Menu

Ter-Petrosyan da Paşinyanı istefaya çağırdı - "Əks halda, Ermənistan dövlətçiliyinin sonu olar...”

16.03.2021, 14:45
Ter-Petrosyan da Paşinyanı istefaya çağırdı - "Əks halda, Ermənistan dövlətçiliyinin sonu olar...”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı xalqın marağı naminə dərhal istefa verməyə çağırıb. Ter-Petrosyan deyib ki, Paşinyan könüllü vəzifədən getməli, parlament tərəfindən ona qanuni toxunulmazlıq zəmanəti verilməli və azından müvəqqəti olaraq ölkəni tərk etməlidir.

Keçmiş prezidentin ilur.am xəbər vebsaytında dərc olunmuş məqaləsində Petrosyan yazır ki, bu addımlar atılarsa, heç bir partiyanı təmsil etməyən baş nazir müavini baş nazirin vəzifəsini icra etməli, erkən parlament seçkilərinin təşkilində neytrallığını saxlamalıdır.

1991-98-ci illərdə prezident olmuş Ter-Petrosyan deyir ki, Vazgen Manukyanla razıdır – Paşinyan seçki prosesi dönəmində baş nazir vəzifəsini icra etməməlidir.

1996-cı ildə Ter-Petrosyanın seçkidə rəqibi olmuş Manukyan müxalifətin “Vətənin Xilası Hərəkatı”nın başçısı, koalisiyanın keçid dönəmində baş nazirliyə namizədidir.

Manukyan və hərəkatı Paşinyanın seçki prosesini təşkil etməsinə qarşı çıxır, iddia edir ki, o və komandası administrativ resurslardan istifadə edərək seçkinin nəticəsini öz xeyirlərinə dəyişə bilərlər.

Administrativ resurslardan genişmiqyaslı istifadə seçki məntəqələrinin hamısını “gərginlik yuvasına” çevirər, o deyib. 

“Əminəm ki, bu halda biz Ermənistan tarixində ən biabırçı seçkinin şahidi olarıq. Bu isə Ermənistan dövlətçiliyinin sonu, yaxud onun vahiməli mövcudiyyətinin uzadılması demək olar”, – Ter-Petrosyan yazır.

1996-cı ildə seçkini saxtalaşdırmaqda ittiham olunan Ter-Petrosyan inanır ki, Paşinyan və komandası nəyin bahasına olursa-olsun hakimiyyətini saxlamağa çalışacaq.

“Onlar alçaldıcı məğlubiyyət üçün məsuliyyətdən qaçmağa çalışırlar, dövlətin möhkəmləndirilməsində maraqlı deyillər, hər vasitəylə hakimiyyəti əllərində saxlamağa çalışırlar” – deyə, Ter-Petrosyan vurğulayır.

Paşinyan və onun siyasi komandasının üzvləri isə seçkinin nəticəsinə təsir göstərəcəkləri ilə bağlı müxalifətin iddialarını rədd edirlər. Onlar 2018-ci ildə azad və ədalətli seçkilər təşkil edən yeganə siyasi komanda olduqlarını vurğulayırlar.

Xatırladaq ki, müxalifət Paşinyanın istefasını tələb edir. Onu ötən il 2-ci Qarabağ müharibəsinin nəticələrinə görə ittiham edirlər. Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Yerevanda və ölkənin digər yerlərində antihökumət nümayişləri keçirən müxalifət tərəfdarları Paşinyanın getməsini, aralıq hökuməti qurulmasını tələb edirlər. “Mənim addımım” fraksiyası parlamentdə dominantlıq edən Paşinyan istefa vermir, müəyyən şərtlərlə vaxtından əvvəl parlament seçkisi keçirməyi qəbul edə biləcəyini deyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol