“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Report”un xəbərinə görə, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova namizəd göstərilib.

Qeyd edək ki, Hesablama Palatasının 7 auditorundan 4-ü - Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.

***

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.

“Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizədlərdən ikisinin kimliyini öyrənib. Palatadan sayta bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımi təqdimatlar Milli Məclisə göndərilib.

V.Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.

C.Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir.