Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.
Araşdırmalarla müəyyən olunmuşdur ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunmuşdur.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şərhlər
Ölümə səbəb Azərbaycanda qazın təmizlənmədən zəhərli halda abonentə ötürülməsidir.