“KƏNAR OYUNÇULARDAN HƏRBİ-SİYASİ DƏSTƏK ALMALIYIQ...” – “Təkcə Qarabağa nəzarət Rusiyaya kifayət etməyəcək”

Müharibədən sonra Dağlıq Qarabağın Rusiya sülhməramlılarının cavabdehlik daşıdığı ərazisində baş verən proseslər Azərbaycan cəmiyyətində narahatlıq doğurur. Erməni əhalisinin sürətli məskunlaşdırılması, onların sosial problemlərinin həlli və sair humanitar tədbirlər həyata keçirilir. Eyni zamanda işğalçı ordunun qalıqları bölgədən çıxarılmayıb, Azərbaycanın tələb etdiyi və 10 noyabr razılaşmasında əks olunan kommunikasiyaların açılması məsələsi də hələ ki, reallaşdırılmayıb.

Prezident İlham Əliyev hökumətin iclasında çıxş edərkən yaranmış situasiyanı izah edib və rəsmi Bakının apardığı siyasətin mahiyyətini açıqlayıb. Dövlət başçısı qeyd edib ki, sülhməramlı qüvvələrin orada öz funksiyası var: "Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".

Bundan sonra proseslərin hansı istiqamətdə cərəyan edəcəyi maraq doğurur. Xüsusən, Rusiyanın bölgəyə və Azərbaycana yönəlik siyasətində hansı dəyişikliklərin olacağı mühüm əhəmiyyət kəsb edir.

Tanınmış siyasi şərhçi, "Exo-Bakı" Youtube kanalının redaktoru Rauf Mirqədirov "AzPolitika.info"-ya şərhində bildirib ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə uzun müddət davam etmiş münaqişə 44 günlük müharibəyə qədər unikallığı ilə fərqlənirdi. O, postosvet məkanındakı başqa konfilikt ocaqları ilə müqayisə apararaq qeyd edir ki, Dağlıq Qarabağda Rusiya qoşunlarının olmaması bu unikallığı təmin edən əsas faktor idi: "Moskva bu və ya digər şəkildə, yaxud birbaşa münaqişənin həllinə cəlb olunmamışdı. Hamı bilir ki, Rusiya Ermənistanı pulsuz, yaxud uzun müddətli kreditlər hesabına silahla təmin edirdi, eyni zamanda bizə də silah satırdi. Bundan başqa Ermənistana həm ikitərəfli müqavilələr, həm də KTMT çərçivəsində təhlükəsizlik qarantiyaları verilib. Ölkədə Rusiya hərbi bazası və ordusu yerləşdirilib. Buna baxmayaraq, Rusiyanın Dağlıq Qarabağda ordusu yox idi, münaqişədə tərəf deyildi. Məsələn, Ukraynada Krım və Donbassda, Dnestryanı bölgədə münaqişənin tərəflərindən biri Rusiyadır. Ukrayna ərazisində Rusiya silahlı qüvvələri, xüsusi xidmət orqanları fəaliyyət göstərir. Gürcüstanda da vəziyyət təxminən belədir".

R.Mirqədirov təəssüflə qeyd edir ki, Azərbaycanın qələbə ilə başa çatdırdığı müharibədən sonra Qarabağ münaqişəsi unikallığını itirdi. Rusiya birbaşa problemin həllinə cəlb olundu: "Ən təhlükəlisi odur ki, Rusiya bu prosesdə yeganə moderatordur və rus qoşunları Azərbaycana qayıtdı. Məsələ burasındadır ki, son rus əsgəri məhz bu hakimiyyətin dövründə Azərbaycan ərazisini tərk edib. Söhbət Qəbələ RLS-dən gedir. Həmin stansiya elmi-tədqiqat mərkəzi adlandırılsa da, əslində hərbi baza idi. Azərbaycan hökuməti 2010-cu ildə buna nail olsa da, təəssüf ki, yenidən rus qoşunları ölkəyə qayıtdı. Bu da Azərbaycana qarşı böyük təhlükə və təhdid mənbəyidir. Çünki postosvet məkanındakı münaqişələrə nəzər salsaq görərik ki, Rusiya heç bir regiona sülh gətirməyib, əksinə qaynar nöqtələrin qalmasında maraqlıdır". Siyasi şərhçi vurğulayıb ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı proseslərin gedəcəyini proqnozlaşdırmaq olar. Amma bu proqnozların heç biri pozitiv deyil. "Yaxşı nəticəyə gəlib çıxmaq üçün həddindən çox işlər görmək lazımdır. Amma təəssüf ki, bu işlərin görülməsi də müşküldür", - ekspert qeyd edib.

Rauf Mirqədirov hesab edir ki, hazırda rəsmi Bakı özünü ehtiyatlı aparmağa məhkumdur, çünki rus qoşunları Azərbaycan ərazisindədir, "şimal ayısını" qıcıqlandırmaq olmaz: "Nə qədər ki, bu təhlükə neytrallaşdırılmayıb, Azərbaycan ehtiyatlı və susqun mövqe tutacaq. Anlamaq lazımdır ki, Azərbaycanın resursları Rusiya ilə qarşıdurmaya girmək üçün kafi deyil. Bizim o qədər gücümüz yoxdur. Ümumiyyətlə, postosvet məkanında elə bir ölkə yoxdur ki, Rusiya ilə açıq müharibəyə girişsin və bundan qalıb ayrıla bilsin".

Ekspert Azərbaycanda Türkiyəyə böyük umidlərin olduğuna diqqət çəkir. Eyni zamanda bildirir ki, qardaş ölkənin də Rusiya ilə müharibə aparmaq resursları kafi deyil: "Amma sözsüz ki, Türkiyə Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynaya bilər. Mən bunu əvvəllər də qeyd etmişəm, nə qədər ki, Azərbaycan effektli, səmərəli beynəlxalq təhlükəsizlik sisteminin üzvü deyil, müharibə olarsa, Rusiyanın regionda hərbi-siyasi imkanları güclənəcək. Mən qeyd edirdim ki, ilk növbədə bu təhlükənin, təhdidin qarşısını almaq lazımdır. Çünki əksi olduğu təqdirdə biz problemin həllinə yaxınlaşa bilməyəcəyik. Bu günə qədər ərazilərimizdə yalnız Ermənistanın işğalçı ordusu vardısa, bundan sonra Rusiyanın da hərbi təmsilçiliyi olacaq. Bu təhlükənin qarşısı alınmayınca, yeni və daha böyük təhdidlər yaranacaq. Təəssüf ki, hadisələr bununla yekunlaşdı. Bu gün Azərbaycan öz təhlükəsizliyini təmin etmədən Rusiya ilə kəllə-kəlləyə gələ bilməz. Bunun üçün güclü kənar oyunçuların Azərbaycana dəstəyi lazımdır. Özü də söhbət birbaşa hərbi-siyasi dəstəkdən gedir. Belə bir situasiya olmadan Azərbaycanın Rusiya ilə qarşıdurmaya gedəcəyi inandırıcı görünmür və bu mümkün də deyil".

R.Mirqədirovun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə bilavasitə qoşulması nə sülhü bərpa etmək, nə də atəşkəsə nail olmaq məqsədi daşıyır: "Dağlıq Qarabağ ərazisi bir coğrafi məkan kimi Rusiyanı maraqlandırmır. Kənar amilləri nəzərə almasaq, həmin bölgənin Ermənistanın və ya Azərbaycanın nəzarəti altında olması da Putin üçün əhəmiyyətli deyil. Rusiya bütövlükdə Azərbaycanı nəzarət altına almağa çalışır. Bu, Rusiya üçün çox vacibdir. Nə üçün çox vacibdir, izah edim: Bildiyiniz kimi Azərbaycan iki mühüm nəqliyyat dəhlizinin kəsişdiyi nöqtədə yerləşir. Söhbət Şimal-Cənub, Şərq-Qərb dəhlizlərindən gedir. Ya xoşbəxtlikdən, ya da bədbəxtlikdən bu dəhlizlər Azərbaycanda kəsişir. Sözsüz ki, bu Azərbaycana iqtisadi və geosiyasi üstünlüklər verir. Mən yalnız nəqliyyat dəhlizini demirəm, onunla bərabər geosiyasi keçiriciliyi də nəzərdə tuturam. Bu dəhlizlərə nəzarət edən dövlət çox ciddi üstünlüklər əldə etmiş olur. Rusiya da sözsüz ki, bu kəsişmə nöqtəsinə nəzarəti əldə etməyə çalışır. Bu qovşaqda Şimal - Cənub dəhlizi Rusiyanın İrana, Yaxın Şərq ölkələrinə çox vacib çıxışını təmin edir. Yəni Rusiyanın Qərblə maraqlarının toqquşduğu regionlara çıxışıdır".

Ekspert bildirir ki, Şərq - Qərb dəhlizi isə Orta Asiyaya, Çinə, Hindistana çıxışdır və onun ələ keçirilməsi bu regionları nəzarət altında saxlamağa imkan verir. "Rusiya üçün Qərb ölkələrinin Şərq-Qərb dəhlizinə nəzarət etməsi yolverilməzdir. Çünki bu, hazırda Moskvanın kontrolunda olan Orta Asiyanın onun nəzarətindən çıxmasına gətirib çıxara bilər. Beləliklə, Qərbin Şərqə doğru hərəkətinin qarşısını almaq, eyni zamanda Yaxın Şərqdəki mövqeləri qoruyub saxlamaq üçün Rusiya bu qovşağa nəzarət etməlidir. Bu məqsədə nail olmaq üçün isə Azərbaycanı tamamilə nəzarət altına götürmək lazımdır",- o vurğulayıb. 

Rauf Mirəqdirov hesab edir ki, Rusiya Dağlıq Qarabağda oturmaqla Azərbaycanı tamamilə nəzarət altına ala bilməyəcək: "Düzdür, Azərbaycanı daim təhdid, şantaj altında saxlaya, xarici siyasətində müəyyən korrektələr etməyə məcbur edə bilər və s. Amma bu daimi bir əminlik yaratmır. Ona görə də Azərbaycanı daimi nəzarət altında saxlayan mexanizmlər formalaşdırmaq gərəkir. Təhlükələr, təhdidlər isə bundan sonra daha kəskin xarakter ala bilər. Moskva çalışacaq ki, Azərbaycanı özünün yaratdığı və gələcəkdə yaradacağı bloklara, birliklərə cəlb etsin. Putinin bu istiqamətdə əsas ideyası keçmiş SSR-nin bu və ya digər şəkildə bərpasından ibarətdir. Azərbaycanı da bu ideyanın gerçəkləşdirilməsində iştiraka vadar etmək niyyəti var".

Siyasi şərhçi hesab edir ki, bu təhdidlərin gerçəkləşməsinə qarşı dayanmaq üçün müttəfiqlər tapmalıyıq: "Bu isə Türkiyə və Qərb ola bilər. Biz kənar güclərin Azərbaycana hərbi-siyasi dəstəyini gerçəkləşdirməliyik. Sübut etməliyik ki, bu şantajları və təhdidləri reallaşdıra bilməzlər. Başqa ölkələrdən yalnız Türkiyə Azərbaycanda hərbi bazalar qura bilər".

E.Rüstəmli 

"AzPolitika.info"

Вставляется в месте расположения рекламного блока:

Şərhlər

boris 2021-01-11 00:27:25

axı,bu necə olur? Ermənistan vətəndaşı hansı qanunla gedib Qarabagda xidmət keçə bilər,onları kim buraxır Laçın dəhlizindən? bu rusların nə planları varsa təcili qarşısı alınmalıdır.Məntiqlə belə çıxır ki,Rusiya ermənilərdən ibarət qüvvəni formalaşdırır ki,lazımi anda istifadə etsin.

Vətədaş AZE 2021-01-09 21:16:05

Cənab Mirqədirov deyir ki, rus sülhməramlıların hərəkətlərinə biz susmalıyıq, onlarla baş-başa gəlməməliyik. Birincisi, rusların Qarabağın azad edilməmiş ərazilərində hərəkətləri, yəqin ki, öz hokumətlərinindən aldıqları razılıq ilə edirlər. Amma bizim hokumət niyə buna reaksiya vermir.. Yəqin ki, buna səbəb hansısa öhdəlilərimizin olmasıdır. Amma Azərbaycanda siyasi və iqdisadi marağı olan digər ölkələrin əsaslı dəstəyinə güvənərək, Qarabağın qalan hissələrini azad etmək olar

Eli 2021-01-09 20:34:59

Eliye cavab yazan müellime .Müellim men kimşnse qelbine toxunmaw fikrinde uzağam eger kiminse qelbine deydimse üzr isteyirem.Menim arzum odur ki biz başqasına yox özümüze Milletimize xalqımuzs qiymet vermeyi öyrenek heç kimden qorxmayaq.Bir ailesini dolandırs bilmeyenler bir dövwti tebii ki dolandıra bilmez neinki hele bizleri.

ELSAD 2021-01-09 15:30:38

Mentiq deyir ki Turkiye ile srateji muttefiqlik lazimdi. Mudafie Nazirliyimiz beyenat verir ki yox olmaz. Biz Qosulmama-falan Herekatinin uzvuyuk?

Eli - ye 2021-01-09 15:20:12

Eli, medeniyyetin olsun, danishdiqin sozlere hokmen nezaret etmek sene meslehet olunur, chunki, sen, bashqa , tanimadiqin adama yazdiqin cavabda, istifade edirsen qebuledilmez ifade : " sen bedbext ". Bu mesleheti qebul et.

RR 2021-01-09 10:26:40

Müstəqil ölkənin ərazisində başqa bir ölkenin baza yaratması artıq müstəqilliyinin şübhə altında olması deməkdir. Allah bizim dövlətimizi bu çətin sınaqlardan üzüağ ağ çıxarsın. müsteqilliyimizi berpa edek

Dr.AĞAOĞLU 2021-01-09 09:53:11

ÇIddi, Putin Rusiyasının yüz illiklerle sadiq qaldığı mahiyyətinə arqumentli yanaşma.

vətənindaşı 2021-01-09 01:22:39

ay yay yay-

Eıi 2021-01-08 23:04:17

Rauf a cavab yazan müellime.Müellim Siz darıxmayın Kreml türkün sözü öz "dalını qorusin besdi Dünya düşybbunun üstüne sen bedbext bunu güc hesab edirsen Allah ağıl versin bizim "milli şexsiyyetsizlere"

Eli 2021-01-08 22:41:03

Bu müellim ölkeden xarıce qovulandıt sehv ediremse üzr isteyirem

Eli 2021-01-08 22:10:07

Mentiq var .Mence uzun illerdir apatılan siyaset deyileniere hesablanıb.Rehmetlik H.Eliyev hele Naxçıvanda olanda bu siyasete başlamışdı ve mence bu proses davam edir.Putinin siyasüti 300 illik sitasetin davamıdır.Mence bu özünü doğrultmayacaq çünki Dünyada geden prosesler bunun eksinedir

Xalq 2021-01-08 18:57:03

Azərbaycanda Türkiyə bazaları gec də olsa qurulmalı və Pakistanla hərbi müttəfiqlik əlaqələri qurulmalıdır. Əgər bu deyilənlər edilməsə Azərbaycanın müstəqilliyi tarixə qovuşacaq. Rusları heç bir halda Azərbaycana buraxmaq lazım deyildi!

MRP 2021-01-08 17:41:29

Rusiya bədxassəli şiş olub keçib boğazımıza.

Rauf Mirqədirov - a 2021-01-08 17:38:58

Hokumetin bezi adamlarinin shexsi maraqlarini Kreml qoruyur ve evezinde Kremlin maraqlarini da , hokumet qebul edib ve neticede Azerbaycan boyuk tehlukeli veziyyetdedir.

Son yazılar