“RUSİYA MÜHARİBƏ APARMAQ QÜDRƏTİNDƏ DEYİL” – “MDB adlı qurum yaxın dövrdə yoxa çıxacaq...”

Rusiya müharibəyə hazır olduğunu nümayiş etdirir. Moskva Donbass istiqamətində və Krımda hərbi aktivliyini durmadan artırır. Ukrayna sərhədlərinə 10 minlərlə əsgər toplayan Rusiya açıq mesaj verir ki, müharibəyə hazırdır və bu bölgədəki maraqlarından imtina etmək haqqında düşünmür. Eyni addımlar Ukrayna və onun tərəfdaşları tərəfindən də atılmaqdadır.

“AzPolitika.info” Putin Rusiyasının indiki durumunu, real imkanlarını və Ukrayna da daxil olmaqla, özünün maraq dairəsinə aid etdiyi bölgələrdəki siyasətini professor Əli Abbasovla müzakirə edib.

- Əli müəllim, sirr deyil ki, əksər postsovet ölkəsində mövcud olan münaqişələrin memarı Rusiyadır. Hazırda beynəlxalq müstəvidə atılan addımları Rusiyanın bu fəaliyyətinin qarşısının alınması üçün məqbul saymaq olarmı?

- Rusiya ilə bağlı ən kritik nöqtə hazırda Ukraynadır. Bu məsələ ya həll edilməlidir, ya da müharibə olmalıdır. Elə dünyada da bir nömrəli problem Ukrayna məsələsidir. Hələlik müharibə təhlükəsi ciddi olmasa da, hər iki tərəf sərhədə ordu toplayıb. Bu, o deməkdir ki, istənilən vaxt müharibə başlaya bilər. Ukrayna müharibə aparmağa hazırdır. Görünən odur ki, Qərb də ona kömək etmək niyyətindədir. Üstəlik, Qarabağ Müharibəsindəki təcrübə nəzərə alınmaqla, düşünürlər ki, torpaqları işğaldan azad etmək olar və lazımdır. Onu da qeyd edim ki, Ukrayna indi baş verənlərdən təbliğat məqsədilə maksimum istifadə etsə, müharibə olmasa belə, diplomatiyada qələbə qazana bilər. Ukrayna dünyaya göstərir ki, Donbass onun ərazisidir, Rusiya daxil olmaqla, heç kəs ora müdaxilə etməməlidir, kimsə bu iki separatçı respublikaya hansısa muxtariyyət verib-verməmək barədə danışmamalıdır.

Qərb bu prosesdə öz mövqeyini gücləndirmək niyyətindədir və bu səbəbdən də Ukraynada ABŞ-la Rusiya toqquşur. Deməli, savaş əslində Ukrayna uğrunda gedir. Rusiyanın mövqeyi başqa bölgələrlə müqayisədə Ukraynada o qədər də güclü deyil. Ruslar, əlbəttə, göstərməlidirlər ki, heç kimdən qorxmurlar. Hər bir varianta da hazırdırlar. Rusiyanın əksər poliqonlarında indi hərbi təlimlər keçirilir. Görüntü belədir ki, dövlət sanki hərtərəfli müharibəyə hazırdır. Ancaq reallıqda Rusiya indiki potensialı ilə müharibə aparmaq imkanına malik deyil. Nüvə silahından da istifadə etməyəcəklər, ən azından dəli deyillər. Nüvə arsenalını istisna etsək, Rusiya müharibə aparmaq qüdrətində deyil.

Əvvəla, iqtisadi potensialı o qədər də güclü deyil. Digər tərəfdən, Rusiya ilə bir yerdə olan, onun köməyinə gələcək ölkə də yoxdur.

- Bəs, bunun nəticəsi necə olacaq?

- Ukrayna probleminin həllində üç variantdan biri seçiləcək. Birinci variant budur ki, Ukrayna Rusiyanın təsirinə düşür. İkinci variantda bu ölkə Qərbin nəzarətində olur. Üçüncü və daha ağlabatan variant Ukraynanın neytral mövqedə olmasıdır. Yəni Ukrayna bəyan edir ki, NATO-nun üzvü olmayacaq, neytral dövlət kimi qalır və iki güc mərkəzinin arasında seçim etmir. Məncə, bu daha ağlabatandır, amma Ukrayna Prezidenti Volodimir Zelenski açıq bəyan etdi ki, NATO onun ölkəsini üzvlüyə qəbul etməlidir. Reallıq budur.

- Demək istəyirsiniz ki, Rusiya təklənib?

- Baş verənlərə diqqət edək. İndi Rusiyanın ətrafında kim qalıb? Belarus onunla birlikdə idi, indi o qədər də yaxın deyil. Şanxay Əməkdaşlıq Təşkilatı, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bəyəm sabah müharibə başlasa Rusiyaya köməyə gələcək? Diqqət edin, görün Rusiyaya qarşı duran ölkələr kimlərdir. Fransa, Almaniya, Britaniya, ABŞ və s. Mən hələ bir zamanlar Rusiya ilə olub, indi qarşı tərəfə keçənləri demirəm. Konkret olaraq Rusiyanın yanında onunla sona qədər gedəcək bircə dövlət də yoxdur. Nə Türkiyə, nə də Çin onun köməyinə gələn deyil. Baxmayaraq ki, indi bu iki ölkənin Rusiya ilə gözəl münasibətləri var. Əksinə, gördüyümüz odur ki, Türkiyə Ukraynaya kömək edir, birgə hərbi texnika istehsal etmək haqqında düşünürlər və s.

Həm də nəzərə almaq lazımdır ki, Ukrayna balaca dövlət deyil. Öz ərazisinə görə, az qala Rusiyanın yarısı boydadır. Üstəlik, Rusiyada yaşayan digər xalqları saymasaq, ukraynalılar ruslarla təxminən eyni saydadır. Bununla yanaşı, rusların özləri deyirlər ki, Rusiya əhalisinin təxminən 20 faizi ukraynalıdır. Söhbət Rusiyada yaşayıb özünü ukraynalı sayanlardan gedir. Bu rəqəm bəlkə də daha böyükdür.

- SSRİ dağıldıqdan sonra Müstəqil Dövlətlər Birliyi (MDB) quruldu, bu qurum daxilində inteqrasiya prosesi getdi. Rusiya liderliyində qurulmuş və hazırda ona yaxın respublikanı öz çətiri altında birləşdirən MDB-nin gələcəyi, perspektivləri necə görünür?

- Bu ilin sonuna qədər MDB çox güman ki, yoxa çıxacaq. Bunun obyektiv səbəbləri var. MDB-yə üzv olan dövlətlər artıq bu qurumun mövcudluğunda maraqlı deyillər. Əvvəl MDB daxilində rusların hərbi, maliyyə, iqtisadi dəstək və köməyi olurdu. İndi üzv dövlətlərə belə köməklik edilmir. MDB-nin adı və ya xətti ilə heç bir köməklik göstərilmir. Türkmənistandan başqa digər ölkələrdə Rusiyanın qoşunları var. Sanki onları qoruyur. Azərbaycanda rus əsgəri yox idi, sonda bura da gəldilər. Onda belə çıxır ki, əgər üzv dövlətlərə kömək etmirsənsə, sənin əksər üzv ölkələrdə hərbi bazaların varsa, bu qurum nəyə lazımdır? Üstəlik, ölkələr düşünürlər ki, sabah bir probem çıxsa, biz haradan bilək ki, Rusiya köməyimizə gələcək. Ən azından Ermənistanı nümunə kimi göstərə bilərlər. Odur ki, mənim qənaətimcə MDB-nin taleyi bu il həll olunacaq. Mən iddia etmirəm ki, bu qurumu rəsmən ləğv edəcəklər. Amma konkret olaraq Gürcüstan və Ukrayna bu qurumdan çıxıb. Moldova bu gün-sabah oradan çıxacaq. Qazaxıstana Rusiyanın ərazi təzyiqləri var. Qazaxıstan da Mərkəzi Asiya ölkələrinin lideridir. Sabah Qazaxıstan bu qurumdan çıxsa, məntiqlə digərləri də çıxa bilər. Odur ki, MDB-nin bir qurum kimi perspektivi yoxdur.

Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı var. Bu qurum nisbətən işləkdir və MDB-yə üzv ölkələrin əksəriyyəti Şanxay Əməkdaşlıq Təşkilatında da var. Bu gün MDB-nin adı var, özü yoxdur. Mümkündür ki, sabah bu qurum ümumiyyətlə olmasın. Yəni ona maraq yoxdur. Əvvəl Rusiya öz qazını bu ölkələrə dünya bazarındakı qiymətlərdən ucuz satırdı, indi bunu etmir. Deməli, MDB-də qalmağa üzv ölkələrin maraqları yoxdur.

- Bəzi ekspertlər iddia edirlər ki, hazırda dünyada ən qaynar siyasi nöqtə Rusiya və ətrafıdır...

- Əslində bu, yeni bir hal deyil. 3-5 ildir ki, vəziyyət belədir. Həqiqət budur ki, dünyanın inkişafının qarşısında Rusiyanın özü durub. Daha doğrusu, konservativ Rusiya. Əlbəttə, Rusiyanın özündə dəyişikliklər olsa, dövlət başqa bir siyasət yürütsə, ola bilsin ki, durum dəyişər. İndi deyirlər ki, Rusiya lideri xəstədir. Ona görə də ola bilsin ki, artıq Rusiyada hansısa qüvvələr sabah haqqında düşünməyə başlayıblar.

- Rusiyada hakimiyyət dəyişikliyini real sayırsınız?

- Əgər Rusiya liderinin parkinson xəstəsi olması haqda deyilənlərin 50 faizi həqiqətdirsə, ola bilsin ki, kimsə ondan sonrakı dövr üçün hazırlığını görür.

- Əgər dediyiniz kimi Rusiya zəifləyirsə və ətrafındakı ölkələr ondan uzaqlaşmağa çalışırsa, o zaman həmin ölkələr hansı gücün yanında mövqe tutacaqlar?

- Bir tərəfdən bu ölkələrin hansı tərəfə getməsi məsələsi hələ aktual deyil. Digər tərəfdən hansısa başqa gücün yanında olmaq da vacib deyil. Sabah nəsə baş verəndə bu ölkələr neytral qaldıqlarını deyə bilərlər. Bu, daha münasibdir.

Birincisi, son 20 il göstərdi ki, pis vəziyyətdə yaşayan Rusiya xalqı indi daha da pis duruma düşüb. İkincisi Rusiya demoqrafik problem yaşayır. Nəhayət, yaşamaq, maaş problemi mövcuddur. Sabah İrana qarşı sanksiyaları Rusiyaya da tətbiq etsələr, bu ölkə İrandan da pis duruma düşər. Belə vəziyyətdə həm də mərkəzdənqaçma baş verə bilər. Uzaq Şərqdə, Xabarovskda etirazları gördük. Hələ bilmirik ki, bu proses başa çatıb, yoxsa davam edir. Əgər dəyişiklik olmasa Rusiya daha da zəifləyəcək. Mən bu ilin sonu, gələn ilin əvvəlini nəzərdə tuturam.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Xalq 2021-04-22 12:30:33

məncə rusun öhdəsindən ancaq və ancaq Çının rusiyanın şimal torpaqlarına ekspansiyası ala bilər. Yaponlar rusa heç bir şey etməyəcəklər. Onlar ruslardan çox qorxurlar, həm də nüvə silahından qorxurlar!

Camaat 2021-04-17 13:56:29

Sizinlə tam həmfikirəm.

buzovnali 2021-04-16 19:29:44

Mirzə Qafarli dərin və dəyərli təki

Roma 2021-04-16 10:59:25

Sizinlə razıyam, ancaq yenə də çox ehtiyatlı və ayıq olmalıyıq, necə deyərlər dəvə nə qədər ölü olsa da dərisi bir eşşəyin yüküdür...

Mirzə Qafarlı 2021-04-16 10:38:41

Düşünürəm ki, Postsovet ölkələrinin Rusiyanın təsirindən qurtarmasının ən həll edici yolu Çinin Rusiyanın Sibir hissəsinə, Yaponiyanın isə Saxalin və Kuril adalarına qarşı ciddi hərbi-diplomatik iddiasının gerçəkləşdirilməsi ola bilər.

Son yazılar