DÜNYANIN ƏN YAXŞI İŞİ

Millət vəkili Etibar Əliyev dünya şöhrətli yazıçı, Nobel müfakatı laureatı Qabriel Qarsia Markesin doğum günü ərəfəsində onun jurnalist peşəsinə dair "Dünyanın ən yaxşı işi" adlı məqaləsini paylaşıb. Deputat qeyd edib ki, Markesin gözəl əsərləri ilə yanaşı bu məqaləsi oxumaq istəyən jurnalistlər üçün əla material sayıla bilər. Məqalə Etibar Əliyevin 2009-cu ildə çap olunmuş “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabından götürülüb. Tərcüməsi professor Qorxmaq Quliyevindir. 

Məqaləni oxuculara təqdim edirik:

"Təxminən əlli il əvvəl jurnalistika məktəbi ümumiyyətlə yox idi. Biz bu peşəni birbaşa reportyor otağında, tipoqrafiyada, ən yaxın kafedə, cümə günləri yuxusuz gecələr vaxtı öyrənirdik. Qəzet, jurnalistləri hazırlayan və eyhamsız yeniliklər fabriki idi. Biz, jurnalistlər, həmişə bir yerdə olurduq, eyni hisslərlə yaşayırdıq və öz işimizə o qədər bağlı idik ki, başqa heç bir şey haqqında danışmırdıq. İş möhkəm dostluq əlaqələrinin yaranmasına kömək edirdi və şəxsi, ayrıca həyat üçün demək olar ki, yer qalmırdı. Heç kim mütləq redaksiya yığıncaqlarını keçirmirdi, lakin hər gün saat beşdə bütün əməkdaşlar yeniliklər şöbəsinə kofe içməyə yığışır və gündüz qaçhaqaçından dincəlirdilər. Biz sadəcə olaraq söhbət edirdik, qəzetin hər bir bölməsi ilə bağlı ən son yenilikləri müzakirə edirdik və sabahkı buraxılış üçün materiallara son dəyişiklikləri edirdik. Onda qəzet üç böyük bölmədən ibarət idi: yeniliklər, sensasiyalar və redaksiya məqalələri. Redaksiya şöbəsi ən nüfuzlu və «bağlı» şöbə idi; reportyor bu piramidanın ən aşağısında, harada isə stajyor və buyruq qulu olan oğlanların arasında yer tuturdu. Zaman və işin özü göstərirdi ki, jurnalistikanın əsəb mərkəzi başqa şəkildə yerləşirdi. On doqquz yaşında olanda mən redaksiya şöbəsində anonim ədəbi əməkdaş kimi işə başladım və yuxarı pilləyə qalxana - yeni işə başlayan reportyor olana kimi yavaş-yavaş, böyük çətinliklə xidmət pilləkəni ilə qalxırdım. Sonralar jurnalistika məktəbləri peyda oldular və texnologiyalar hücuma keçdilər. Bu məktəbləri qurtaranlar qrammatikanı və sintaksisi pis bilirdilər, mürəkkəb anlayışlardan çətinliklə baş çıxarırdılar və təhlükəli səviyyədə öz peşələrinin mahiyyətini başa düşürdülər: nəyin bahasına olursa olsun, sensasiya əxlaqı bütün prinsiplərdən üstün idi.

Görünür ki, peşə öz işçi alətləri kimi tez inkişaf edə bilmirdi. Jurnalistlər nəzarətin tam yoxluğu şəraitində onları gələcəyə qovan dəli-divanə tələskənliklə texnologiyanın labirintində itib-batırdılar. Başqa sözlə desək, qəzet işi texniki modernizasiya naminə amansız yarışa cəlb olundu, piyadalarına (reportiyorlarına) təlim keçməkdən imtina etdi və peşənin ruhunu canlandıran birgə əmək mexanizmlərini yaddan çıxartdı. Yeniliklər şöbələri yalquzaqların işlədikləri steril laboratoriyalara çevrildilər. Adama elə gəlirdi ki, oradan yerdən kənar sivilizasiyalarla təmasa girmək oxucuların qəlbinə nüfuz etməkdən asandır. Bəşəri dəyərlərdən imtina çaparaq gedirdi.

Teletaypın və teleksin ixtirasına qədər hansı isə könüllü məzlum az qala kosmik xırıltının və fitin həftəbecərindən bütün dünyanın yeniliklərini tutmaq üçün radioya qulaq asırdı.

Yaxşı məlumata malik müxbir fraqmentləri düzməyə, fonu və uyğün detalları müəyyənləşdirməyə, bir sözlə, bircə fəqərə sütunu ilə dinozavrın skletini bərpa etməyə məcbur idi. Bunula yanaşı müəllifliyi göstərmək qadağan idi – bu, baş redaktorun müstəsna səlahiyyəti idi, belə hesab olunurdu ki, əgər bu belə olmasa da, qətiyyən dərk olunmayan və qarışıq dildə yazılmış baş məqalə və redaksiya sütünları onun tərəfindən yazılmışdır. Tarixin göstərdiyi kimi bu yazıları redaktorun makinaçısı səliqə-səhmana salırdı ki, onu məhz bu məqsədlə işə götürmüşdülər.

Bu gün fakt və rəy çulğalaşmışlar: şərhlər yeniliklərin içindədir, redaksiya materialları başdan-ayağa faktla doludur. Son məhsul bundan yaxşılaşmır və heç vaxt jurnalist peşəsi belə təhlükəli deyildi: qeyri-ixtiyari və yaxud bilərəkdən buraxılan səhvlər, qərəzli manipulyasiyalar, yaxud zəhərli təhriflər yeniliyi ciddi silaha çevirirlər.

Adlarını açıqlamaq istəməyən «məlumatlı mənbələri» və «hökumət məmurlarını», yaxud hər şeydən xəbərdar, amma heç kimin tanımadığı müşahidəçilər bütün pozuntuları ört-basdır edirlər və onlar cəzasız qalırlar. Günahkar mənbəni açıqlamamaq hüququnu təkidlə müdafiə edir və heç bir zaman özünə belə bir sual vermir ki, bəlkə də ona məlumatı özünə sərfəli şəkildə ötürən mənbənin əlində itaətkar alətə çevrilir. Mənim fikrimcə, məhz pis jurnalistlər öz mənbələrini göz bəbəyi kimi qoruyurlar. Əgər bu mənbə rəsmidirsə jurnalist onu mifləşdirir, əzizləyir, müdafiə edir, son nəticə etibarilə təhlükəli şəkildə onunla həmrəy olur ki, bu da onu bütün digər mənbələri rədd etməyə məcbur edir.

Ola bilsin ki, mən gülməli görünməyə risk edirəm, lakin mənim fikrimcə, maqnitafon bu dramın digər günahkarıdır. O, ixtira olunana kimi üç alətin - bloknotun, «səfehdən qorunmaq» üçün etik prinsiplərin və bir cüt qulağın köməyi ilə iş uğurla gedirdi. Bu alətlərin köməyi ilə reportyor mənbənin danışdıqlarına qulaq asırdı. Hələlik maqnitafon üçün jurnalistika və etika dərsliyini ixtira etməyiblər. Kim isə cavan reportyorlara başa salmalıdır ki, maqnitafon yaddaşın əvəzi yox, təkmilləşmiş və rahat bloknotdur.

Maqnitafon mexaniki tutuquşu kimi qulaq asır və təkrar edir, lakin o düşünmür, etibarlıdır, lakin onun ürəyi yoxdur və nəhayət, həmsöhbətinə diqqətlə qulaq asan və eyni zamanda onun dediklərini dəyərləndirən, öz biliyi və təcrübəsi ilə yoxlayan canlı jurnalistin qavrayışına olduğu kimi ona arxalanmaq olmaz.

Hal-hazırda intervünün layiq olmadığı böyük əhəmiyyət kəsb etməsi üçün maqnitafon tam məsuliyyət daşıyır. Tamam aydındır ki, radionun və televiziyanın təbiəti intervünü özlərinin əsas dayağına çevirmişlər. Lakin bu gün hətta nəşr olunan kütləvi informasiya vasitələri ümumi nöqsanları bölüşürlər və belə hesab edirlər ki, həqiqətin səsi jurnalistə yox, onun müsahibinə məxsusdur. Ola bilsin ki, jurnalistin öz həmsöhbətinə qulaq asaraq düşünülmüş qeydlər etdiyi bloknotu qaytarmaq, maqnitafona isə ona uyğun son dərəcə dəyərli şahid rolunu vermək lazımdır. Düşünmək istərdik ki, çağdaş jurnalistikanın ləyaqətini aşağı salan və onun düzgün işinə mane olan əxlaq qaydalarının pozulması və digər problemlər, heç də həmişə şəxsi əxlaqın nəticəsi deyillər və adi qeyri-peşəkarlıqdan doğurlar.

Jurnalistika məktəblərinin bədbəxtliyi ondadır ki, peşənin bəzi faydalı vərdişlərini aşılayırlar, lakin peşənin mahiyyətini kifayət qədər izah etmirlər. Jurnalistika məktəblərində təlim üç başlıca prinsipə əsaslanmalıdır. Birincisi və əsası: bacarıq və istedad jurnalist peşəsinin vacib şərtidir; ikincisi: başa düşülməlidir ki, «jurnalist təhqiqatı» xüsusi janr deyil; hər hansı jurnalistika mahiyyəti etibarilə təhqiqatdır və üçüncüsü: etika sadəcə olaraq peşəkarlığın ikinci dərəcəli şərti yox, onun ayrılmaz tərkib hissəsidir, vızıltı və milçək kimi etika və peşə də ayrılmazdır. Bütün hallarda hər hansı bir jurnalistika məktəbinin son məqsədi əsas ixtisas bacarıqlarını təlim etmək və jurnalistikanın ictimai xidmətinin ilkin funksiyasını bərpa etmək, hər gün saat beşdə kofe içə-içə əvvəlki qəzetlərin redaksiyalarındakı qızğın qeyri-formal seminarları diriltməklə bağlıdır".

635x100

Şərhlər

Köhnə azərbaycanlı 2021-03-10 01:23:39

Hayıf o Markezdən....

Son yazılar