Ümumtəhsil məktəblərinin keyfiyyətli dərsliklərlə təmin olunması dövlətin strateji maraq dairəsində olan ən vacib məsələlərdən biridir. Mətbuat səhifələrinə diqqətlə nəzər salsaq görərik ki, son 5-6 ildə dərslik işində yol verilən əyintilərlə bağlı onlarca yazılar dərc olunmuş, ekspert şərhləri verilmişdir. Görünəni budur ki, dərc olunan iradlara, təkliflərə, dərsliklərin qiymətləndirilməsi zamanı baş verən qanun pozuntularına dair Təhsil Nazirliyi tərəfindən nəzərə çarpacaq addımlar atılmamışdır.
Diqqətli oxuculara yaxşı məlumdur ki, bu ilin iyun ayında 6-cı siniflər üçün "Ədəbiyyat" dərslik komplektinin qiymətləndirilməsi işinə təhsil nazirliyi tərəfindən ekspert qismində dəvət olunan ADPU-nun dosenti Fəxrəddin Yusifovun mətbuatda açıqlaması dərc olunmuşdu. Həmin yazıda DQŞ-nın sədri E. Kazımzadənin, nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının dərsliklərin qiymətləndirilməsi işinə qanunsuz müdaxilələr etməsi, səlahiyyətlərini aşmaları göstərilirdi. Aradan neçə aylar keçəndən sonra bizə məlum oldu ki, ekspertin qaldırdığı məsələlərə nazirlik və digər qurumlar səviyyəsində heç bir münasibət bildirilməmiş, əksinə, kurikulumun və dövlət standartlarının tələbinə uyğun gəlməyən bir "vəsaiti" – 6-cı siniflər üçün "Ədəbiyyat" dərslik komplekti təhsil nazirliyinin müvafiq əmri ilə dərslik statusu alaraq çap olunmuşdur. Bu günlərdə əməkdaşımız təhsil eksperti dos. Fəxrəddin Yusifovla görüşüb və bu məsələnin mahiyyətinə bir aydınlıq gətirilməsini istəyib. Fəxrəddin müəllim məsələ ilə bağlı bunları bildirib:
"Bu günlərdə orta ümumtəhsil məktəblərinin bir çox müəllimləri mənim elektron ünvanıma, mobil telefonuma müraciətlər etməkdə davam edirlər. Müraciətlərin əksəriyyəti bir məsələ ilə - altıncı sinfin "Ədəbiyyat" dərsliyinin dövlət standartlarının tələbələrinə uyğun gəlməməsi ilə bağlıdır. Müəllimlər məndən soruşurlar ki, standartlara cavab verməyən belə bir "dərslik" necə oldu ki, işıq üzü gördü? Nə üçün Siz mütəxəssis ola-ola bu günə qədər məsələyə öz münasibətinizi bildirməmisiniz? Nə səbəbə görə standartların tələbindən kənar olan və əcaib bir "texnologiyaya" əsaslanan belə bir vəsait Sizin diqqətinizdən kənarda qalmışdır? Mən məcbur olaraq hörmətli müəllimlərimizəbəzi məlumatları çatdırmaq istəyirəm.
- Dərsliklərin ekspertizası işinə qatılmışdım. Hazırda istifadədə olan 6-cı sinilər üçün "Ədəbiyyat" dərsliyinin ilkin nüsxəsi ilə tanış olandan sonra məndə belə bir qənaət yarandı ki, istənilən bir orta təhsilli şəxs on-on beş əsəri kserosurət edib, quyruğuna da Təhsil Nazirliyinin dəstəklədiyi və "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında əksini tapan fəal(interaktiv) təlim əvəzinə yenilik xatirinə yanlış bir "metodik texnologiyanı" qoşmaqla "dərslik" müəllifi ola bilər.
-İkinci qənaətim belə oldu ki, dövlətin təhsil standartlarından yan keçməklə, üstündən adlamaqla, ona qətiyyən nəzər salmamaqla, etina etməməklə, ona ikrah hissi ilə yanaşmağı nümayiş etdirməklə "dərslik" adlı nəyi isə ortaya qoymaq, onu 100 minlərə "sırımaq" olar.
- Üçüncü qənaətim bu oldu ki, Təhsil Nazirliyi aparatının mütəxəssisi olmağın bəs edər ki, tutduğun mövqedən sui-istifadə etməklə bu nazirliyin əsasnaməsində nəzərdə tutulmayan işlə -ən məsuliyyətli bir işlə, dərslik yazmaq işinə də qarışmaq, qoşulmaq olar. Xüsusən də, ağına-bozuna baxmadan, hər nə gəldi bu "vəsaitə" daxil et. Vəzifə tutmağın, nazirlik aparatında adının olmağı, bu, bəs edər. Yəni "toxunulmazlıq" statusun bəs edər ki, hamının gözünü kor, qulağını kar, ağlını, dərrakəsini də küt hesab edəsən.
- Dördüncü qənaətim bu oldu ki, dərslik müəllifinin məhz Təhsil Nazirliyi aparatında işləməsinə görə, yalnız bu fakta görə, Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov ona ünvanladığım 6 müraciətimdən birinə cavab verməyi məqsədəuyğun hesab etmədi. Əgər "dərsliyin" müəllifi başqa yerdə çalışan müəlliflərdən biri olsa idi, mən əmin oldum ki, onda təzə nazirimizin yaratmış olduğu "daxili nəzarət" adlı qurumu dərhal işə düşər və müraciətlərimə qanunda nəzərdə tutulan müddətdə cavab verərdi.
-Beşinci qənaətim bu oldu ki, dərslik müəllifi Təhsil Nazirliyinin hər hansı bir əməkdaşı olarsa, onun barəsində göndərilən istənilən müraciətə(şikayətə, ərizəyə, ekspert rəyinə və s.) hüququ çərçivədə baxmaq olmazmış. Baxmayaraq ki, ulu öndərimiz Heydər Əliyev cənablarının mübarək imzası ilə 1997-ci ildə təsdiq olunan "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu"nda (maddə 5, 7 və 10-da) bu barədə elə bir işarə, eyham, xüsusi hal qeyd olunmamışdır.
-Altıncı qənaətim bu oldu ki, əgər Təhsil Nazirliyində çalışan əməkdaşın biri desə ki, məsələn, "xoruz yumurtalayır" qətiyyən şübhə etmədən bu fikrə inan və ona etiqad et. Necə ki, 6-cı sinifdə "Ədəbiyyat" adlı bir "vəsaitə" "dərslik" statusu verilib, bu fikrə də o cür yanaş.
- Yeddinci qənaətim o oldu ki, Təhsil Nazirliyinin ədəbiyyat fənni üzrə bəzi ekspertləri dərslik müəllifinin nazirliyin işçisi olduğunu yaxşı bildiyindən ümumdövlət mənafeyini, dövlətin strateji marağını kənara qoyaraq heç kimdən qorxmadan, heç kimdən çəkinmədən günün günorta çağında, hamının gözünün önündə qatığa qara deyirlər, sən də durub bütün vücudunla onun əksini isbat etməyə çalışırsan və isbat edə bilmirsən. Yəni sənin yazdığını oxuyan, dediyini isə dinləmək istəyən olmayacaq.
- Səkkizinci qənaətim bu oldu ki, Milli Məclisin deputatları(hansılara ki kömək üçün müraciət etmişdim), Prezident Administrasiyası, korrupsiyaya qarşı mübarizə komissiyası, Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi, Milli Təhlükəsizlik Nazirliyi adı çəkilən dərsliyin dövlət standartlarına cavab verməməsinə dair müraciətimi nə oxudu, nə də bu müraciətdən iki-üç ay keçməsinə baxmayaraq ona cavab verdi.
İndi əziz müəllimlərimiz, deyin görüm, mən həmin bədnam "vəsaitə" bu müddət ərzində münasibət bildirməmişəm? Mən əlimdən gələni etdim ki, dövlət standartlarının tələblərindən, milli-mənəvi dəyərlərimizdən, azərbaycançılıq, dövlətçilik ideyalarından tamamən uzaq olan bir "vəsait"in dərslik statusuna layiq olmadığı halda çapına mane olum, amma bunu bacara bilmədim. Bir məsələnin ki öhdəsindən adları çəkilən rəsmi dövlət təşkilatlarının biri gələ bilmədilərsə, mən sıravi bir müəllim kimi bunu necə edə bilərdim?
Amma günü bu gün də inanıram ki, cənab prezidentimiz İlham Əliyev bu işin məzmunu - mənim müraciətimin məzmunu ilə yaxından tanış olsa, səlahiyyətindən sui-istifadə edənləri öz yerlərində oturdacaq. Mən Sizin qəzetiniz vasitəsi ilə prezidentimizə müraciət edirəm. Ondan xahiş edirəm ki, mənim müraciətimin mətni ilə yaxından tanış olsun və lazımi təbdirlər gördürsün. Çünki dövlətin strateji maraq dairəsində olan dərslikləri naşı əllərə tapşırmaq olmaz."
V.Nəsibov


Şərhlər