Çin vaksini nə dərəcədə etibarlıdır? - Araşdırma

Çinin SinoVac şirkətinin COVID-19-a qarşı vaksini artıq dörd fərqli effekt göstəricisi ortaya qoyub. Braziliyadan gələn məlumatlar daha çox suallar yaradıb. 

Axı, indi inkişaf etməkdə olan ölkələrin çoxu pandemiyanın kökünü kəsməkdən ötrü gözünü “CoronaVac” vaksininə dikib. “Reuters” bu vaksinin nə dərəcədə effektli olmasından yazır.

Türkiyədə tədqiqatçılar dərmanın 91.25 faiz effektli olduğunu bildiriblər. Bu ölkədə sınaqlara 7 mindən çox könüllü qatılıb, effektlilik 1322 nəfərin nəticələrinə əsaslanıb. İndoneziya vaksini 1600 nəfər üzərində sınaqdan çıxararaq 65 faiz effektli olduğunu açıqlayıb. İndi isə Braziliyada tədqiqatçılar vaksinin 50.4 faiz effektli olduğunu bildirib. Bu, təsdiqlənmək üçün tələb olunan həddən azacıq yuxarıdır, bir həftə öncə elan olunan 78 faizdən aşağıdır.

Fərqli effekt dərəcəsinə təsir göstərən amillərə gəlincə, ekspertlər bu sırada sınağın miqyasını, pasiyent kriteriyasını, vaksinasiyadan sonrakı müşahidənin müddətini, hədəf qrupları göstərirlər.Braziliyada yoluxmalar sürətlə yayılır, üstəlik, sınaqlar yalnız tibb işçiləri üzərində aparılıb. Tibb işçiləri yüngül simptomlar barədə də dərhal məlumat verirlər. Ən son göstəricilərə xəstəliyi yüngül simptomlarla keçirən, kinik yardım tələb etməyənlər də salınıb. Daha öncəki dəyərləndirmə isə tibbi yardıma ehtiyacı yaranmış xəstələri əhatələyirdi.

Türkiyə və Çili isə həm tibb işçilərini seçib, həm də digər qrupları. İndoneziyada yalnız adi şəxslər üzərində sınaq aparılıb. Yüksək həssaslığı ilə seçilən COVID-19 testlərinin bəzən saxta çıxmış müsbət nəticələri də ümumi göstəricilərə təsir göstərə bilər. Ekspertlər deyirlər ki, nəticələri dəyərləndirmək çətindir, çünki tam məlumatlar hələ çıxmayıb.

Şərqi İngiltərə Universitetinin tibb professoru Pol Hanter qeyd edib ki, dozalar arasında intervalın cəmi iki həftə olmasının da nəticələrə təsiri ola bilər. Sinovac şirkətinin mövqeyinə görə, ölkələrin sınaq modelləri oxşar deyil, amma nəticələr vaksinin təhlükəsiz və effektli olduğunu göstərir. İndoneziya və Türkiyə artıq vaksini təsdiqləyib və bu həftə kütləvi peyvəndləməyə başlayacaq. İndoneziya prezidentinə ilk doza da vurulub. Braziliya isə CoronaVac-ın istifadəsilə bağlı bu şənbə qərar verəcək.

Azərbaycan hələ hansı vaksini alacağını dəqiq açıqlamayıb. Ancaq bir müddət öncə səhiyyə rəsmiləri Pfizer vaksininin saxlanması və daşınmasının çətin olduğunu deyir, “CoronaVac” vaksininə üstünlük verilə biləcəyini deyirdilər. Eyni zamanda Rusiyanın Sputnik V vaksinin AstraZeneca şirkətinin vaksini ilə kombinə edilmiş formada sınaqlarına Azərbaycanın da cəlb olunması üçün danışıqların getdiyi haqda xəbərlər yayılmışdı. Sonradan yayılmış məlumatlarda Azərbaycanın Çin vaksinini Türkiyə vasitəsilə ilə alacağı deyilirdi.

Nazirlər Kabinetindən "Azadlıq" radiosuna verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondundan peyvəndlərin alınmasına 46,1 milyon manat ayrılıb. Rəsmi məlumatda 2020-ci ilin martında yaradılan Fonda ümumilikdə 114 milyon manatdan çox vəsait toplandığı deyilirdi.

"Pfizer-BioNTech" və "Moderna" vaksinlərinin 95 faiz effektli olduğu açıqlanıb. Britaniyanın "AstraZeneca" şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı vaksin də fərqli effekt ortaya qoyub. Bütün yaş qruplarından olan böyüklərə iki tam doza vurulanda 62% effekt göstərib. Yaşı 55-dən aşağı qrupdan olanlara yarım doza, daha sonra tam doza vurulanda isə effekt 90 faizə qalxıb.

Çinin "Sinopharm" şirkətinin hazırladığı vaksin 79.34% effekt göstərib. Birləşmiş Ərəb Əmirlikləri isə bu vaksinin 86% effektli olduğunu açıqlayıb.  Rusiya isə"Sputnik V" vaksininin 91 faiz effektli olduğunu bildirir.

ABŞ-da mənzillənən Xarici Əlaqələr Şurasında qlobal səhiyyə üzrə aparıcı əməkdaş Yanjonq Huanq nəticəni məyusedici adlandırıb. Huanq CNN-ə bildirib ki, "Sinovac" vaksinindən yenə də səhiyyə sistemlərinin yükünün azaldılmasında istifadə oluna, potensial ölüm hallarına təsir göstərə bilər.Çin dünyaya milyonlarla doza vaksin vəd edib və çatdırmağa da hazırdır. Huanqın fikrincə, vaksinin zəifliyi "Sinovac"-ın dünya bazarında payını genişləndirməsini əngəlləyə bilər. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar