Pandemiya və müharibə şəraiti imtahanlarda nəzərə alınacaqmı? - "Asanlaşdırmaq lazımdır..."

Azərbaycanda aprelin 15-də ümumtəhsil məktəblərində orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Mərkəz ilkin olaraq imtahanların hansı şəhər və rayonlarda təşkil olunacağını açıqlayıb.

Məlumdur ki, koronavirus pandemiyası səbəbindən bir ildən artıqdır, orta məktəblərdə tədris distant formada təşkil olunub. İlk dəfə bu üsula müraciət edən təhsil qurumları, şagirdlər və valideynlər ciddi problemlərlə üzləşib.

İnternetin keyfiyyətinin pis olması, bütün şagird və müəllimlərin kompüterlərə sahib olmaması, habelə onlayn tədrsilə bağlı təcrübəsizlik öz sözünü deyib. Şagirdlər sadalanan obyektiv səbəblərdən dərs proqramlarını ənənəvi təhsildən fərqli olaraq zəif mənimsəyiblər. Bəs bu reallıq imtahan və müsabiqələr zamanı nəzərə alınacaqmı?

Xatırladaq ki, bəzi ölkələr pandemiyanın yaratdığı çətinlikləri nəzərə alaraq, müsabiqə və imtahanların asanlaşdırılmasına, bəzilərinin ləğv olunmasına qərar verib. Məsələn, Azərbaycana dost ölkə olan Ukraynada 4- 9-cu siniflərdə attestatsiya imtahanları ləğv edilib.

Ekspertlər Azərbaycanda da buraxılış olmayan siniflərdə imtahanların keçirilməməsini təklif edirlər. Buraxılış imtahanlarının suallarının isə asanlaşdırılması vacib hesab olunur.

Təhsil eksperti Kamran Əəsədov "AzPolitika.info"-ya şərhində Ukraynadakı addımların Azərbaycanda da atılmasını zəruri sayır.

Ekspert xatırladır ki, 2020-ci ilin mart ayından etibarən ölkədə pandemiya səbəbindən tədris prosesi dayanıb, şagirdlərimiz ənənəvi təhsildən məsafədən təhsilə keçdilər: "Onu da xatırladım ki, sentyabrın 27-dən noyabrın 10-a qədər zəfərlə başa çatan Vətən müharibəsi dövründə də tədrsin həyata keçirilməsi mümkün deyildi. Çünki ölkədə internet məhdudlaşdırılmışdı, nəticədə distant təhsil vermək mümkün olmadı. Müharibə nəticəsində 50-dən çox məkətəbə ziyan dəymişdi, habelə raket mərmilərinin düşdüyü rayonlarda əhali arasında psixoloji gərginlıik yaranmışdı".

Ekspert hesab edir ki, bütün bunlar imtahanlarda nəzərə alınmalı məsələlərdir: "Dövlət İmtahan Mərkəzi də bunu nəzərə alaraq bəyan edib ki, qəbul və buraxılış imtahanlarında siniflər üzrə ikinci yarım ildən test tapşırıqları salınmayacaq. Burada problemin başqa bir tərəfi də var. Hətta birinci yarım ildə mövzuların keçilməsində çətinliklər yaranmışdı. Hesab edirəm ki, test tapşırıqlarının tərtib olunması zamanı müəyyən qədər asanlaşmaya yol vermək lazımdır. Asan və orta tipli test tapsırıqlarından istifadə edilməlidir ki, şagirdlər həm müsabiqə şərtlərini ödəyə bilsinlər, eyni zamanda ali təhsil müəssisələrinin plan yerləri dolsun. Əks təqdirdə, ali məktəblərdə bu məsələdə ciddi problem yaranacaq".

K. Əsədov təəssüflə qeyd edir ki, imtahanlar zamanı bu detallar nəzərə alınmır.

"Nəticədə bir çox şəxs müsabiqə şərtlərini ödəmir, hətta ali təhsil müəssisələrinin də plan yerləri boş qalır. Dünya təcrübəsində pandemiya, müharibə şəraiti kimi fövqəladə vəziyyətlərdə keçirilən imtahan və müsabiqələrdə reallıqlar mütləq nəzərə alınır",-deyə ekspert vurğulayıb.

"AzPolitika.info" 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar