GÜLƏ-GÜLƏ HƏBSXANAYA GEDƏN CİNAYƏTKARLAR - Məmur həbslərinə sevinməliyikmi?...

İstintaq təcridxanalarından, cəzaçəkmə müəssisələrindən gələn xəbərlərdə korrupsiya cinayətlərinə görə həbs olunan məmurların lüks həyat tərzindən bəhs olunur.

Bu, yenilik deyil, Penitensiar Xidmət təkzib etməsinə rəğmən, eks-məmurun həbs həyatı adi məhbusunkundan çox fərqlənir. İcra başçıları, nazirlər, onların əl buyruqçuları vəzifədən istifadə edib topladıqları sərvətin bir hissəsini həbsxanada geninə-boluna xərcləyirlər. Həbsxana administrasiyaları bunun üçün hər cür şərait yaradıblar. Korrupsionerlər təmirli, mebellə, məişət avadanlıqları ilə, televizor, internet, telefonla təchiz edilmiş otaqlarda istirahət edib, azadlıqdakı bizneslərini, mülklərini idarə edirlər.

Beləliklə, məlum olur ki, məmurun həbs olunmasına, hətta iş otağından başına torba salınıb aparılmasına sevinməyə o qədər də dəyməz. Çünki bu zaman onlar üçün bizim təsəvvür etdiyimizdən çox az şey dəyişir. Əlbəttə, ağılasığmaz üsullarla dövlət əmlakını talayan, yetimin boğazından son tikəsini dartıb çıxaran bu cinayətkarların cəmiyyət qarşısında rüsvay olması nə onların, nə də yaxınlarının tükünü belə tərpətmir. Onlar vəzifəyə təyin olunandan belə perspektivə özlərini tam hazırlayırlar. Bu qədər qazancın, imtiyazların, hakimiyyətin, əlbəttə ki, bir bədəli var, 3-5 il həbs həyatı yaşamaq, topladığının bir hissəsini vermək nə böyük məsələdir?...

Bakıda bələdiyyələrin birinin sədri olmuş, sonradan yolu həbsxanadan keçən məhkum həbsdəki juranlistlərdən birinə belə etirafda bulunmuşdu: "Beş il vəzifədə oldum, 10 milyon dollar pul qazandım. Həbs olunarkən, istintaqda, məhkəmlərdə təxminən 1 milyon xərcim çıxdı, az cəza aldım. Burada olduğum müddətdə də qoy 1 milyon xərcləyim, üçdə birlə çıxacağam. Deyirlər nə qazanıbsan, ver, azadlığa buraxaq. 8 milyon pulum, əmlakım var, azadlıqda hansı kişi 3-5 ilə 8 milyon qazana bilər? Oturmuşam burada, hər şey mənim üçün rahatdır, heç nə vecimə deyil..."

Bu etiraf cinayətkar məmurların ortaq dünyagörüşünü, psixologiyasını əks etdirir. Onlar vəzifəyə riskli, amma yaxşı gəlir mənbəyi olan kriminal iş kimi baxırlar. Nə qədər fürsətdir, çapıb-talayıb sərvət toplayırlar, ilişində bir hissəsini xərcləyib qısa müddətli həbslə canlarını qurtarıb yenidən cah-cəlallı həyatlarına davam edirlər. Həbs edilən məmuların davranışlarına baxsaq, maraqlı bir tendensiya diqqəti cəlb edir:

- Məmur həbs edilirsə, qərardan nadir hallarda apellyasiya şikayəti verir; 

- Adətən tanınmış vəkilləri müdafiəsinə cəlb etmir, cəlb etsə belə, onlara qadağalar qoyur;

- Məhkəmədən yalnız həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini xahiş edir; 

- Həbsdə olduğu müddətdə media ilə hər hansı təmas qurmur; 

- Onlar barəsində nadir hallarda ağır cəzalar verilir, əsasən qanunvericilikdə nəzərdə tutulan cəzanın aşağı hissəsi təyin olunur; 

- Həbs müddətini sona qədər çəkmir, ya əfvlə, ya da cəzasının üçdə birini çəkdikdən sonra daxili məhkəmə ilə azadlığa çıxır; 

- Həbsdən çıxdıqdan sonra əksər sabiq məmurlar ölkədən köçür və s.

2015-ci ildə ləğv edilmiş MTN-nin az qala bütün rəhbər heyəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əksər vəzifəli şəxsləri həbs edilmişdi. Hazırda onlardan cəmi bir neçəsi həbsdədir. Əksəriyyəti məhkəmə qərarı ilə dövlətə vurduqları ziyanı ödədikdən və qısa müddətli həbs həyatından sonra yuxarıda qeyd olunan üsullardan biri vasitəsi ilə azadlığa buraxılıblar.

2019-cu ildən bu günə qədər 7 icra başçısı, bir keçmiş nazir, XİN və Mədəniyyət Nazirliyinin yüksək vəzifəliləri, ASC rəhbərləri və kiçik vəzifə tutan xeyli sayda məmur həbs olunub. Bu günə olan nəticə ondan ibarətdir ki, XİN-in idarə rəisləri haqqında həbs-qətimkan tədbirləri ev dustaqlığına dəyişdirilib. Yalnız Rumınıyadakı keçmiş səfir Eldar Həsənov həbsdədir, iki gün əvvəl onun barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Qalan məmurların heç biri barələrində verilmiş qərarlardan apellyasiya şikayəti verməyib. Hakim qarşısına çıxarılan icra başçılarının məhkəmə prosesindən informasiya almaq mümkün deyil. Çünki nə vəkilləri mediaya məlumat vermir, nə də jurnalistlərin bu məhkəmələrdə iştirakına şərait yaradılır.

Bu məmurların əsas qayğısı hansı cəzaçəkmə müəssisəsinə düşmək, orada özünə necə şərait yaratmaq barədədir. Qohum-əqrəba bu işləri yoluna qoymaq üçün səfərbər edilir. Həbsxanalarda da onların yolunu böyük sevinclə gözləyirlər. Çünki penitensiar sistemin nəzarətçi heyəti üçün belə məhkumlar yağlı tikə sayılır. Gələcəklər, xərcləyəcəklər, onlar da qazanacaqlar.

Beləliklə, sual yaranır: müxtəlif vasitələrlə dövlət hakimiyyətinə daraşmış talançı, cinayətkar məmurların həbsindən kim qazanır? Onların həbsxanaya atılması dövlətin, cəmiyyətin hansı maraqlarını təmin edir? 

Tendensiya göstərir ki, məmur həbsləri ölkədə korrupsiya və rüşvətin azalmasına gətirib çıxarmayıb. Əksinə, yeni gələnlər də bir müddət sonra öz yaxın çevrəsini gəlirli postlara yerləşdirib, sələflərinin yolunu davam etdirirlər.

Bəs bu mənfi tendensiyanın qarşısını almaq cəhdləri varmı? Hələ ki, belə cəhdlər yoxdur, nə cəzalar ağırlaşdırılıb, nə onların cinayətlərini yüngülləşdirən istintaq və məhkəmə sistemində, nə də onları yağ içində böyrək kimi saxlayan penitensiar sistemdə dəyişiklik var. Bütün pillələrdə korrupsioner məmur özünü suda balıq kimi hiss edir.

Necə deyərlər, pulun açmadığı qapı yoxdur, pul da onlarda, nə qədər istəsən...

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

X 2021-05-05 19:13:34

Son qepiyine qeder alinsa mehkemeler pul almasa qorxarlar

Amon 2021-05-04 22:16:04

Kimi tutursunuz tutun amma gomruk sisteminde monopoliya rusvet yigisdirilmasa xeyri yoxdu

Veteran 2021-05-04 22:10:04

Nə olsun ki tutulublar .Əksəriyyəti 3-4 aydan sonra buraxılırlar. Birdə onları ayrıca kameraya yox bu bədbəxt millət yatan ümümi kameraya salmaq lazımdırki tıxadıqları bu runlarıdan gəlsin bu yırtıcıların.

Niyaməddin 2021-05-04 19:42:24

Axirət məhkəməsindən sonra lüks həbsxanalar olmayacaq, orda rüşvət də keçərli deyil. Gözümüzdən, burnunuzdan bir-bir gələcək kasıbların haqqını yeyərək, onları xəstələndirərək, öldürərək yığıb yedikləriniz.

Xalq 2021-05-04 19:20:23

Düppədüz.

Mubariz 2021-05-04 18:31:48

Biz sevinirik həbs edildilər ,Onlar sevinirlər ki rahat bir-iki il yatacaqlar ,sonra da müşavirdən zaddan olub keflərini çəkəcəklər

Sebeb ve netiuce ............. 2021-05-04 18:26:50

SADELOVH OLMAYAN INSAN ANLAYIR ki , DAXILI DUSHMENLER TEREFINDEN , Azerbaycanda TETBIQ ETDIKLERI KORRUPSIYA - RUSHVET SISTEMI , Azerbaycan XALQINA QARSHI TESHKIL OLUNMUSH , KUTLEVI MUBARIZE METODUDUR , bu sebebden , kasib ehali , acinacaqli maddi veziyyetde yashayir.

esger 2021-05-04 17:27:17

Bunları və onların yıgdıqları milyonları Qarabağa azad edilmiş əraziləri bərpa sı üçün istifadə etmək düzgün olardı.Hamsını bir torbaya, getsinlər vətənə öz sevgisini orada subut etsuinlər.dı

Son yazılar