“BELƏ ÇIXIR, SİZİN İKİLİ HESABATINIZ OLUB?” - Deputat Hesablama Palatasını sərt tənqid etdi

"Azərbaycanda dövlət vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə heç vaxt indiki qədər ehtiyac olmayıb. Bir tərəfdən, bir ildən artıqdır davam edən qlobal pandemiyanın yaratdığı iqtisadi problemlər üzündən büdcə hesabına böyük həcmli dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac yaranıb. Bu, həm də ölkənin neft gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığı bir şəraitə təsadüf edir. Digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərin bərpası nəhəng resurslar tələb edir".

"AzPolitika.info" xəbər verir ki, bunları millət vəkili Etibar Əliyev Milli Məclisdə Hesablama Palatasının 2020-ci il üzrə illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, belə vəziyyətdə Hesablama Palatasının da üzərinə heç vaxt olmadığı qədər böyük məsuliyyət düşür. Onun sözlərinə görə, Palata “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinin quruma verdiyi səlahiyyətlərdən istifadə edərək maliyyə və uyğunluq auditi ilə yanaşı səmərəlilik auditindən daha geniş istifadə etməyə başlamalıdır. "Lakin parlamentə təqdim olunan 2020-ci il üzrə fəaliyyət hesabatından aydın olur ki, əgər 2019-cu ildə 4 səmərəlilik auditi həyata keçirilbsə, 2020-ci ildə cəmi bir belə audit həyata keçirilib. Halbuki, proqram, layihə və fəaliyyətlər üzrə ictimai vəsaitlərin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi baxımından səmərəlilik auditinin miqyasının genişləndirilməsinə hazırda fövqəladə ehtiyac var. Eyni zamanda, aparılmış səmərəlilik auditinin nəticələri ilə bağlı parlamentə təqdim edilən məlumatlar daha müfəssəl və aydın olmalıdır", - deyə, o vurğulayıb.

Millət vəkili dediklərinə misal kimi 2020-ci ildə özünüməşğulluq proqramları üzrə auditin aparılmasını göstərib: "Bu proqramı hansı nəticə indikatoları üzrə audit etmək mümkündür ki, proqramın səmərəli və nəticəli olub-olmadığı barədə qənaət hasil olsun? Ümumiyyətlə, hansısa rəsmi təsdiqlənən sənəddə özünüməşğulluq tədbirlərinin səmərəliliyini və nəticəliliyini ölçmək üçün göstəricilər varmı?"

E.Əliyev vacib məsələlərdən biri kimi Hesablama Palatasının hazırkı onlayın resurslardan maksimum bəhrələnərək, dövlət sirri haqqında qanunvericiliyin əhatə dairəsinə düşməyən bütün materiallarını ictimaiyyətə açıqlamasını göstərir. ""Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsi zəruri məlumatların açıqlanması tələbini müəyyən etsə də, rəsmi məlumatların məzmunu və formasını müəyyən etmək Hesablama Palatasının kollegiyasının hüququdur. Görünür, elə bu səbəbdəndir ki, Palatanın rəsmi saytında “Auditlər” bölməsində audit fəaliyyətinin nəticələrinə dair məlumatlar qısa icmallar şəklində olur. Halbuki, məsələn, qardaş Türkiyənin Sayıştay nazirliyi hər il 10 təsnifat qrupu üzrə dövlət sektoruna aid bütün qurumlarda apardığı auditlərin nəticələrinə dair hesabatları tam həcmdə öz saytında yerləşdirir", - deyə millət vəkili qeyd edib.

E.Əliyevin sözlərinə görə, ali audit orqanlarının beynəlxalq təşkilatı İNTOSAİ uğurlu audit orqanı üçün bir sıra meyarlar irəli sürür ki, bunlardan biri də məhz aparılan auditlərin nəticələri üzrə hesabatların açıq və hər kəs üçün əlçatan olmasıdır: "Həmçinin digər meyarlara audit prosesində ictimai iştirakçılığın mümkünlüyü və vətəndaş cəmiyyətinin bu prosesə töhfə verə bilməsi, qanunverici orqanda audit hesabatının tapıntıları ilə bağlı dinləmələrin təşkili, icra hakimiyyətinin audit hesabatının tapıntılarına mövqe bildirməsi də daxildir".

Deputat məhz elə bu meyarlardan çıxış edərək, bir neçə vacib məqama da toxunub: "Mümkündürmü ki, Palatanın ortaya çıxardığı faktlar ətrafında Azərbaycan Parlamentində də qanunsuzluğa yol vermiş, vəsaitləri səmərəsiz xərcləmiş qurumların rəhbərlərilə dövri olaraq dinləmələr keçirilsin? Məsələn, bizə təqdim olunan hesabatda “Büdcə sistemi haqqında” Qanunun, eləcə də “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydalarının tələbləri pozulub, 2020-ci il dövlət büdcəsi ilə bağlı Dövlət İnvestisiya Proqramı, müvafiq investisiya layihələri təqdim edilməmişdir. Bunu təqdim etməyən hansı qurumdur və bu addımı parlamentə necə əsaslandıra bilər? Əgər bu suallar cavabsız qalacaqsa, o halda Palatanın hesabatlarının müzakirəsinin əhəmiyyəti qalırmı? Yaxud Palatanın hesabatından aydın olur ki, 2016-cı ildən indiyədək, hər il həll edilməsi üçün hökumətə ünvanlanan problemlər var, amma müraciətlər cavabsız qalır və niyə cavabsız qalmasına rəsmi izahat da yoxdur".

Etibar Əliyev çıxışının davamında daha maraqlı məqama toxunub: "Bir məsələ də başa düşülən deyil. Ölkədə mətbuat orqanları Hesablama Palatasına istinad edərək, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının auditi zamanı yol verilən ciddi maliyyə pozuntuları barədə geniş materiallar dərc etdilər. Ancaq bizə təqdim edilən hesabatda bunlar yoxdur. Bunu necə izah edə bilərsiniz? Belə çıxır ki, sizin ikili hesabatınız olub?" 

Millət vəkili sonda Hesablama Palatasının bir mühüm məsələ ilə bağlı mövqe bildirməsini vacib sayıb: "Ölkə Prezidentinin 4 fevral 2019-cu il tarixli fərmanı ilə 3 pilot sektorun – təhsil, ekologiya və kənd təsərrüfatı sektorlarının timsalında strateji planların və ortamüddətli xərc çərçivələrinin hazırlanması baş verməli idi. Eyni zamanda, təhsil və investisiya xərclərinin səmərəliliyinin və effektivliyinin təhlili aparılmalı idi. Bu tədbirlər ölkədə büdcənin səmərəli və şəffaf xərclənməsi baxımından çox mühüm mexanizm olan nəticəəsaslı büdcəyə keçid üçün son dərəcə vacib addımlardır. Hazırda bu istiqamətdə vəziyyət necədir və artıq hazırlıq mərhələsində 2022-ci ilin büdcəsini yeni mexanizm əsasında tərtib etmək mümkün olacaqmı?"

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2021-04-18 21:05:08

Hörmetli deputat deyesen universal ixtisaslara ve biliklere malikdir .Bes bu adam tehsil üzre ekspertdir.

fariqa25 2021-04-14 17:52:29

Etibar müəllim, Hesabat ikili olmayıb. Auditlərin nəticəsi jurnal , hesabat və məlumatlar da var. Oxuyun.

suleyman 2021-04-14 15:15:19

beli bela cixir hesablama palatasi rahbarliyi dayismalidi

Roma 2021-04-14 14:28:56

Palatanın fəaliyyəti yox dərəcəsindədir...

M.Əsgərov 2021-04-14 13:26:38

Ehsen belə deputata....

Son yazılar