ABŞ-dan Rusiyaya yeni sanksiyalar - 30-dək dövlət qurumu, məmurlar, diplomatlar "qara siyahı"ya salınır

Amerika Birləşmiş Ştatları (ABŞ) aprelin 15-də Rusiyanın bir neçə məmuru və qurumuna sanksiyalar açıqlamağı planlaşdırır. “Reuters” və “Bloomberg” agentliklərinin yazdığına görə, 30-dək quruma ötən il seçkiyə müdaxilə, yaxud ABŞ hökumət və korporativ kompüter şəbəkələrinə haker hücumuna görə sanksiyalar tətbiq olunacağı gözlənir. 

Kəşfiyyat məmurları daxil olmaqla 12-dək fərd də sanksiya siyahısındadır. Bundan başqa, 10-dək rusiyalı məmur və diplomatın qovulması gözlənir.Məlumatlarda qurum, yaxud fərdlərin adları çəkilmir.

Prezident Co Bayden administrasiyası bir neçə həftədir "SolarWinds" şirkətinin hazırladığı proqrama təsir göstərmiş kiberhücuma böyük reaksiya hazırlandığını bildirib. ABŞ-ın kəşfiyyat məmurları və texnologiya şirkətləri dekabrda aşkarlanmış müdaxilənin Rusiya hakerlərinin işi olduğunu bildirib. Moskva isə haker əməliyyatında əli olmadığını bəyan edib.

İnsident zamanı Maliyyə, Ədliyyə və Kommersiya departamentləri daxil olmaqla azı 9 hökumət agentliyi və 100 özəl şirkət hücuma məruz qalmışdı. Sanksiyaların həm də 2020-ci il prezident seçkisinə iddia olunan müdaxiləyə cavab olduğu bildirilir. ABŞ-ın kəşfiyyat cameəsi belə bir qənaətə gəlmişdi ki, Prezident Vladimir Putin və Rusiya hökuməti seçkiyə müdaxilə göstərişi verib.

Planlaşdırılan sanksiyaların bəziləri seçki kampaniyası zamanı dezinformasiya yaymaq əməliyyatlarına qarşı yönəlib. Bunu mənbələrdən biri “Bloomberg”ə deyib. Ağ ev, Dövlət Departamenti, Xəzinədarlıq Departamenti hələlik, məlumatları şərh etməyib.

Prezident Co Bayden aprelin 13-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində ABŞ-ın maraqlarını müdafiə edəcəyini bildirib. Bayden həmçinin iki liderin sammiti ideyasını da irəli sürüb.

Bayden administrasiyası müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar ötən ay Rusiya məmurlarına sanksiyalar açıqlayıb.

Rusiya isə dəfələrlə ABŞ-da seçkiyə müdaxilə, Əfqanıstanda amerikan əsgərlərinin öldürülməsinə görə mükafat təyin etməsi, yaxud Navalnının zəhərlənməsində əli olmasına dair ittihamları rədd edib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar