Xəbər verildiyi kimi Tarif Şurasının ötən gün keçirilən növbəti iclasında “Azərsu” Səhmdar Cəmiyyətinin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb. Və su tarifləri ikiqat artırılıb. Belə ki, bir kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

“Azərsu”ASC bu gün brifinq keçirərək suyun qiymətinin artırılmasının səbəblərini izah etməyə çalışıb. ASC-nin iqtisadiyyat şöbəsinin müdürü Elçin Camalov bildirib ki, Azərbaycanda fasiləsiz su təminatı 2011-ci ildəki 2 faizdən bu gün 70 faizə yüksəlib. Bakı şəhəri üzrə bu rəqəm 81,6 faiz təşkil edir.

“2016-cı ildə ölkədə enerji tarifləri 50 faiz artırılıb. “Azərsu” ən böyük enerji istehlakçılarından biridir. 2016-cı ildə qəbul olunan qərarla xidmətlərin tarifləri 37 faiz artıb, lakin enerji tariflərinin ümumilikdə 50 faiz artması, şirkətin tariflərin artmasından real effektivliyini 23,6 faizə salıb", - Camalov qeyd edib.

Şöbə müdiri bildirib ki, su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib: “Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm amil həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50 faizdən 70 faizə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib".

E.Camalov deyib ki, 2019-cu ildə ölkədə minimum əmək haqqının artımı ASC üzrə əmək haqqı xərclərinin, məcburi sığorta fondları üzrə ayırmaların, vergilərin artmasına öz təsirini göstərib. Ümumilikdə, əmək haqlarının artırılmasına başlıca məqsəd cəmiyyətdə fəaliyyət göstərən mütəxəssislərin, kadrların kənara axının qarşısının alınması olub: “ASC-nin istehlak xərclərinin 3-5 faizi təmir xərclərinə sərf olunur. Bu isə iri infrastruktur layihələrinin uzunmüddətli dövrdə istismar müddətini dəfələrlə başa vurmasına gətirib çıxarır. Bu məqsədlə də tariflərin artırılması zəruri hala çevrilmişdi. Tariflərin artırılmasında məqsədlərin biri də suya israfçılığın qarşısını almaqdır. Bəzən görürük ki, içməli su suvarma və ya sənayenin hansısa sahəsində istifadə edilir və israfçılığa yol açır”.

“Azərsu” ASC-nin Panlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli isə bildirib ki, təsdiq olunmuş yeni tariflərlə maşın texniki bazanın yenilənməsi də nəzərdə tutulur, bu isə xidmət keyfiyyəti artıracaq. Cəmiyyətin həm material tədarükü, həm maşın-mexanizm bazasının yenilənməsi nəzərdə tutulur ki, bu da istehlakçılara göstərilən xidmətin səviyyəsini yüksəldəcək. Hazırda icra olunan layihələrlə artıq yeni təmizləyici qurğular, müasir mal-materialdan istifadə olunmaqla qurulan şəbəkələr tamamilə yeni maşın-mexanizm bazasının yaradılmasını zəruri edir. “Bu da yeni tariflərin tətbiqi ilə mümkün olacaq. Hədəf olaraq su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, şəbəkə və qurğuların düzgün istismarına yönəlib. Bütün bunlar istehlakçıya göstərilən xidmətlərin müsbət mənada artılmasına gətirib çıxaracaq”, o qeyd edib.

Səhmdar cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı isə əlavə edib ki, “Azərsu” 2021-ci ildə də ziyanla işləyəcək. Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasıdır: ""Azərsu” ASC 2021-ci ildə də ziyanla işləyəcək. Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasına hesablanıb”.

“Yeni tariflər amortizasiyadan əvvəlki xərclərimizi ödəyəcək, ancaq yenə səhmdar cəmiyyəti ziyanla işləyəcək. Böyük həcmli qurğular var. Onların amartizasiyasını nəzərə alsaq 2021-ci ilə ziyanla başa vuracağıq”, - o qeyd edib.