Menu

“Onun yalançılığı milli təhlükəsizlik probleminə çevrilib” – Ter-Petrosiyanın partiyası

20.04.2021, 13:42
“Onun yalançılığı milli təhlükəsizlik probleminə çevrilib” – Ter-Petrosiyanın partiyası

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 14-də parlamentdə etdiyi çıxış ətrafında ehtiraslar səngimək bilmir.

Xatırladaq ki, həmin çıxışda Paşinyan iddia etmişdi ki, 2018-ci ilin iyulunda yer almış görüş zamanı Ter-Petrosyan ona “sən artıq torpaqları qaytarmalısan” məsləhətini verib.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, sabiq prezidentdən Paşinyanın bu açıqlamasına sərt reaksiya gəlib.

Levon Ter-Petrosyanın Erməni Milli Konqresi (EMK) partiyasının sədr müavini Levon Zurabyan Baş naziri yalan danışmaqda ittiham edib. O bildirib ki, Baş nazirin yalan danışmaq xasiyyəti artıq milli təhlükəsizlik məsələsinə çevrilib.

Zurabyan Paşinyanı dediklərini sübut etməyə çağırıb. Zurabyan israrla bildirib ki, Paşinyan və Ter-Petrosyan arasında belə bir söhbət olmayıb. Sitat: “Ter-Petrosyanın Qarabağ məsələsində mövqeyinə gəlincə, bu mövqe xalqa 1990-cı illərdən məlumdur. Bu mövqe heç vaxt dəyişməyib. 1997-ci ildə Ter-Petrosyan özünün məlum planını təklif etmişdi. Dəqiq desək, o özünün məlum qəzet məqaləsində Qarabağ probleminin necə həll olunmasına dair öz təsəvvürünü açıqlamışdı və qeyd etmişdi ki, bu qərar indi, bizim güclü mövqedən çıxış etdiyimiz vaxt qəbul edilməlidir. O yazırdı ki, biz bunu etməsək, illər sonra, gələcəkdə Azərbaycan Ermənistandan dəfələrlə güclü olacaq. Ter-Petrosyan yazırdı ki, bu gün bizim əldə edə biləcəyimizi, gələcəkdə xahiş edəcəyik, amma ala bilməyəcəyik.”

Levon Zurabyan əlavə edib ki, birinci prezident bu mövqeyini 2017-ci ilin parlament seçkisi zamanı da açıqlamışdı: “Onda biz sadəcə olaraq xəbərdarlıq edirdik. Ter-Petrosyan da bütün erməni xalqına xəbərdarlıq edirdi: İndi elə situasiya yaranıb ki, biz sülhə getməsək, bizi bütün ağır nəticələri ilə fəlakətli müharibə gözləyir”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol