Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər yayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atışları yerinə yetirib.

“Qəhrəman tankçı və topçularımız hədəfləri dəqiq zərbələrlə məhv edir”, - nazirlikdən bildirilib.

Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları da yerinə yetiriblər.

Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.