Sanksiyalara mərzu qalan "Şimal axını-2” kəməri çəkiləcəkmi? - "Fortuna" işə başlayıb

Qalmaqallı “Şimal axını-2” qaz kəmərini tamamlamalı olan Rusiya gəmisi Danimarkada işə başlayıb. Bir neçə gün öncə Birləşmiş Ştatlar gəminin ana şirkətinə sanksiyalar tətbiq edib.

Layihə adından yanvarın 24-də yayılmış bəyanatda deyilir ki, “Fortuna” gəmisi Danimarka ərazisindəki tikinti dəhlizində işə başlayıb. “İşlər müvafiq icazələr çərçivəsində aparılır”, – deyə vurğulanır. “Fortuna” kəmərin qalan 150 kilometrini çəkməlidir. Bunun 120 km-i Danimarka, 30 kilometri Almaniya sularına düşür. “Şimal axını-2”yə Rusiyanın “Qazprom” dövlət təbii qaz şirkəti nəzarət edir.

Yanvarın 19-da Birləşmiş Ştatlar “Fortuna”nın sahibi "KVT-RUS" şirkətinə sanksiyalar tətbiq edib. Məqsəd kəmərin tamamlanmasını dayandırmaqdır. Dövlət Departamenti son baş verənləri şərh etməyib.

ABŞ hökuməti və Avropa Birliyinin bəzi üzvlərinin fikrincə, Rusiyadan qazı Baltik dənizinin dibiylə Almaniyaya nəql edəcək bu layihə Avropanı enerji baxımından Moskvadan daha da asılı edəcək, Ukraynanın tranzit ölkəsi kimi rolunu kiçildəcək. Kəmər Rusiya və Almaniya arasındakı mövcud sualtı "Şimal axını" qaz kəmərinin gücünü ikiqat artıracaq.

Almaniya və Rusiya isə bildirirlər ki, ABŞ-ın addımları kommersiya fəaliyyəti üzərinə qanunsuz ekstra-ərazi sanksiyalarıdır.

"Fortuna" kəmər tikintisini tamamlasa belə, qazın Almaniyaya nəqli yolunda maneələr qalır. Birləşmiş Ştatların dekabrda qəbul etdiyi qanunvericilik kəməri sığortalayan istənilən şirkətə sanksiya nəzərdə tutur. Rusiyanın kəmərə qaz vura bilməsi üçün üçüncü tərəfin sertifikatı lazımdır.

Ötən həftə Norveçin "DNV GL" sertifikatlaşdırma şirkəti ABŞ sanksiyalarından dolayı layihədən çıxdığını təsdiqləyib. ABŞ-ın sanksiyaları layihəni bir illiyə yubadıb. 2019-cu ilin dekabrında Birləşmiş Ştatlar kəmərçəkən gəmilərə sanksiya tətbiq etdi. Bundan sonra İsveçrənin "AllSeas" şirkəti layihədən çıxdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar