DİPLOMATİYAMIZIN “TOPAL GENERALLARI”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

44 günlük müharibə bir çox danılmaz üstünlüklərimizlə yanaşı, xeyli ciddi və ağrılı çatışmazlıqlarımızı da göstərdi. Məsələn, göstərdi ki, strateji əhəmiyyət daşıyan strukturlarda yüksək vəzifələr tutan şəxslərin peşəkarlıq, şəffaflıq, dövlətçiliyə, milli köklərə bağlılıq və s. bu kimi anlayışlardan uzaq olması ağır dönəmlərdə dövlətə və xalqa çox baha başa gəlir və ağır nəticələr verir...

Çoxları müharibə dövrünün yaratdığı gərginliyin fonunda bir məqama fikir vermədi; xalqın içindən, kasıb ailədən çıxan və tabeliyindəki əsgərinin, zabitinin dostuna çevrilmiş Milli Qəhrəman, general Polad Həşimaova cəmiyyətin, xalqın göstərdiyi ehtiram! 

Bu ehtiram sıravi müçahidəçlərlə yanaşı Ordunun və digər strukturların rəhbərliyindəki müftəxor, yekəqarın, “rusbaş” generalları, eləcə də kiməsə yaxınlığı, qohumluğu, tanışlığı hesabına yekə ulduzlu poqonlar, bər-bəzkli, ütülü, qotazlı-motazlı forma daşıyan “generallar”ı da heyrətləndirdi. Çünki onlar xalqdan bu münasibəti heç zaman görməyəcəklərini və buna layiq olmadıqlarını yaxşı anlayırlar. Onlara qalsa, bir daha xalqın içindən çıxan “təsadüfi adamlara” general rütbəsi verilməməlidir...

Həmin bu zahirən ütülü, qotazlı, ənlik və kirşanlı, ağıllı görkəmli, daxilən isə mahiyyətsiz, kosmopolit, topal və boz düşüncəli köhnəli-təzəli “generallar” Xarici İşlər Nazirliyində və diplomatik korpusumuzda da kifayət qədər olub və var. Və məhz bu sistem dövlət idarəçiliyinin müharibədən əvvəl, onun gedişində və müharibədən sonra ən çox axsayan sahələrindən biri olduğunu göstərdi.

Hamı gördü ki, az qala 17 il(!) ölkənin Xarici işlər naziri olan şəxs mahiyyətcə “JEK” müdiri, hakim, yaxud icra başçısı kimi adi korrupsionerdir. Nazirliyi “makler ofisi”nə çevirən, xaricdə milyonlarla dollara aldığı mənzilə görə dili topuq vura-vura hesabat verə bilməyən, bunu “şəxsi işi” adlandırıb özünü gülünc vəziyyətə salan, 17 il təmsil etdiyi xalqın, dövlətin dilində normal danışmağı belə öyrənməyəcək qədər təmbəl və məsuliyyətsiz bir adam Azərbaycanın Qarabağ kimi həyati əhəmiyyətli probleminin çözülməsində az qala mərkəzi fiqur rolunu oynayıb. 

“Baqajında” əli əyri, gözü kölgəli və bunun da nəticəsi olaraq mahiyyətcə qorxaq, dişsiz və şablon açıqlamalar verən birinin rəhbərlik etdiyi XİN sistemini daşımaqla müharibə aparmaq təbii ki, əlavə risq demək idi. Yəqin ki, müharibə ərəfəsində XİN-də aparılan təmizləmələr də bu sistemin yararsızlığından irəli gəlirdi. 

Bu təmizləmələrlə lazımi nəticəyə nə dərəcədə nail olunduğu isə əlbəttə ki, mübahisəli və müzakirə olunacaq mövzudur. Çünki sütunları xeyli müddətdir çürümüş bir binanı xatırladan XİN sistemini qısa müddətdə təmir etmək də asan deyil və buna nail olmaq üçün ilk növbədə ortaya səmimi niyyət qoyulduğunu da söyləmək hələ tezdir...

Hamı gördü ki, müharibə dövründə və ondan sonra Ermənistanın köhnəli-təzəli XİN başçıları, diplomatları, diaspora rəhbərləri gecə-gündüz Azərbaycana qarşı informasiya müharibəsinin önündə gedəndə, xarici telekanallara müsahibələr verəndə, səs-küy salan paylaşımlar edəndə bizimkilər nə ilə məşğul idilər. Məsələn, Elmar Məmmədyarovdan ümumiyyətlə səs çıxmadı. Sanki Azərbaycanda belə bir yüksək ranqlı diplomat, beynəlxalq arenada az-çox tanınan siyasi fiqur olmayıb. Adam sanki rəsmi vəzifəsini itirməklə azərbaycançılıqdan da çıxdı. Ona görə də susur və elə bil tezliklə unudulmasını istəyir...

Ondan fərqli olaraq, daha bir sabiq XİN rəhbəri Tofiq Zülfüqarov isə susmur, ancaq kimin xeyrinə, maraqlarına uyğun danışdığını da anlamaq çoxları üçün çətin olur. Türkiyənin regionda varlığının vacibliyini bildirənlərə yuxarıdan aşağı baxıb, onları savadsızlıqda günahlandıran sabiq nazir və politoloq nədənsə bir Navalnının əlində əsir-yesir qalan Rusiya hakimiyyətinin rolunu və imkanlarını şişirtməyə, onu xalqa “xoxan” kimi göstərməyə xüsusi önəm verir.

Bilə-bilə ki, ermənilər bizimlə birgəyaşayışı heç yaxına buraxmaq istəmirlər, Qarabağdakı ermənilər və ruslarla birgə hüquq-mühafizə sukturları yaratmağı təklif edir. Və bununla da Azərbaycanın suveren haqq və səlahiyyətlərinin separatçılar və ”sülhməramlılar”la paylaşmağı təklif edir. Buna bənzər yanaşmaları yalnız Rusiyada Putin yanlısı siyasətçi və jurnalistlərdən görə bilərsiniz.

Sabiq nazirin opponentlərinə arqumentlər əsasında cavab vermək yerinə onları “agent” adlandırması isə yəqin ki, yüksək savad və siyasi mədəniyyət səviyyəsindən irəli gəlir... Əvəzində, Türkiyə meylli siyasətçiləri səviyyəsizlikdə günahlandıran Zülfüqarov hətta paylaşımlarını da əsasən rus dilində edir. Bunun özü də kənardan bir o qədər əhəmiyyətli məqam kimi görünməyə bilər, ancaq əslində bu, dövlət tərbiyəsinə uyğun olmayan ziyanlı tendensiyadır. Ermənistanda, Rusiyada və digər ölkələrdə ingilis dilində təhsil alan və onu mükəmməl bilən diplomatlar, ictimai xadimlər var. Ancaq onların heç birinin öz dilini qoyub, yekəxanalıqla əcnəbi dildə paylaşım etməsini görməzsiniz...

Yaxud, olsun diplomatiyamızın daha bir tanınmış təmsilçisi – Arif Məmmədov. Uzun illər Avropada komfortlu diplomat həyatı yaşayan bu şəxs də daha çox Rusiyanın qazandığı üstünlüklərdən danışır. Onun Azərbaycan və Türkiyə haqqında dediklərini dinlədikdə isə bir azərbaycanlıdan daha çox Makronun partiyasından olan hansısa fransızın danışdığını güman edirsən. 

Əlbəttə ki, müharibəni regionda maraqları olan iri dövlətlərlə siyasi münasibətlər, məsləhətləşmələr, hətta hansısa mərhələlərdə anlaşmalar olmadan aparmaq ağlabatan və məntiqli deyil.

Lakin A.Məmmədovun timsalında Azərbaycanın minlərlə övladının şəhid və qazi olduğu bir savaşı az qala Rusiya ilə alış-verişin nəticəsi kimi qələmə vermək, Rusiyanın rolunu qabartmaq və onu qalib, bizi məğlub kimi göstərmək, Türkiyənin, Rəcəb Tayyib Ərdoğanın dəstəyini isə sırf hansısa maraqlara calamaq və bu “ideyanı” mümkün qədər onu izləyənlərin beyninə yeritməyə çalışmağın özü yüksək keyfiyyətli diplomatlıq, politoloqluq, ən əsası da gerçək azərbaycançılıq keyfiyyəti deyil və heç də şəhidlərimizin ruhuna və qazilərimizin yaralarına hörmətdən xəbər vermir. Elə buna görə də A.Məmmədovun açıqlamalarına, canlı yayımlarına fikir versəniz, ona müsbət şərh yazanların, bəyənənlərin arasında ermənilərin üstünlük təşkil etdiyini görərərsiniz...

Yaxud, olsun Rusiyadakı səfirimiz Polad Bülbüloğlu. Hər hesablanmamış, ölçü-biçisiz açıqlamasından sonra rəsmi Bakı bir növ onun “zibilini təmizləməyə” məcbur olur. Hələ iyulda Tovuzda baş verən erməni təxribatından sonra səfirlik qarşısında toplaşan həmvətənlərimizə “Rusiyanın çörəyini yeyirsiniz” minnəti qoyan səfir bu ifadənin nəinki yüksək rütbəli dövlət təmsilçisinə, diplomata, heç “bazarkoma” da yaraşmadığını bəlkə heç indinin özündə də anlamayıb. 

Müharibə dövründə isə Bülbüloğlu ümumiyyətlə “gül vurdu”. İş o yerə çatdı ki, Hikmət Hacıyev onun “açıqlamalarına” etiraz etməli oldu: “Məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir...” 

P.Bülbüloğlu həmin günlərdə Türkiyə hərbiçilərinin Qarabağa gəlməyəcəyi, həmçinin ermənilərə mədəni muxtariyyət veriləcəyi ilə bağlı çıxışlar etdi, Rusiyaya məxsus Mi-24 helikopterinin vurulmasına münasibət bildirən zamansa "müharibə müharibədir, hər şey ola bilər" deməklə Rusiyanın rəsmi dairələrində ciddi etiraz yaratdı.

Bu sıraya İspaniyadakı səfirimizi də aid etmək olar. Abel Məhərrəmovun “çaxır biznesi”ndə mərkəzi fiqura çevrilən səfir oğlundan ölkəmiz adına hansısa fədakar, səmərəli fəaliyyət gözləmək nə dərəcədə doğru olar?


Əlbəttə ki, XİN sisteminin uzun illər boyu davam edən qüsurlu, bəzənsə bərbad fəaliyyətinin simvoluna çevrilən kadrların sırası genişdir və onların hansının haraya, kimə xidmət etdiyini anlamaq da o qədər asan deyil.

Hakimiyyətin zamanında bu sahədə islahat aparmaması və məhz XİN, diplomatik korpus baxımından axsamağımızın nəticəsidir ki, müharibə dövründə və ondan sonra da bu istiqamətdəki bütün işi ölkə başçısı öz üzərinə götürməli oldu. Bu iş isə bəzilərinin şimala, cənuba, yaxud qərbə “boylanmasına” rəğmən Türkiyə ilə sıx əməkdaşlıq və birliyə əsaslandı. Və bu gün Moskvadan və Avropa paytxtlarından gözünü yığa bilməyənlər bunu mütləq nəzərə almalı, ən azından Azərbaycan insanının öz eyvanından asdığı bayraqların rənginə və mənsubiyyətinə fikir verməlidirlər...

Bütün bunlarla yanaşı, insafən Azərbaycanın Los-Ancelesdəki konsulu, Macarıstandakı səfiri və digər bir neçə aktiv, səmərəli fəaliyyətilə seçilən diplomatlarımız da var. Lakin bunlar təəssüf ki, barmaqla sayılacaq qədər azdır və ümumilikdə diplomatik korpusumuzun fəaliyyəti gərgin nöqtədə yerləşən və müharibə aparan bir ölkənin tələblərinə adekvat deyil. 

Əksinə, uzun illər XİN sistemi kimlərinsə gül balalarına vəzifə vermək, xaricə göndərmək, karyera qurmaq, ya da “vurulmuş” məmurları ora-bura atmaq, “sürgünə göndərmək” funksiyası daşıdığından, nəticədə dövlətin bu sahəyə ayırdığı vəsait, enerji, vaxt və s. əbəs yerə xərclənmiş olub. XİN sisteminə nəhayət ki, hər şeyi pulla həll etməyə öyrəşən məmur ailələrilə yanaşı, heç olmasa bir qədər də sadə ailələrdən çıxan, vətənə və millətə bağlı kadrlarının gətirilməsinə, bu sistemin öz Polad Həşimovlarını yetirməsinə nail olunmayınca, burada vəziyyətin dəyişəcəyinə inanmaq çətindir...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

cəllad 2021-01-20 16:40:05

xarici işlər naziri Ceyhun Bayramov çıxıb indiyəqədərki fəaliyyətinə dair hesabat verməlidir. Hesabat verib Məmmədyarovun cinayıt ortaqlarını hansı əsaslar Xİn-də hələ də saxladığını izah etməlidir. Həm də XiN-də indiyə qədər kadrların rotasiyası sahəsində görülmüş işlərdən, əgər görübsə, bəhs etməlidir. Yüzlərlə əməkdaşın ac-yalavac sərəncamda saxlanılmasına da aydınlıq gətirməldir. ....

vətənindaşı 2021-01-20 11:19:18

Hər 10-12 ildən bir kadr islahatı adıyla yeni adamlar təyin edilib-sonrada hamısı şərlənib nüfuzdan salınıb-necə olur ki bu ölkədə hamı ağılsız oldu elə--məncə maraqlı hadisələr bu işə aid çoxdur

Kəndçi balası 2021-01-20 10:20:15

Afrika ölkələrində fəaliyyət göstərən bizim səfirliklərin elə nümayəndələri varki əmisi dayısı qaçqın pulunu yediyi üçün türmədə yatıb.Həmin şəxslər keçmiş MTN vaxtı yoxlanacaq xarici göndərilib.Onlar hal-hazırda XİN-də işləyir! Bunları kim və necə yoxlayır???

M.Əsgərov 2021-01-19 17:43:09

Oktay mən Dostayevskinin, tolstoyun dilini deyende onların intellektini nəzərdə tutmuşam, bizim millətə münasibətini deyil!!!!

Dovlatini sevənə 2021-01-19 16:23:00

Calal müallimin Qalibdən yazmayıb? MQ görüşlərindən birində ABŞlı həmsədr azərbaycanlı qaçqınların Qarabağa bütün 7 rayona qaytarılmasını ilkin tədbir kimi qoyub? Az BMT Nümayəndəsi Q.İsrafilov isə 7 yox, 5 rayon razılığını qabardıb! Doğrudanmı, Azərbaycan işğaldan cəmi iki rayonu istəyirdi?

Xaliq 2021-01-19 15:16:01

Məmmədyarovun dövründə QƏrbi Avropaya təyin edilmiş şəfirlərin hamısı bir nəfər kimi "şirinlik" verib. "Şirinlik"in ən şirin həddi isə bir milyon dollar olubmuş, O da Avropanın ən böyük və sanballı ölkəsinə çox gənc yaşlarında təyin olunubmuş... O da verdiyi milyonu çıxarmaq üçün hər cinayətə əl atır, hətta çirkli pulları yumaqdan belə qorxmur. Niyə də qorxsun ki... Bakıda şirinliyini verib ve yerinde möhkəmcə oturub.. Yeri gelmişkən, yerləşmə ölkəsi də milyonçu səfirin hoqqalarından xəbərdardır. Gözləyirlər ki, hökumətimizin özü onu könüllü geri çağırsın...

Saqqallı uşaq 2021-01-19 14:05:56

Xarici İşlər Nazirliyində İndoneziyadan tutmuş İngiltərəyədək bütün ölkələrlə məşğul olub, onlarla siyasi məsləhtləşmələr aparan Xalaf Xalaf kimi dahi nazir müavini vardır. Soruşacaqsınız ki, burada nə var ki, elə Azərbaycanda hamı hər işlə məşğul deyilmi? Əziz oxucular, Siz haqlısınız, yalnız bir əmma vardır: Xalaf müəllim heç bir xarici dil bilməyir, rus dilində isə eybəcər aksentlə danışır. Görünür, Məmmədyarova beı müavin daha çox sərf edirmiş.

Qalib İsrafolova dair 2021-01-19 10:50:21

ey Azərbaycan xalqı, Azərbaycanın ATƏT yanınada daimi nümayəndəsi və Avstriya Respublikasındakı səfiri, qotazlı-motazlı, bərli-bəzəkli, titulları saymaqla bitməyən Qalib İsrafilov adlı bir diplomatı da varmış... Belə birisinin varlığından xəbəriniz vardımı? Artıq 10 ildən çoxdur ki, Vyanada ATƏT-i bəhanə edib, dost-aşnasını başına yığıb həyatın ləzzətini çıxarmaqdan doymur. 44 günlük müharibədə heç bir dəfə də olsun onun səsini-səmrini eşidən oldumu? Sanki, Vyana gölünə daş atmışdılar, Qalib İsrafilovun bir dəfə də olsun səsi çıxmadı... Niyə də çıxsın ki, axı gərək adamın üzü olsun, danışmağa sözü olsun... ATƏT-lə münasibətlərin bütün sahələrdə necə bərbad olduğu hamıya bəllidir, Avstirya Respublikası ilə ikitərəfli münasibətlər daha da bərbarddır. Müharibənin tam ortasında Azərbaycanın istfadə etdiyi "Bayraktar-2 "dronlarının Avstriyada "Rotax şirkəti tətəfindən" istehsal edilən motorlarla çalışdığı məlum oldu. Avstriya Respublikası da erməni diasporunun təkidi ilə motorların Türkiyəyə ixracatına emborqo qoydu. Üstəlik də, Avstriya Parlamenti Azərbaycanın ünvanına hədəyana ermənipərəst Qətnamə qəbul etdi. Qalib İsrafilovdan yenə də səs çıxmadı.... Sanki ətrafında baş verənlərin ona heç dəxli yoxmuş....Nə isə, gərək adamın yaxşı qohumları olsun, yaxşı yerdən qız alasan, bacını da vəzifəli bir kişiyə ərə verəsən, sonra da qohumluq əlaqələrinin sonsuzuğa qədər xeyir görəsən...

Vətəndaş 2021-01-19 10:41:25

Bunlara nə deyilib onu deyiblər,indi də davam edirlər. Bir A.Məmmədov ipi qırıb qaçıb.ona görə də ağlına gələni danışır

Dövlətini sevən 2021-01-18 23:50:43

Çox əhəmiyyətli bir yazıdır . Bunun üçün bir vətəndaş kimi Cəlal müəllimə öz təşəkkürümü bildirirəm. Kadr hər şeyi həll edir. Kadr təyinatında səhvə yol verilməməlidir........?

Danabaş 2021-01-18 23:41:21

pardon-pardon, icazə verin, xırdaca düzəliş edək: İspaniyadakı səfir cənablarının ustadı, hörmətli-mərhəmətli, çox izzətli el ağsaqqalı əbədi nazir müavini Xalaf Xalafovdur. Ona təqdimatı yayzan da, onu idarə rəisi vəzifəsinə ucaldan da Xala müəllimdir. ÜMumiyyətlə, Xalaf müəllim, vəzifəli adamların uşaqlarına qulluq etməyi çox sevir. Əgər deyilənlərə şübhə edirsə, çıxıb, etiraz edə bilər.

Səlim 2021-01-18 23:09:07

Yuxarıda adları çəkilən məmur və eks məmurların bəzisi vəzifədə, bəziləri televiziyalarda, KİV-lərdə müsahibə verirlər, bəziləri isə ya vəzifədə, ya da vəzifəsindən uzaqlaşdırılıb öz kef damağlarındadı. Onda belə çıxır ki, burda təkcə XİN və ona bağlı olan əməkdaşlar deyil, hüquq mühafizə, məhkəm orqanları hansı ki onları məsuliyyətə cəlb etmir, səlahiyyətli şəxslərin hansı ki oları vəzifəyə təyin edib, televiziya və mətbuatın hansı ki, onlardan müsahibə alır və fikrini öyrənir, ümumiyyətlə belə çıxır ki burda bir biri ilə bağlı bütün strukturlarda əsaslı təmizləmə, təftiş bəlkədə "əsaslı təmir" işləri aparılmakıdır. Onda sual yaranır kimdir müqəssir? Niyə onar tutulmur, vəzifəsindən azad edilmir? Niyə yiyib dağıdıb sonra da qaçıb xaricdə gizlənib, yığdığlarını yiyib, utanmadan hələ bir notada verirlər? Bunlar ardı arası kəsiləcəkmi? Bizdə normal, millətə xeyri dəyən bir vəzifəli şəxş olacaqmı? Bilmirsən kimə inanasan, nəyə qmüd edəsən.

OQTAY 2021-01-18 22:31:15

M.Əsgərov,Tolstoy bir dunya ehemiyetli yazicidir,Dostayevski bir sovinist,Boyuk Turk milletinie dusmencilik besleyen yazicidir!!!Butun icimizde olan ,manqurdlara lenet olsun!!!

Osman 2021-01-18 22:07:59

Abel müəllim əsil ziyalı asil

Yalçın 2021-01-18 22:06:56

Abel müəllim çox nüfuzlu və savadlı alim olmağla eyni zamanda peşəkar Rektoruydu...

Oxucu 2021-01-18 21:54:18

Narxoz diplomatı da bunların bir tayıdır

Abuzər 2021-01-18 21:29:50

Bu halın yaranmasında kadr siyasətinin çürüklüyü təsdiq olunur.Polad Bülbül oğlu bülbüllüyünü etsə idi bəlkə ondan bir fayda olardı.Amma onun Rusiya kimi böyük və bizim üçün baş ağrısı yaradan Rusiyaya "dipıomat" kimi göndərilməsi tam yanlış idi.Qalı digərləri.onlar da çürük sistemin məhsullarıdır

Millət 2021-01-18 21:17:28

Buradan bir əsaslı sual ortaya çıxır:Bəs necə olub ki, belə bacarıqsız,yaramaz şəxs 17 il nazir vəzifəsi tutub?Bunu görən,hiss edən,nəzarət edən niyə olmayıb? Kadrlar belə seçilib yerləşdirənlərniyə cəzalandırılmırlar? Kimdir günahkar? Xalq.yoxsa yetkililər?

t.ədalət 2021-01-18 20:52:53

Bunlardan Polad Bülbüloğlu və Məmmədyarov birbaşa erməninin əlinə oynayırlar...

Shahin 2021-01-18 20:49:43

Bunlarin icinde en adiozu ve diplomat siveti olmayan Abel muallimin ogludur. Ne qeder vaxt kecmelidir ki, Abel muallimin dovletin strukturlarina yerleshdirdiyi kadirlardan bu xalq azad olunacaq. Ermeniler o bolgeni ishqal etmishdiler, shukur o torpaqlar qanla azad olundu. Olkeni ishqal eden bu Abel kimi mafiozlarin mafiyasindan xilas olmagin vaxti choxdan catib agalar. Bu milli dushuncesi olmayan talanci adamlardan azad olmanin vaxtidir.

M.Əsgərov 2021-01-18 20:01:35

bunlar putinin, lavrovun, qorbaçovun, brejniyevin, rus hərbi generallarının dilini bilirlər, o dildə başa düçüb danışırlar.......onlar Dostayevskinin, Tolstoyun dilini bilməzlər......

C.Məmmədova 2021-01-18 19:02:12

Şəkildəkilər heç biri general deyil, suflyorlarından söz-cümlə gözləyən artistlərdir! Polad Bülbül oğlu həmin sıradan deyil.

.EJDER 2021-01-18 18:48:17

tamami ile doqrudur,bu sistem curukdur,deyiwiler,tezlukle

Cəmşid Dərələyəzli 2021-01-18 18:48:08

Nə yazıq ki, bütün bunlar acı gerçəklərdi və nə yazıq ki bu gerçəklərdən bütün hakimiyyət qollarında çoxdu və təbii ki belələrini dətəmizləmək zaman alacaq.

buzovnali 2021-01-18 18:30:34

Sifarişli yazidir. Hec olmasa Bülbülün oğlunun dediyi statusa biz nail ola bilərikmi?

Son yazılar