DÜŞMƏNƏ QAN UDDURAN ŞƏHİDLƏRİN QİSASINI ALAN QƏHRƏMAN - FOTOLAR

Qırx dörd günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Məcid Məmmədovdur. Yaşasaydı bu gün 19 yaşını qeyd edəcəkdi. Müharibənin ilk günündən döyüşlərə qatılaraq düşmənə qan udduran igidimiz həlak olana qədər neçə-neçə şəhidimizin qısasını alıb. Məcid yoldaşları kimi, döyüşlərdə düşmənin bir addım da irəliləməsinə, göz açmasına imkan verməyib.  “Report”un Muğan bürosu xəbər verir ki, Məcid Məmmədov 2002-ci ildə Cəlilabad rayonunun Hacıcavad kəndində dünyaya göz açıb. O, hələ uşaq yaşlarından Vətənə sevgisi ilə həmyaşıdlarından seçilib.

Ötən il həqiqi hərbi xidmətə yollanan Məcid Məmmədov İkinci Qarabağ müharibəsi başlayanda Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib.

Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda hərbi əməiyyat onun son döyüşü olub.

Məcidin hərbçi yoldaşları bildirir ki, o, döyüş zamanı başlarının üstündən keçən mərmilərə fikir vermədən irəli atılırdı. Elə şiddətli döyüşlərin birində qəhrəman kimi döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin anası Dürdanə Quliyeva deyir ki, bu, onsuz keçirdiyi ilk ad günüdür: “18 il balama xoş arzularla tort kəsdirmişəm. Bu gün isə yox. Bu il balam 19 yaşını cənnətdə qeyd edib".

Şəhidimizin qardaşı Emilin sözlərinə görə, Məcid ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə başlayanda çox sevinib: “Dedi axır ki, torpaqlarımızı azad edəcəyik. Ərazilərimiz daha düşmən tapdağında qalmayacaq.

O, müharibə başa çatan kimi tikmək, ailə qurmaq arzusunda idi. Gözaltısı da vardı. Təəssüf ki, arzusuna çatmadı.

Mən qardaşımla qürur duyuram. Çünki o, ən ağır döyüşlərdə iştirak edib, Vətəni qoruyub. Torpaqlarımızın azadlığa qovuşmasında yaxından iştirak edib”.

Qeyd edək ki, Məcid Məmmədov “Vətən uğrunda və “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Xalq 2021-01-12 00:24:53

Allah şəhidimizə rəhmət eləsin! Qəbri nurla dolsun! Yeri cənnət olsun şəhidimizin!

Son yazılar