında yaşamağa layiq deyillər. Hələ ki terrorçu zehniyyətindən, daşnak ideologiyasından sağlam düşüncəyə yönəlməyiblərsə, onlardan nəyi açıq ifadə etməyi gözləyirik? Vaxtı çatanda onlar quzu-quzu bayrağımızın altından keçəcəklər. Dövlətimizin indiki strategiyasına diqqət yetirin, ərazilərin minadan təmizlənməsi, sərhədlərimizin bərpası, addım-addım məskunlaşma, iqtisadi layihələri gerçəkləşdirməyə prioritet məsələ kimi baxılır. Erməni məsələsi bu prosesin içində zamanla çözüləcək, xüsusi xidmət orqanlarımız, polisimiz, ordumuz, mülki təsisatlarımız gecə-gündüz ərazidə məqsədyönlü şəkildə çalışırlar.

- Hökumətin iştirakı ilə parlamentdə keçirilən 2021-ci ilin büdcə müzakirələrindən razı qaldınızmı?

- Büdcə müzakirələri bir növ ekstremal şəraitdə gerçəkləşdi. Hökumət ilin sonunadək yaxşı ki, büdcə zərfini müzakirəyə təqdim edə bildi. Maraqlı müzakirə oldu. Əlbəttə, burada Milli Məclisin sədri xanım Qafarovanın müzakirələrdə çıxış etmək istəyən bütün millət vəkillərinə geniş imkan yaratmasını xüsusi olaraq qeyd etməliyəm. Hökumətin təmsilçiləri də müzakirələrdə qaldırılan məsələlərə qaneedici həssaslıq göstərdilər və əksər sualları əhatəli cavablandırdılar. Büdcə kəsiri çox böyükdür, daxili borclanma da rekord səviyyədədir, ancaq unutmayaq ki, həm pandemiya ilə, həm də erməni vəhşiləri ilə savaşdan yeni çıxmış bir dövlət üçün bu, normal göstəricilər sayılmalıdır.

- Fazil bəy, Bakıdan Naxçıvana - Mehri dəhlizindən keçməklə - aparacaq avtomobil və ya qatarın ilk sərnişinlərindən biri olmağı yəqin ki, siz də illərdir gözləyirsiniz. Ermənistan bu razılaşmanı əngəlləyə bilərmi?

- Mən çox istərdim ki, açılacaq Naxçıvan yolu ilə ilk olaraq qələbəmizin memarı, ölkə prezidenti cənab İlham Əliyev getsin. Eyni Xudafərinə, Qubadlıya getdiyi kimi, öz idarə etdiyi avtomobildə Naxçıvana getsin. Təbii ki, öz doğulduğum məmləkətə qatarla və ya avtomobillə getmək mənim üçün ayrıca bir duyğudur. Bu duyğumuz mütləq yaxın vaxtlarda gerçəkləşəcək. Ermənistan bu razılaşmanı əngəlləməklə növbəti böyük tarixi səhvlərini edər. Laçın dəhlizindən də imtina etməli olarlar. Düşünürəm ki, Rusiya, Türkiyə və Azərbaycan Ermənistanı ağıllı davranmağa çətinlik çəkmədən inandıracaqlar.

- Bir sıra nazirliklərin Bakıdan Gəncəyə köçürülməsini təklif etmisiniz. Bu, nə qədər real görünür?

- Düşünürəm ki, bunu mütləq etməliyik. Bununla həm də Bakını yüngülləşdirmiş olarıq. Biz insanlarımızı minalanmış Kəlbəcərdən, Laçından, Ağdamdan öncə minalanmamış ərazilərimizə - Gədəbəyə, Lerikə, Astaraya, Naxçıvana, Qazağa, Tərtərə qaytarmanın iqtisadi stimullaşdırma yollarını tapmalıyıq. Qarabağı Bakıdan deyil, əsasən, Gəncədən idarə etmək lazımdır. Ona görə də bu ərazilərdə bərpaya, dirçəlişə, məskunlaşdırmaya dəxli olan bütün nazirlik və komitələri bu şəhərə köçürməklə daha çevik idarəçiliyi təmin etmək mümkündür. Bir neçə universitetin və kolleclərin də buraya köçürülməsini düşünməyin vaxtıdır.

- Ölkədə əfv, amnistiya verilməsi ilə bağlı təşəbbüslər və gözləntilər var. Siyavuş Novruzov həbsxanalarda bir nəfər də qadın qalmamalıdır, təşəbbüsü ilə çıxış etmişdi. Sizin məhbuslarla bağlı fikirləriniz necədir? Ölkədə hər şeyi “0"-dan başlamaq olarmı?

- Cinayətkarın qadın və ya kişisinin daha keyfiyyətli olması barədə mübahisə açmaq istəməzdim. Daha dəqiq ifadə, fikrimcə, bu olardı: həbsxanada ədalətsiz məhkum olunan kimsə qalmamalıdır. Bu həm də məhkəmə hakimiyyətinə, hüquq-mühafizə orqanlarına bir göndəriş olardı. Əfv də, amnistiya da vaxtaşırı olur, bundan sonra da gözləniləndir, əsas məsələ ədalətli mühakimə sisteminə cəmiyyətin inanmasıdır. 

- “Beşinci kolon” təhlükəsindən çox danışılır. Sizcə, təhlükə daha çox hansı istiqamətdən gələ bilər?

- Təhlükə ilk növbədə arxayınlaşmamızdan irəli gələ bilər. Bu bəlkə də içimizdəki “birinci kolon”dur. Yəni özümüzün milli-mental kolonumuz. “Beşinci kolon” Azərbaycanın qazandığı qələbədən sonra ideya-siyası dayaqlarını xeyli dərəcədə itirmiş oldu. Ara-sıra Rusiya sülhməramlıları, şəhid və qazi duyğuları üzərindən varlıqlarını ifadə etməyə çalışsalar da, dövlətimiz üçün təhlükə yaradacaq qədər böyümə perspektivləri yaxın vaxtlarda görünmür.

- Fazil bəy, ölkəmizdə yanacağın bahalaşması qərarına münasibətinizi də bilmək istərdik...

- Yanacağın bahalaşması müharibədən sonra gözlənilən bir qərar idi. Açıq söyləməliyik, savaş məsrəfləri böyük rəqəmlərlə ifadə olunur. Pandemiyanın məsrəfləri ondan da az sayılacaq rəqəmlər deyil. Hökumət gücü yetdiyi həddə qədər kəskin qiymət artımına getməməyə çalışır. Daxili bazarı qorumaq üçün atılan addımlara insanlar anlayışla yanaşmalıdır. Təbii ki, paralel olaraq aztəminatlı ailələrin durumunun yaxşılaşdırılması üçün təsirli sosial tədbirləri də hökumət gücləndirməlidir. Müharibədən sonrakı dövrün tələb etdiyi fədakarlığa Azərbaycan cəmiyyəti hazır olmalıdır və dövlətin zəifləməsinə hamılıqla yol verməməliyik.

Elşad PAŞASOY

635x100

Şərhlər

vətənindaşı 2021-01-09 01:44:35

Fazil bəyy rusun gəlişini heç bir (Tağı demişkən) burcutma ilə malalayanmayacaqsınız, yaxın vaxtlarda çabalarınızın çox mənasız olduğunu görəcəksiniz

AMIN 2021-01-09 00:07:26

Satqınlar çox yerdə var.Millətimizin tarixini ,tarixi şəxsiyyətlərini aşağılayanlar cildə girmiş daha qorxuludurlar.

Culfa 2021-01-08 20:51:42

seçisi 2021-01-08 14:30:40 Deputatlar da müharibə iştirakçıları,şəhid ailələrindən olsa yaxşı olardı. Bu torpaq uğrunda ancaq onlar canlarını qoydular. DÜZDÜR. ŞƏRİKƏM.

OQTAY 2021-01-08 19:03:46

Herbide tezlikle islahat olmalidir.Pesekar ordumuz qacilmazdir,zabit heyeti tamamile deysirilmelidir,cavan kadrlarla temin olunmalidir.Xususi teynatlara daha cox yer verilmelidir.

Əli 2021-01-08 19:02:37

Elə hərləyib-fırlayıb rusun dəyirmanına su tökür

ejder 2021-01-08 16:25:24

necmeddinin ucbatindan nece oqul wehid oluf.hani o ...hiyy

t.ədalət 2021-01-08 16:03:25

Paytaxtı niyə Kürdəmirə yox,Gəncəyə köçürmək istəyirlər?...

t.ədalət 2021-01-08 15:56:36

Məmur və nazir vəzifələrinin təyinatı üzrə "kadrlar idarəsi"nin rəhbəri .....İnşallah,Türkiyəyə yaxınlaşdıqca bu problemimiz də çözülər.

t.ədalət 2021-01-08 15:52:06

Ordumuzu rus ordusuna and içən zabitlərdən qorumalıyıq.Rus ordusuna and içən zabitlər bu gün də Rusiyanın tapşırıqlarını icra edirlər.Yadımdadır,müdafiə nazirliyində nizami addımlama vaxtı kim qol hərəkətlərini Türkiyə ordusundakı kimi hərəkət etdirirdisə,onu dərhal gözümçıxdıya salır,rus ordusundakı kimi hərəkət etməyə məcbur edirlər.Mən özüm rus poqonu gəzdirənlərə "çest" vermədiyimə görə yeddi gün qaubbaxt cəzası aldım.(bax: A.Qurbaninin şeirlər kitabı,"Mən rus poqonuna çest verməyəcəm" şeiri)Vaxtı ilə Ə.Şıxlinski Rusiya üçün necə idisə,indi də rus ordusuna and içənlər odur.

pensioner 2021-01-08 15:32:59

1941-45 təcrübəsindən nəticə çıxararaq səhhətinə görə ordudan tərxis olunan zabitlərin və savadlı gənclərin bir qismini rəhbər vəzifələrə gətirərək onları torpaqlarda görüləcək bərpa işlərinə cəlb etmək lazımdır.

seçisi 2021-01-08 14:30:40

Deputatlar da müharibə iştirakçıları,şəhid ailələrindən olsa yaxşı olardı. Bu torpaq uğrunda ancaq onlar canlarını qoydular

Son yazılar