[caption id="attachment_62150" align="alignleft" width="260"] Əlgüşad Gülalıyev[/caption]
Oktyabrın 15-də Xətai Rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevin işi üzrə prosesi davam etdirib.
Əlgüşad Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur, polis nəzarətindədir.
Oqtay Gülalıyevin “Media forum” saytına verdiyi məlumata görə, 15 oktyabr iclasında şahidlərdən biri dindirilib: ”Şahid bildirdi ki, Əlgüşadın dalaşdığını, Bayram Soltanlını döydüyünü görməyib. O, istintaqa ifadəsini polisin təzyiqi altında, valideynin iştirakı olmadan verdiyini də söylədi”.
Oqtay Gülalıyev qeyd edib ki, şahidlərin ifadələri üst-üstə düşmədiyinə görə məhkəmədə müəyyən suallar yaranıb: “Dövlət ittihamçısı vəsatət verdi ki, növbəti məhkəmə prosesində şahidlər və zərərçəkənlər arasında üzləşdirmə keçirilsin. Vəsatət təmin edildi. Bizim də iki vəsatətimiz oldu. Birincisi, azyaşlıdan valideyni olmadan ifadə alındığına görə növbəti məhkəmə prosesinə müstəntiqin qatılmasını istədik. İkinci vəsatətimiz sübut kimi göstərilən diskdə bizə tanış şəxslərin şahid qismində növbəti məhkəmə prosesinə çağırılması haqda oldu. Hər iki vəsatət təmin edildi”.
Artıq 6 məhkəmə prosesinin arxada qaldığını söyləyən Oqtay Gülalıyev vurğulayıb ki, iş üzrə zərərçəkən kimi tanınan Bəxtiyar Soltanlı bu məhkəmə proseslərinin heç birində iştirak etməyib.
Proses oktyabrın 22-də davam edəcək.


Şərhlər