Prezidentin fərmanından 2 il ötdü - Azərbaycan məhkəmələrində nələr dəyişib?

Prezident İlham Əliyevin məhkəmə və hüquq sistemində islahatların dərinləşdirilməsinə dair 3 aprel 2019-cu il tarixli, 604 nömrəli fərmanından 2 il ötür. Ötən müddətdə bu sistemdə nə kimi dəyişikliklər baş verib? Hansı istiqamətlərdə köklü dəyişikliklərdən danışmaq olar?

Hüquq və İnkişaf Mərkəzinin sədri Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, sözügedən Fərman bu sahədə indiyədək verilən fərmanlar sırasında daha çox tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, həmin Fərmandan keçən 3 il ərzində sənəddə nəzərdə tutulan məsələlərin bəziləri öz həllini tapıb: "Belə ki, cinayətlərin dekriminallaşdırılması sahəsində bəzi tədbirlər həyata keçirilib, mövcud inzibati-iqtisadi məhkəmələrin bazasında kommersiya məhkəmələri yaradılıb, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqları bir qədər genişləndirilib və məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib, hakimlərin və vəkillərin sayı artırılıb".

H. Həsənov qeyd edib ki, bunlarla yanaşı, Fərmanda nəzərdə tutulan xeyli əhəmiyyətli məsələlər indiyədək həll olunmamış qalıb: "Bu məsələlərə ədalət mühakiməsinin prinsiplərinə əməl edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısının alınması və müdaxilələrə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, mülki işlər, iqtisadi mübahisələr, sahibkarlıqla bağlı məsələrin məhkəmələrdə daha sürətli və səmərəli həlli, məhkəmə icraatı üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması və onun icra mexanizmlərinin təmin edilməsi, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması, məhkəmə qərarlarının icrası, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması, qərarların icrasının alternativ mexanizmləri və məhkəmə qərarlarının icrasının özəl icra qurumlarına həvalə edilməsi və s. kimi fundamental məsələlər öz həllini tapmayıb. Bütün bunlardan çıxış edərək hesab edirik ki, ötən 3 ildə Fərmanın nəzərdə tutduğu məqsədə - ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olunmayıb".

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, sözügedən fərmana uyğun olaraq ixtisaslaşmış inzibati və kommersiya məhkəmələrinin yaradıldığını vurğuladı: “Bununla yanaşı, hakimlərin əmək haqları artdı. Hakimlərin dəftərxana xərci birbaşa özlərinə ödənilməyə başlandı. Müsbətə doğru bu kimi dəyişikliklər baş verdi. Amma planlaşdırılan dəyişikliklərin əhəmiyyətli hissəsi hələ də icra olunmur.

Məhkəmə proseslərinin fasiləsiz audioyazısı əksər hallarda, xüsusilə də cinayət işlərində aparılmır. Audioyazının aparılması məhkəmə iclaslarında baş verənlərin protokollaşdırılması üçün vacibdir. Təəssüf ki, bəzən məhkəmədə baş verənlər protokollaşmada düzgün əks etdirilmir. Bu, əsasən də cinayət işlərində özünü göstərir”.

Hüquqşünas bildirdi ki, müsbət dəyişiklərdən biri də məhkəmə qərarlarının dərc olunmasıdır: “Amma bu da tam həyata keçirilmir. Məsələn, Ali Məhkəmənin Plenumunun qərarları ümumiyyətlə, dərc olunmur. Ali Məhkəmənin özünün qərarları, kollegiyanın qərarları dərc olunur, amma Plenumun yox. Bu isə Prezidentin fərmanına ziddir. Ən başlıcası da odur ki, Ədliyyə Nazirliyinə tapşırıq verilib ki, məhkəmə qərarları üzrə axtarış imkanı yaradılsın. Müəyyən bir sistem olmalıdır ki, biz həmin sistem çərçivəsində məhkəmə təcrübəsini öyrənmək üçün hansısa bir qanun üzrə axtarış verək. Bu isə olduqca vacibdir. Çünki məhkəmələrin özbaşınalığının qarşısını almağın yolu budur ki, biz hamımız məhkəmələrin qərarlarını bilək və eyni cür işlər üzrə eyni yanaşmanı tələb edək. Bu, yoxdur. Ədliyyə Nazirliyi bu sistemi indiyədək təmin etməyib. Təmin etməmə səbəbini isə Ədliyyə Nazirliyinin özü yaxşı bilir. Onlardan soruşsanız, deyəcəklər ki, çətindir, uzun vaxt tələb edir. Amma hesab edirəm ki, bunu iki ilə etmək olardı.

Mənə elə gəlir ki, bəzi şəxslərə bu məsələ sərf etmir. Ona görə ki, məhkəmə qərarları üzrə axtarış olsa, məhkəmədə korrupsiya halları azalacaq. Məsələn, mülki məsələ və ya vergi mübahisəsidir, amma məhkəmələr eyni tipli işlərə fərqli baxır, fərqli qərar verə bilirlər. Məsələn, tutaq ki, mən hakimi öncədən gördüm və qərar mənim xeyirimə verildi, lakin həmin işlə bağlı digər şəxsin işinə fərqli qərar çıxarılır. Bu zaman həmin şəxs gedib deyəcək ki, bu tipli digər işə bu cür baxılıb və tələb edəcək ki, mənim işimə də eyni cür baxmalısan. Əlbəttə ki, bu sistemi yaratmaq xeyli dövlət məmurlarına sərf etmir”.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2021-04-06 22:51:34

Deyəsən növbə aşağıdan tutmuş düz yuxarı mərtəbə məhkəmə hakimlərinə çatdı.omların əksəriyyəti oğru və korrupsionerlərin əmrini yerinə yetiriblər.

Xalq 2021-04-06 21:30:52

məncə heç nə dəyişməyib! Köhnə hamam köhnə tas!

Osman 2021-04-06 21:27:56

Rüvət.alver olan yerdə heç nə dəyişmir.

Mubariz 2021-04-06 20:13:38

Yaxın zamanlarda istəyinə çatacaqsan ,utanın ,bu vəziyyəti görmürsüz?

Son yazılar