DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanasında fevralın 5-də qeydə alınan ana ölümünə münasibətini açıqlayıb.  J.Əhmədova özünün sosial şəbəkə hesabında yazıb ki, Gülnarə Hümmətovanın doğuş zamanı ölməsindən sonra onun üç azyaşlı körpəsi anasız qalıb.

“Üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq”, - deyə J.Əhmədova bildirib.

Millət vəkilinin sözlərinə görə, mərhumun valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə həkimləri təqsirləndirirlər.

Deputat hesab edir ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır.

“Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verə bilər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə, onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır”, - deyən J.Əhmədova onu da əlavə edib ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər:

“Burada həm maddiyyat, hə də vaxt məfhumu böyük rol oynayır, desəm yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər həm də vaxt baxımından xəstəyə bu üsulu məsləhət görürlər”.

J.Əhmədova qeyd edib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır.

O, həkimlərin qeyri-peşəkarlığı ucbatından baş verən ana ölümlərinə görə cəza sisteminin işə salınmasının vacibliyini də vurğulayıb.

“Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Nəyə görə 32 yaşlı Gülnarə Hümmətovanın ölümünə görə Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü?

Əlbəttə ki, yox! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Və mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar”, - deyə J.Əhmədova fikrini yekunlaşdırıb.

Oxu.Az-ın məlumatına əsasən, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb.

Körpə ana bətnindən götürülüb. Bundan iki gün sonra ana qanaxmadan həyatını itirib.

Xatırladaq ki, deputat J.Əhmədova 59 saylı Salyan Seçki Dairəsindən parlamentə deputat seçilib.

635x100

Şərhlər

Ziyalı 2021-02-23 18:49:42

Pah! Bunun da gücü rayon xəstəxanasının həkiminə çatır. Vahid Axundovun qohumuna bax.

müslümət el qızı 2021-02-20 18:34:15

qaxın baş həkimi Azərbaycan səhiyyəsində ən bərk gedənlərdən birisididir.

Millət Vəkilinə 2021-02-20 17:00:40

Jalə xanım, DQMV soveti öz qətnaməsi, Ermənistan 14.06.1988ci il rəsmi fərmanı ilə Qarabağda Hərbi Terror törədib və bu günə qədər tarixin ən vəhşi cinayətinə dövlətimiz hələlik hüquqən baxmayıb?

Adam 2021-02-20 16:00:26

Rushvete son qoymaq isteyenlere!! Tibb ishchilerine adama layiq maash verin(deputat qeder almasalarda, hech olmasa, babat bir mebleg olsun), icbari tibbi sigorta adi ile hekimlere gulunc bonuslar yazmayin. Appendisit operasiyasina gore operatora 45 man, assistente 9 manat(!!!!). Hesablanir, eshitdiyime gore. Hansi olkede bele qiymet verilir hekime?

Vətəndaş 2021-02-20 15:51:14

Deputat nəyə görə işin araşdırılması üçün Mühafizə orqanlarına müraciət etmir ?

t.ədalət 2021-02-20 15:24:24

Azərbaycanda rüşvətsiz işləyən idarə var?Vəzifələri,elə deputatlığı pula satrdıqca ölkə uçruma yuvarlanacaq.

Fərman 2021-02-20 13:20:35

Belə məlumatlardan sonra DİN həmən fəaliyyətə keçməlidir.Çünki faktın olduğu deputat tərəfindən təsdiqlənir.Daha DİN-ə fəaliyyətə başlamaq .İzləyin,görək bu ciddi siqnala bizim DİN necə reaksiya verəcək.

Faiq 2021-02-20 12:36:06

Adi veteddaslar bacarmaz,amma Siz Yale xanim xahis edirik oyrenin istintaq aparanlar isi baqlamaq ucun hekimden ve sobe mudirinden ne qeder alacaqlar.En boyuk belanin biri de budur.

Salyanlı 2021-02-20 11:51:43

Bəs deputat niyə hüquq mühafizə orqanlarına müraciət etmir? Onda belə faktlar varsa niyə susur?Yoxsa mən də varam deyir?Susursa onda niyə deputat qalır?

Vaqif 2021-02-20 11:32:19

Salyanın deputatı Jalə xanım heç olmasa dillənir, haqsızlığa susmur.Zərdabin deputatı Jalə isə hər ay baş həkimdən aylığını alır və heç xəstəxana tərəfə üzünü də çevirir.Yeri gələndə isə tərifləyib haqqın əvəzini ödəyir yəqin..

Vaqif 2021-02-20 11:28:31

Xəstəxanaların hansında " bazar" yoxdur ki? Tibbi sığortaya keçidddən sonla lap bərbad vəziyyət yarandı. İndi həm Sığorta haqqı ödəyirik həm həkimə rüşvət verməliyik.Zərdabin baş həkimi 5000 manat maaş alır amma indi əvvəlkindən də çox rüşvətxorluq edir.Həkimlər də həmçinin.

Son yazılar