Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan bloqçu Ömər Məmmədov prezident İlham Əliyevə və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya müraciətlər ünvanlayıb. O, prezidentdən əfv olunmasını, Sabir Rüstəmxanlıdan isə VHP-dən çıxarılmasını xahiş edir.
Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
Vətəndaş Həmrəyliyi Partiyası İcra Aparatının rəhbəri Samir Əsədli “Media forum” saytına bildirib ki, Ömər Məmmədovun bu müraciəti ona qarşı olan münasibəti dəyişmir: “Vətəndaş Həmrəyliyi Partiyası üçün onun azadlıqda olması, təhsilini davam etdirməsi, ailəsinə qovuşması daha vacibdir. O, çox savadlı gəncdir. Mənim dostumdur və ona inamım sonsuzdur”.
“Ömər Məmmədov VHP-dən çıxarılacaqmı” sualına Samir Əsədli belə cavab verib: “Ömər Məmmədovun partiyadan çıxarılması məsələsinə baxılacaq. Amma bizim üçün onun azadlıqda olması daha önəmlidir”.
Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ömər Məmmədovu 5 il müddətinə azadlıqdan məhrum edib. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.


Şərhlər